“SÖZ” ADLI DƏRYANIN KAPİTANI…

“SÖZ” ADLI DƏRYANIN KAPİTANI…
…Düşüncəli, geniş təxəyyülə malik, eyni zamanda dəyişikliklərə meylli və romantik adamdır. Hisslərini sərbəst şəkildə ifadə edə bilir. Kövrək və duyğusaldır. Diskomforta, rahatsızlığa, o cümlədən mənəvi təzyiqə qarşı dözümsüzdür. Son dərəcə şəfqətlidir, kimsə əzab çəkirsə, o, bunu tamamilə öz üzərində oiduğu kimi aydın, canlı şəkildə hiss edir. Necə deyərlər, özgə dərdinə biganə qala bilmir, elə ona qörə də ürəyindəki şəfqət duyğusu onu rahat buraxmır, addım atmağa tələsir. Duyğusal olduğundan bəzən elə hallar olur ki, axına qarşı irəliləyir. Və bu xüsusiyyəti ona problem yaradır…
İndiyədək on dörd kitabı işıq üzü görüb. Onlardan beşi şeir, beşi povest və hekayələr, tarixi sənədli publisistik əsərlər, dördü isə tərtib etdiyi kitablardır. Beş min tirajla çıxanı da olub, beş yüz tirajla ərsəyə gələni də. Bundan əlavə onun şeirləri rus, özbək, gürcü, ingilis, fransız, ivrit, türk, tatar dillərinə tərcümə edilib və həmin ölkələrin müxtəlif almanaxlarında, qəzet, eləcə də ədəbi jurnallarında dərc olunub. Türkiyənin, Tatarıstanın, İraq-Türkmən Cəbhəsinin, Özbəkstanın ədəbi ödül və dipomları, “Yeni Avaz” Orta Asiya Yazarlar və Tarixçilər Birliyinin medalı ilə təltif edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür…
Çox uğurlara imza atıb. Fərqli poeziya nümünələrinin, özünəməxsus üslubda yazdığı nəsr əsərlərinin, publisistik yazıların müəllifidir. Mövzu qıtlığından əziyyət çəkmir. Yaradıcılığı çoxşaxəli və rəngarəngdir. Doğrudur, bəziləri onu məşhurluqda uğursuz şair kimi qələmə verir, amma o, bunun səbəbini hansısa qruplaşmada olmamasında görür.
“2-3 dəstə var ki, biri digərinin “bezdarnı” yazılarını da bəh-bəhlə təqdim edirlər. Sosial şəbəkələrdə və ayrı-ayrı tədbirlərdə və sair. Xüsusi ilə də sosial şəbəkələrdə. Oxucularımızın da əksəriyyəti öz fikirləri ilə yox, digərlərinin zövqü ilə “ayaqlaşır”. Təxminən belə; Adə, filankəs filankəsi bəyəndi, onun əsəri haqda xoş söz dedi, müsahibədə adını çəkdi, mən bunu qeyd etməsəm, məni zövqsüzlükdə qınayarlar. Nə isə, əslində kifayət qədər oxucum var, oxunuram, şeirlərimə müraciət olunub. Qonaqlığa, qonorara və sairə haqqımda yazı yazdırmamışam…”- söyləyir.
Haqqında söhbət açdığım şair, publisist, jurnalist Faiq Balabəyli 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971–1981-ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981–1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982–1984-cü illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində davam etdirib. 1984-cü ildə Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992–1994-cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə “Ədəbiyyat qəzeti”ndə çalışıb. Hazırda “Müstəqil. az” saytının baş redaktoru və İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifələrində işləyir. Ailəlidir, iki övladı, dörd nəvəsi var…
Ədəbi tənqidçi, filologiya elmləri doktoru, professor Vaqif Yusifli onun haqqında yazır: “Faiq Balabəyli niyə həbs edilmişdi? Haqlımı, haqsızmı? Ancaq onu bilirəm ki, Faiq Balabəyli həbsxanada ən gözəl şeirlərini yazdı, hətta deyərdim, o vaxtacan Faiq bizim poeziyamızda adi bir sıra nəfəri idisə, həbsxana Faiqin poetik istedadını tam üzə çıxardı. Sübut eləməyə ehtiyac yoxdur: şairlərin bir çoxu həyatlarının ən sarsıntılı günlərini, illərini yaşayanda, birdən-birə ilhamı bulaq kimi qaynayır, dəniz kimi coşur. Onlar həbsxanaya düşürlərsə, azadlığın, sərbəstliyin təşnəsinə çevrilirlər. Ya heç həbsxanaya düşməsinlər, xalqın başı üstünü qara buludlar alanda şairlər var ki, azadlıq mücadiləsinin liderlərinə çevrilirlər. Həbsxana da bir evdir. Amma bu evdə sadəcə azadlıq çatışmır. Faiq Balabəyli bu “EV”in şairi oldu…”
Deyir ki,- “Gəmiçilikdə belə bir qayda var, kimliyindən asılı olmayaraq kapitan kayutuna girərkən gəmiçiliyə hörmət mənasında onun kreslosunda heç vaxt oturulmaz. Hə, bir də kapitan gəmini hamıdan axırda tərk edir, yəqin eşitmisiniz. Yuxarıda kapitan körpüsü var. Gəmi oradan idarə olunur. Gəminin sükanı və xarici əlaqələr yaratmaq üçün telefon qovşaqları, dənizin dərinliyini öyrənmək üçün “exolot” deyilən cihaz və digər zəruri aparatlar da orda yerləşir. Bəzi insanlar elə düşünür ki, gəminin idarə olunması asandı. Xeyir, gəminin öz yolları var. Gəmilər o yollardan çıxsa, müxtəlif qəzalar baş verə bilər, qaya onun altını deşə bilər və sair. Düzdü, belə hadisələr daha çox limana yaxın yerlərdə olur. Çünki orada dənizin səviyyəsi aşağıdı…”
Adətən, gəmi kapitanları qəlyan çəkən olurlar. Amma o, qəm-qüssə, necə deyərlər, millətin-xalqın dərdini çəkir. Şeirlər elə-belə yaranmır axı. Hər şeir, bir ağrı-acının, bir qüssənin məhsuludur.
Bəli, kapitanı olduğu gəmidəki kürsüsündə heç kim əyləşmədiyi kimi, Faiq Balabəylinin “SÖZ” adlı dəryada üzən gəmisində də öz kürsüsü var…
Elman Eldaroğlu
Share: