Yaradılış insan talelərinin çeşidi ilə səciyəvidir. Ömür xalısında min bir rəngin bərq vurduğu çeşnilərdə təkrarçılıq görməzsən. Uca yaradanın bəxş etdiyi tale payı, alın yazısı bənzərsizdir. Hər bir insan öz qismətini yaşayır, üzərinə düşən missiyanı gerçəkləşdirir.
Amma təbii ki, heç kim Çexovun söylədiyi kimi “insan gündəlik arxayın güzəranı içində baş verən gözə çarpmayan faciələrdən”sığortalanmayıb. Əsas odur ki,qarşısına çıxan əngəllər aşırımında karıxıb qalmayasan. Mətanətlə, səbrlə hətta inadla problemlərin həlli yollarını arayıb tapasan.
Hacı Azadə Taleh insanlara şəfa vermək istəyi ilə həkimlik peşəsini seçib. Amma içində ki, can yanğısı,vətənpərvərlik, milli təəssübkeşlik bir də ilahi vergi olan şairlik onu daha böyük ictimai işlər üçün qol çımrayıb fədakarlıq göstərməyə sövq edib. İnsanları fiziki ağrılardan qurtarmaqla kifayətlənməyib,onların mənəvi-ruhi halına sığal çəkib,mariflənməsinə ,inkişafına yönəlik sferada da fəaliyyətini qurmağa çalışıb.
Hacı xanım Azadə söz adamıdır. Əslində söz də şəfqət verən, səfa diləyəndi. Düşüncələrini, arzu və ümidlərini misralarla pıçıldayır, dərdini poeziya ilə bölüşür. Haqqın təntənəsindən toxtaqlıq tapır. Yurd sevgisinə bələnmiş şeirləri ilə şəfəq saçır. Həqiqqət təşnəsi yalnız kitabının adında əks olunmayıb. Onun bütün ictimai-siyasi fəaliyyətində həqiqət dominantdır. Müqəddəs Vətən müharibəsinə həsr etdiyi “ Bizi döyüşə səsləyir Allah” layihəsi ilə vətən sevgisinin, ana torpağa bağlılığının, qələbə sevincinin yaşantısını bəllədi.
Onun qismətinə Xocalı faciəsi ilə eyni gündə doğulmaq düşdüyündən illərdi ad gününü qeyd etmir. Amma nə xoş ki, milli mücadilə tariximizdə belə ağrılı-acılı günləri qələbə soraqlı təqvimlər əvəzləyir. Şəhidlərimizin, torpağı qanı ilə suvaranların, min bir işgəncə ilə qətlə yetirilənlərin qisası alındı. Müzəffər Ali Baş Komandan qüdrətli Azərbaycan Ordusu gücünü bütün dünyaya isbatladı.
İgidlərimizin qəzası mübarək!
Qələbəmiz mübarək!
Ad gününüz mübarək, Azadə xanım!
Dost təbriki ilə hörmətlə: Üzeyir Əlizadə
P.S. Çox hörmətli Azadə xanım, illərdir ki, doğum gününzü keçirməmisiz, bu ictimaii qınaqla bağlı olmayıb. Daxilinizin, özünüzün özünüzə etdiyiniz qadağa, məhrumiyyətdən irəli gəlib. Doğum gününzü mübarək olsun.
Müstəqil.Az-ən yaradıcı kollektivi