Sözü kimliyi olan şair  

Yaxud Qardaşxan Əzizxanlının “havalı” şeirləri

Adətən, şair haqqında təsəvvür yaratmaq üçün onun haqqında kimlik məlumatları da verilir. Şair mənsub olduğu bölgənin yazarları, yaxud mənsub olduğu ədəbi nəslin yazarları ilə də müqayisə edilir.

Yazı maraqlı alınsun deyə, şairin şeirlərinin ölçülərindən söhbət açılır: yəni hansı vəzndə yazır, heca qəlibində yeniliklər edir, yoxsa sərbəstdir? Elə şairlər də var ki, onun dəyərini bölgəsi, ədəbi nəsli müəyyən etmir. O, bütün dövrlərin və hamının şairidir, sözü isə kimliyidir. Yaradıcılığına rəğbətlə yanaşdığım belə şairlərdən biri Qardaşxan Əzizxanlıdır.
Qardaşxan Əzizxanlı Xəzər Universiteti Təhsil fakültəsi Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimidir. Onun gözəl şeirləri məni gənc yaşlarımdan valeh edib. Ancaq şair çalışdığı dövlət qulluğu ilə əlaqədar olaraq şeirlərini ortalığa çıxarmırdı. Biz bilirdik, o yazır, həm də yaxşı yazır. Şeirləri ürək ovlayır. Sözün-söhbətin bu yerində ənənəvi təqdimat metodundan qaçmaq istəmirəm. Qardaşxanın dünyaya göz açdığı yer-yurd haqqında bircə cümlə yazmaq istəyirəm, çünki bu barədə şair özü yazılarında o qədər də söhbət açmayıb. Biz qonşu kəndlərdə dünyaya gəlmişik: mən Alarda, o isə Pokrovkada anadan olub. Cəlilabadın bu məhsuldar torpaqları çox istedadlı övladlar yetişdirib. Vaxtilə həmin ərazi ruslar gələnə kimi Ərqaya adlanıb. Kəndin adı 1992-ci ilədək Pokrovka, 1992-ci ildən 1998-ci ilədək Şəhriyar, bundan sonra isə Günəşli adlanıb. Günəşlinin passiv toponimləri sırasına Ərqaya, Pokrovka, Şəhriyar ilə yanaşı, Xol-Təklə, Qamışlıgöl, Elyaslı obası və sair daxildir. Amma Qardaşxan müəllim hələ uşaq yaşlarından doğma ata yurdundan uzaqlarda yaşamalı olub.
Elə bəri başdan deyim ki, Qardaşxan Əzizxanlı həm də elmi araşdırmalar aparır. Onun ədəbiyyatla bağlı fəaliyyəti şeirlə bitmir. O həm də xalqımız üçün gərəkli olan əsərlərin tərcüməsi ilə məşğuldur. Lap bu yaxınlarda, Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı olan “Azərbaycan” jurnalının 2018-ci il fevral sayında Qardaşxan Əzizxanlının çevirməsində Türkiyənin tanınmış yazarı Zeynalabidin Makasın “Muradı gözündə qalanlar” adlı əsərindən bir parça dərc edilib. Qarabağla bağlı əsərdə Xocalı faciəsindən doğan ağrı-acılar da yer alıb. Ədəbi tənqid də Qardaşxan Əzizxanlının poeziyasına diqqət çəkir. “Ulduz” jurnalının 2018-ci il fevral sayında Əli Ağazadənin “Yoldan xəbər” adlı məqaləsi dərc edilib. Məqalədə irfani-fəlsəfi duyğuları ilə insanı mənəvi kamilliyə çağıran Məhəmməd Füzuli, Yunis Əmrə yaradıcılığından qısa şəkildə bəhs olunur. Yazıda həmçinin Qardaşxan Əzizxanlının şeirlərinə də müraciət edilib…
Qardaşxan Əzizxanlının şeirlərindəki həzinliyi və hikməti polyak şairi Nataliya Saçok da yüksək qiymətləndirir. Onun polyak dilinə tərcümə etdiyi “Əllərimlə gözlərimi tutmuşam” şeiri doğrudan da düşündürücüdür. Bu şeir Gilan Dənizə yazılıb:

Qaranlığı görüb
Əllərimlə gözlərimi tutdum.
Qaranlıqdan qorxub
Qaranlıqda olduğumu unutdum.
Əllərimlə gözlərimi tutmuşam,
Qaranlıq bir çadırda
Qara bir çadra kimi
Qara bir dünya ilə 
Baş-gözümü örtmüşəm.
Əlimdə, ayağımda
Qaranlıq –
Çidar kimi!
Əllərimi gözlərimə tutmuşam
Müqəddəs quran kimi.
Əllərim gözlərimdə
Bir quranlıq söz kimi.
Dünya məni qorxudur…
Dünya məni qorxudur
Bir qaranlıq üz kimi…

Qardaşxan Əzizxanlı şeirin hər misrasına həssaslıqla yanaşan bir sənətkardır. Bir əlində sevinc, bir əlində qəm tutan, ömrü ikirəng toxunan şairin poetik dünyası olduqca zəngindir. Şair, “mən ocaq dünyadan qalxan tüstüyəm”, deyir və anadan olandan səfər üstədir. Amma dünyadan umacağı yoxdur, çünki dünyaya “verdiyi” olmayıb. Bu sətirləri oxuyanda böyük Füzulinin “Aldanma, şair sözü əlbəttə yalandır” kəlamı yada düşür. Çünki Qardaşxan Əzizxanlı bu dünyanın bir parçası olan Vətəninə ləyaqətlə xidmət edib, elinə-obasına hədiyyə etdiyi söz boxçası isə ən qiymətli sərvətdən də dəyərlidir:

Duman yenə nə ələyir,
Nə toxuyur ilmə-ilmə?
Nə söyləyir dağın, daşın
Qulağına kəlmə-kəlmə?

Yolun, izin mənə tanış,
Duman, sözün mənə tanış…
İndi özün mənə danış, 
Nə gətirdin sən elimə?

Bizi yad et bu dağlarda,
Könül şad et bu dağlarda!
“Duman, gəl get bu dağlardan!..” 
Duman, belə gəlmə, gəlmə!

Qardaşxan müəllimin şeirlərində “duman” çoxmənalı şəkildədir. Yol kəsən duman və ömrə düşən duman obrazları, dağları bürüyən qara niyyətli düşmənin dumanlı obrazı şeirlərdə təkcə rədif kimi işlənmir, həm də sözə semantik çalar gətirir: “Dağların üstünü duman alıbdı, Heç nə görünməyir dumandan başqa”. Yaxud: “Duman bu dağlarda həddən aşıbdı… Bircə bu dumandan aman ver mənə”. Obrazlaşdırma, həcmindən asılı olmayaraq bütün şeirlərdə bitkindir. Məsələn, şair belə güman edir ki, gözlə qaş arasında yaşanan ömür yazla qış arasındakı vaxta bərabərdir:

Yaşayırıq
Göz ilə qaş arasında.
Yaşayırıq
Yaz ilə qış arasında.
Amma heyf,
heyf, gözdən qaşa doğru,
heyf, yazdan qışa doğru…

Rafiq Tağı yazır ki, Allah bəşəri dəyər meyarlarından nəhayətsiz dərəcədə üstündür. Qardaşxan Əzizxanlı bu fikri tamamlayır: “Nə yaxşı, Yaradanı monopoliyaya almaq olmur, Qurban Olduğum özəlləşdirilib- mənimsənilməyib… O, hamınındır, hamı da onun. Ancaq yox, ayrı-ayrı təriqətlər Ali Gücü inhisara almaq niyyətindədir. Düzüb-qoşduqlarını aksiom sanırlar. Sanki onlar Böyük Qüdrətin adından danışmağa səlahiyyətlidirlər, vəkil seçiliblər,– kim tərəfindən, nə üçün, hansı haqq ilə, soruşsan da, ağlabatan bir cavab verəni yoxdur,– çürük ehkam sapları ilə yorğan sırıyan sayaq beyinləri zor-xoş sırıyırlar. Bu təkrarsız dünyada hər gün təkrar olunur, amma o özü olduğu qədər də özü olmur. İnsanlar da beləcə… və hər bir insanın ruhu özünə bənzərin cismində dünyaya qayıdır. Nəsiminin dərisini soyduranlar cahil idilər, amma öz bugünkü xələflərindən fərqli olaraq bir cahanın lənətinə sığmayan əməllərini aşkar, “mərd-mərdanə” etdilər. Hazırda hüzür tamadaları artıq böyüklüyünü inkar etmək mümkün olmayan Nəsimidən bəlağətlə danışırlar. Sələflərinin günahlarını „yuyurlar”, XV əsrin düşüncə üsyançısına bu gün xalqın hədsiz sevgisindən çəkinərək heç nə olmayıbmış kimi onu özününküləşdirməyə çalışırlar.
Guya Nəsimi də eynən bunlar deyəni deyirmiş. O mürşid də, bu mürid də cəsarətli fikirlərinin qurbanı oldular. Sələflərindən daha namərd cinayətkar naxələflərin ardıcılları isə bir qədər uzaq sabahda yeni şəraitə uyğunlaşaraq bu dəfə Rafiq Tağıdan sitatlar gətirəcəklər.
İnsan beyni virusa yoluxubsa, nə gözü, nə könlü, nə beyni, nə eyni, nə dili, nə əl-qolu açılır.
Çoxşaxəli cəhalətin qələm qardaşımıza toy tutduğu günlər onsuz da Qarabağ hüzüründən çıxmayan ədəbi kəsimin yası, azad fikrin öndərinə qucaq açan əbədiyyətin toy-bayramı idi,– O, Böyük Yolun daha bir yolçusunu ağuşuna alırdı. Rafiqi xəstəxanada ziyarət edərkən şaşırdım, nə deyəcəyimi bilmədim. O, qayğıkeşliklə soruşdu: “Necəsiniz?” Həmişəki kimi o, həkim idi, biz xəstə. Həmin nurlu sima, işıqlı gözlər, xoş təbəssüm”.
Qardaşxan Əzizxanlı daha sonra yazır ki, mən Rafiqi ailəsinin, dostlarının yanında görmək istərkən onun müqəddəs məzarı üstə gül yerinə Hüseyn Cavidin “Gərçi görmək də başqa nemətdir, Görməmək ən böyük səadətdir” misralarını düzürəm:

