Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Rusiya müdafiə naziri Sergey Şoyqu ilə iki dövlətin strateji və taktiki qarşılıqlı fəaliyyətinin daha da inkişaf etdirilməsini müzakirə edib.
“Qafqazinfo” “Koreyanın Səsi” radiostansiyasına istinadən xəbər verir ki, görüş Pxenyanda baş tutub.
Məlumata görə, söhbət zamanı iki ölkənin dövlət müdafiəsi və təhlükəsizliyi sahəsində strateji, taktiki qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının gələcək inkişafı ilə bağlı bir sıra məsələlər əsaslı müzakirə edilib.
KXDR liderinin S. Şoyqunun başçılıq etdiyi Rusiya hərbi nümayəndə heyətinin şərəfinə təntənəli ziyafət təşkil etdiyi də bildirilir.
Qəbuldan əvvəl Şoyqu Rusiya Prezidenti Vladimir Putinin hədiyyəsini Kim Çen Ina çatdırıb. Kim Çen In hədiyyəyə görə minnətdarlığını bildirib.
Kim Çen In və S. Şoyqu, həmçinin Pxenyanda hərbi texnika sərgisi ilə tanış olublar. Kim Çen In Rusiya müdafiə nazirinə KXDR-in ən yeni silahlarını nümayiş etdirib. Təqdim olunan silahlar arasında “Hvason” qitələrarası ballistik raket (ICBM) var. Sərgidə yeni dizaynlı iki pilotsuz təyyarə də nümayiş etdirilib.
Onlar, həmçinin qitələrarası ballistik raketlərin nümayiş olunduğu hərbi paradda iştirak ediblər.
Qeyd edək ki, S. Şoyqunun səfəri Koreya müharibəsinin bitməsinin 70-ci ildönümünə təsadüf edib.