Jurnalistika fəaliyyəti ilə bağlı döyüldüyünü iddia edən gəncin yalanı üzə çıxıb.
Mmüstəqil.Az bildirir ki, Minval.info xəbərinə görə “Kanal 13” internet telekanalının əməkdaşı Nurlan Qəhrəmanlı özünün “Facebook” hesabında paylaşdığı foto ilə gündəmə çevrilib. Belə ki, gənc iddia edib ki, onu qiyabi tanıdığı şəxs ara küçələrdən birinə çağırıb və döyüb. N.Qəhrəmanlı başına gələnləri jurnalistika fəaliyyəti ilə bağlı olduğunu və hətta sifarişçinin kimliyini bildiyini də bildirib:
“Bakı metrosunun “28 May” stansiyası ətrafında olarkən qiyabi tanıdığım biri məni ara küçələrin birinə çağırıb, üstümə hücum çəkdi. Məni döydü, təhqir etdi. Telefonumu yerə çırpdı.
Düşünürəm ki, mənə qarşı olan hücum jurnalistika fəaliyyətimlə bağlıdır. Sifarişçinin kim olduğunu bilmirəm. Hazırda 22-ci polis bölməsindəyəm. Ekspertizaya getməyi tələb edirəm. Əgər polis işimlə maraqlanmasa siyasi sifariş hesab edəcəyəm”.
Bu paylaşımdan sonra “Facebook” sosial şəbəkəsində Nurlana dəstək paylaşımları başlayıb. Bəzi partiya fəalları gəncə qarşı sifarişli hücum olduğunu, bunu da hökumətin etdiyini iddia ediblər. Amma çox keçmədən yalanın üstü açılıb.
Belə ki, jurnalist Məhəmməd Türkmən hadisənin əslində necə baş verdiyini özünün “Facebook” hesabında yazıb. Bununla da yalançı jurnalistin həqiqəti əks etdirməyən paylaşımı onun öz əleyhinə çevrilib:
“Nurlan Libre adlı “facebook” jurnalisti yazıb ki, guya bunu kimsə sifarişlə döyüb. Üstəlik jurnalistika fəaliyyətinə görə. Bunun dalaşdığı adam dostumuzdur. Hamı tanıyır, telefon ustasıdır. Ustanın yanına telefonunu təmirə gətirən qıza Nurlan usta haqqında söyüş dolu səs göndərib. Qız da səsdə nə olduğunu bilməyib, açıb və usta bunu eşidib. Nurlanı usta yanına çağırıb, haqqında niyə qıza “Moşennikdir”, “Səni aldadacaq” kimi sözlər dediyini, söyüşü niyə söydüyünü soruşub. Bunlar parkda danışıblar, sözləri çəp gəlib, dartışıblar. İndi Nurlan hay salıb ki, bunu jurnalistika fəaliyyətinə görə döyüblər. Bəzi saytlar da, dostlarımız da buna inanıb, eləcə paylaşımlar edirlər. Bunu da kimisə müdafiə etmək üçün yox, həqiqəti bildirmək üçün yazıram”.
İnformasiyanın geniş yayılmasının və həqiqətin ortaya çıxmasının səbəblərindən biri də Nurlan Qəhrəmanlının dalaşdığı Aqşin Abdullanın ictimaiyyət arasında geniş tanınmasıdır. Məsələ ilə bağlı “Minval.info” saytına danışan telefon ustası Aqşin Abdulla bildidirib ki, hər şey Nurlanın söyüşünə görə baş verib: “Bir xanım işlədiyim dükana telefon düzəltdirmək üçün müraciət etmişdi. Bu vaxt Nurlan Qəhrəmanlı xanıma səs göndərdi və yanıma telefon gətirdiyi üçün onu danladı. Qız bilmirdi ki, o səsdə mənim haqqımda elə söz deyə bilər. Nurlan səs yazısında deyir ki, “Ora niyə getdin, o “maşennikdir”. Hələ təhqir də etdi. Mən də kənardan bu söhbəti eşitdim. Telefonu alıb məni niyə söydüyünü soruşdum. Dedim gəl, müzakirə edək görək niyə haqqımda belə danışırsan.
Nurlan işlədiyim dükana gəldi, nə üçün mənim haqqımda o sözləri dediyini soruşdum. Mənə cavabı isə, “Özüm bilərəm, əcəb eləmişəm. Sən kimsən mənim başqasına dediklərimi dinləyirsən” deyib hay-küy saldı. Mən də ona etiraz edib kimisə söymək nə vaxtdan şəxsi məsələ olduğunu sübut etməsini tələb etdim. Ona səhv hərəkət etdiyini başa salıb sadəcə itələdim. O, bundan sonra hay-küy saldığı üçün biz tutaşdıq.
Onu ayağa qaldırdım, şəxsən özüm polis bölməsinə apardım. Çünki polisə zəng edib, “Məni döyüblər, paltarımı cırıblar dedi”. Mən də özüm onunla birlikdə getdim ki, məni bir az da şərləməsin. Burda nə siyasi sifariş var, nə də mənim günahım. Heç kim istəməz ona qarşı söyüş söyülsün. Söyüb, dalaşmışıq, bir-birimizdən yapışıb dartışmışıq. Qanun nə tələb edirsə elə də qərar çıxarılacaq. “Facebook”da haqqımda yalan paylaşım, hətta məni az qala sifarişçi qatil elan edib”.
Qeyd edək ki, hazırda hər iki gənc 22-ci polis bölməsində izahat verirlər. Söyüş üstündə həmyaşıdı ilə dalaşıb, bunu hakimiyyətin üzərinə atan jurnalistin bundan sonra yayacağı informasiyalar ciddi şübhə doğurur.
Minval.info