Prof. dr. Minaxanım Nuriyeva Təkləli
Familiya latın sözü olub ailə, nəsil, soy deməkdir. Deməli, familiya-soyad bütöv bir nəslin adını, tarixini hifz edib saxlamaq kimi mühüm bir vəzifə daşımaqdadır. Soyadımızın bu mühüm özəlliyini uzun illər unutduğumuzdan indi respublikamızın tam müstəqilliyi dövründə, xüsusən hər birimizin mükəmməl şəxsiyyət vəsiqəsinə malik olduğumuz şəraitində bu məsələ ilə ciddi məşğul olmağa dəyər. Soyadı qədim mədəni xalqlar işlətmişlər. O şəxsin ailə məskənlərini, doğulduğu yeri, malikanəni, nəsillərin adını bildirirdi və onu daşıyanlar öz soyadlarına məsuliyyətlə, böyük sayğı ilə yanaşar, öz soyadlarının tarixi ilə öyünərdülər.
Ölkəmizdə də familiyanın nisbətən gec işlədilməsinə baxmayaraq, qədim dövrlərdən başlayaraq bizdə tanınmış kübar təbəqənin soyadları olmuş, bunlar onun hansı elə, nəslə- tirəyə, ocağa mənsub olduğunu bildirmişdir. Məsələn, tarix səhifələrində tez-tez rastladığımız Yusif Balasakanlı, Oruc bəy Bayat, Təkəli Üləma paşa, Abdulla bəy Ustaclı, İbrahim xan Cavanşir, Mustafa xan Dəvəli, Bəhruz Kəngərli və s. kimi soyadı daşıyan şəxsiyyətlər zadəgan silkinə mənsub idi. Soyadlarımızın tarixində mühüm hadisələrdən biri də ondan ibarətdir ki, Şimali Azərbaycan Rusiyanın idarəsinə keçdikdən sonra russayağı familiyadan istifadə edilməyə başlanmış, yəni ölkədə dəftərxana və bu kimi inzibati, hüquqi işlər rusca aparıldığından rus qulluğuna keçənlərin soyadları da rus dili formantları ilə yaradılaraq işlədilmişdir. Məsələn, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Kərim bəy Mehmandarov, Əli ağa Şıxlinski… Amma qeyd edək ki, hələ bu zaman familiyadan istifadə kütləvi şəkil almamış, yalnız rəsmi dairələrdə çalışanları əhatə edə bilmişdir. Elə Qasım bəy Zakirin satiralarında da Rus dövlət xidməti işinə keçmək üçün özünü bəy-xan ailəsindən sayıb yeni soyadlarlar götürən şəxslərə dair işarələr var idi:
O şəxslər ki, tanımazdıq övladın,
İndi famil ilə çağırdır adın
Azərbaycan ədəbi dilində familiya yaratma imkanları içərisində bu üsul son yüzilliklərdə üstünlük təşkil etmiş, xüsusən Sovet quruluşunun ilk çağlarından başlayaraq azərbaycanlıların familiyası, ucdantutma baba adlarına -ov/yev formantı qoşulmaqla demək olar ki, kütləvi şəkildə müəyyənləşmişdir. Bundan başqa yenə həmin mənbədən olub mənsubiyyət bildirən -ski (-skaya) şəkilçisindən istifadə etməklə zahirən təmtəraqlı, gurultulu soyadlara ifrat aludəlik kimi hallar qabaqcıl marifçilərimizin , familiya düzəltmə faktlarına – xüsusən ziyalılar arasında çox rast gəlmək mümkün id: Həbib Köçərlinski, Mir Seyfəddin Kirmanşaxski, Seyfəddin Şilyanski, Mehdi bəy Cuvarlinski, Ç. Darablinsi, Kəngərlinski və s. hallar qabaqcıl maarifçilərimizin o cümlədən Mirzə Cəlilin kəskin istehzasına səbəb olurdu. 1911-ci ildə “Teatr” felyetonunda o yazırdı … aprelin 25-də Bakıda Mayılovun teatrında müsəlman cavanları opera oynayırdılar. “Kaspi” qəzeti yazır ki, müsəlman artistlərinin içində biri Qəmərlinski cənabları idi, biri Ağdamski cənabları idi, biri də Sarabski cənabları idi. Amma qalan oyunçular müsəlman idilər. Yenə bir qədər sonra, lakin daha kəskin şəkildə “Ad” felyetonunda Mirzə Cəlilin yazırdı: Görürsən? Bakı artistlərini. Biri adını qoyur Çaraparski, Həsən özünə deyir Qaraxarski, Hüseyn yazır Maranarski, Əli adını qoyur Kirmanşaxski…
Mirzə Cəlil burada familiyanın tərkibindəki sözlərdə olan zahiri meşşanlıq, quru, bomboş ekzotikliyi bu sözlərin daxilindəki cəfəngiyatla birləşdirir. Həm də bu şəxslərin adının Həsən, Hüseyn, Əli olduğunu deməklə bu cür ziyalıların əslində Aərbaycanlı olduqlarını, soyadlarının isə ətrafdakıları çaş-baş qoyub beləliklə, nəticədə onların milliyyətlərinin də naməlum olduğunu nəzərdə tuturdu. Odur ki, o öz yazılarında böyük sənətkar Hüseynqulu Sabskiyə hörmət məqsədilə onun soyadını Sarabski deyil, Sarablı yazırdı. Əsrin əvvəllərində xüsusilə çoxalan bu yad, uzaq soyadlarının doğurduğu əcaibliklər Əbdürrəhim bəy Haqverdiyevin də gözündən yayınmamışdı. Yazıçının boş, məzmunsuz hesab etdiyi Findirisgi və Suraxanski soyadları işləndiyi mətndə maraqlı situasiyalar yaratmış və bununla Haqverdiyevin belə dayaz və glünc pafoslu əllaməliklərə kəskin etirazını bildirmişdi: Axund əlavə edirdi ki, bunu özündən demir. Bu fəqərəni Mir Damadın “Məcməül Kəramət”ində və həkim Findiriskinin “Kitabi – sirrül-xəfiyyət”ndə görüb. (“Haqq Mövcud”); Qapı açıld, arvad rolları ifa edən Suraxanski daxil oldu(“Tənqid hekayəsi”) Yeni soyadların yaradılmasında, dəqiq desək, bərpasında iki cəhətə fikir vermək lazımdır. Birinci, onun düzəltmə vasitələri haqqında. Qeyd edək ki, Azərbaycanda kütləvi olaraq -ov, -yev şəkilçilərinin iştirakı ilə yaranan soyadları ana dilimizə məxsus şəkilçilərlə əvəz edərkən bir neçə variantla qarşılaşırıq. Ölkəmizin əhalisi arasında əvvəllər az-az təsadüf edilən oğlu (qızı) sözlərinin köməyi ilə əmələ gələn familiyaları indi çoxalmaqdadır. Əslində oğlu sözü nəsil adına artırıldıqda öz funksiyasını yerinə yetirsə də, onun qızı variantının istifadəsi məqsədə uyğun görünmür. Deməli, evin-ailənin kişi qismi, tutaq ki, Səmədoğlu, qadın qismi isə Səmədqızı familiyasını daşıyacaqdır. Bunu heç vəchlə soyad olaraq qəbul etmək düz deyil. Belə olduğu təqdirdə yanız oğlu sözündən istifadə edilə bilər. Çünki oğlu kəlməsi övlad mənasında olduğundan ailənin bütün üzvləri oğlu sözündən istifadə etməlidir. Məsələn Həsənoğlu, Sabitoğlu… Bunlarla yanaşı o da qeyd olunmalıdır ki, Azərbaycan türkcəsində qrammatik cins kateqoriyasının olmadığı şəraitdə və ata adı ilə familiyaların birlikdə işlənə bilməməsi səbəbi ilə də oğlu, qızı variantı yararlı hesab olunmur. Eləcə də -zadə şəkilçisi ilə düzələn familiyalar (bəzi mülahizələrə görə (bir çox sözlərə uyarlılığı, bəzi ailələrin çoxunun belə familiyanın daşınması) saxlamaq mümkündür, lakin onları məhsuldar şəkildə işlədib yeni-yeni soyadları düzəltməyə lüzum yoxdur. Hər halda soyadlarının istifadəsində vahidlik olmalıdır. Dilimizin öz daxili imkanları əsasında formalaşan soyadları ən çox -lı, -li, -lu, lü şəkilçilərinin şəxs və ya nəsil adına bitişdirilməsi yolu ilə yaradılır. Məsələn, Hüseynli, Balabəyli, Qoşqarlı, Şirvanlı, Qaraşarlı, Saraclı və s.
Müasir dövrümüzdə bu üsulla yaradılan soyadları get-gedə artmaqdadır. Belə soyadları ahəngdarlıq, aydınlıq, xüsusən millilik keyfiyyətləri ilə qiymətlidir. Çoxları soyadlarımızda aparmaq istədiyimiz bərpa işləri təklifini bəlkə də elə bu şəkildə – ana dilimizə xas vasitələrin -ov, -yev formantlarının yalnız əvəz etməkdə görürlər. Amma soyadlarımızda yalnız şəkilçi dəyişilməsi – Sadıqov – Sadıqlı, Nəsibov-Nəsibli şəkillərdə dəyişilməsi nəzərdə tutulan işin yalnız bir cəhəti, həm də onun təkcə zahiri cəhətidir. Fikrimizcə, soyadlarına yenidən baxıldıqda məsələnin digər cəhəti – onun mahiyyəti ilə bağlı olan şərt, deyərdim ki, əsas cəhəti olduğu da gərək nəzərə alına. Soyadı şəxsin hansı nəsilə, ailəyə, tirəyə mənsub olduğunu göstərməlidir. Tutaq ki, Məmmədov, Qasımov, Səmədov, Səlimov ucdantutma oldular Məmmədli, Qasımlı, Səmədli, Səlimzadə. Bəs onda əsil nəsil adımız olan Qaraman, Bayat, Padar, Zülqədərli, Kosalı, Təkləli, İmirli, Qacar, Ulaşlı, Ayrım, Baharlı kimi yüzlərlə, minlərlə hər birimizin mənsub olduğumuz belə qədim, tarixi soyadları kim daşıyacaq? Axı soyad da bizim milli mənsubiyyətimizin göstəricisi, əsas atributlarından biri olaraq qiymətli dəyərimizdir. Yeri gəldi, deyək, ermənilər bizim qədim, məzmunlu soyadlarımıza sahib çıxıb, ondan istifadə etməklə özünün “qədimilik” epitetini də möhkəmlətmirdimi? Bizə də bu gün şəxsin soyadında hifz olunacaq soyun, uruğun, ulularının adlarındakı soykökü, ləqəbvari xüsusiyyətlər, onların məşğuliyyəti, peşəsi ilə bağlı keyfiyyətlərin əks olduğu soyadların da yada salınıb işlədilməsi çox lazımdır… Axı tarixin hər hansı bir gərdişində, adi büdrəmələrində bir sıra dəyərlərimizi çox da qoruya bilmədiksə – artıq dilimiz, soykökümüz, soyadımız barəsində ciddi düçünmək vaxtı gəlib çatmışdır.
Prof. dr. Minaxanım Nuriyeva Təkləli
Azərbaycan Dövlət Pedaqoji Universiteti