Rafiq dağını deyirəm
bax bu görünən Rafiq dağını
görünən dağa nə bələdçi
Rafiq dağını deyirəm
sinəmizə çəkilən Rafiq dağını
nabələd işi deyil deyirəm
əbədiyyət sarayının
daha bir tağını deyirəm
RafiqTağını deyirəm
RafiqTağını

Belə bir mahnı var: “Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax”. Mahnının bu yeri bəzən adama o qədər mənasız görünür, tez-tez təkrarlanan bu misranın bayağı olması qərarına gəlirik. Qardaşxan Əzizxanlı da bu mahnını dinləyir və mahnıdan doğan məntiqi nəticəni ortaya qoyur:

Bu qapısız dünyada,
pəncərədən daş gələr.
Pəncərəyə hər baxan,
öz daşına tuş gələr.

Dünyamızı dəyişər,
pəncərədən gələn daş.
Göz yaşı tək yaşayan,
baş daşı tək ölən daş.

Bu qapısız dünyadan,
gələrik biz dünyaya.
Gedərik bu dünyadan,
pəncərəsiz dünyaya.

Bitdimi şeir? Bitdi. Amma mahnıdan gələn ovqat təəssürat oyatmaqda davam edir. Bu da şairin başqa bir şeiridir:

Gündüzlər ağ pərdədi,
gecələr qara pərdə.
Bu dünya bir səhnədir,
tale oynayan yerdə.

Ulduzlar ağ yalandır,
günəş qırmızı yalan.
Hamıdan yalançıdır,
hamıdan doğru olan.

Pəncərədən daş gəlir,
bəri bax dünyasıdır.
Ən haqsız adamın da,
yeri haqq dünyasıdır.

Pəncərədən gələn daş tale daşına çevrilir. Dilimizdə “başına daş düşmək”, “daşı ağır olmaq”, “ömrü-günü daşa dönmək”, “arxasınca daş atmaq” kimi ideomlar var. Qardaşxan Əzizxanlı daşla bağlı bu müxtəlif mənalı sözlərlə oynayıb, sonda onu başdaşına çevirir:

Başıma daş düşdü mənim,
yaxşı ki qoşa düşmədi.
daş da başa düşdü məni,
sən məni başa düşmədin.

müridin olmaq istədim,
dərsimi almaq istədim,
dərdinə qalmaq istədim,
sevgimin yaşı düşmədi.

qaçacam mən qəm əlindən,
dalımca qoşun düşəcək.
mənim baş daşım yerinə,
sənin göz yaşın düşəcək.

Qardaşxan Əzizxanlı üçün janr tabusu da yoxdur. Məsələn, bu qəzələ fikir verək:

Can var canan əlində, avara qalıb indi.
Bilmirəm ki, nə edim, biçarə qalıb indi.

Yaxud, başqa bir qəzələ diqqət çəkək:

Çiçəklənib alça, göyəm, qarşı duran dağ təzə-tər,
Arx üstündə mən köhnəyəm, arx kənarı bağ təzə-tər.

Amma bunlar qəzəl deyil. Ümumiyyətlə, Qardaşxan Əzizxanlı qəzəl yazmayıb. Bu şeirlər gəraylı janrındadır, misraları mən özüm bilərəkdən belə düzmüşəm. O qədər axıcı, ahəngdardır, sanki bu şeirləri müəllif hansısa musiqinin təsiri altında, bəlkə də misralarını zümzümə edə-edə yazıb. Necə deyərlər, “havalı” şeirlərdir, daha doğrusu, havası içində olan şeirlərdir. Sənətkarlıq budur! Qardaşxan Əzizxanlı şeirini oxucuya sevdirən də yüksək bədii səviyyədə olmasıdır.
Belə nümunələrin sayını artıra bilərəm. Qardaşxan Əzizxanlının şeirlərini mövzusuna-məzmununa görə də nəzərdən keçirmək olar. Bir həqiqət var ki, bu şeirlər yetərincə təhlil olunmayıb, tənqid süzgəcindən keçirilməyib. Bu da şairin xarakteri ilə bağlıdır, desəm, yanılmaram, çünki Qardaşxan Əzizxanlı mülayim, istiqaanlı və sadə bir insandır. O, şeirini yazıb, amma ona dəyər verilməsi “qayğısına” qalmayıb. Amma, elə bilirəm, vaxtdır, bu şeirlərin layiq olduğu dəyər yüksək səviyyədə verilməli, onların haqqında tənqidi məqalələr yazılmalı, elmi araşdırmalar aparılmalıdır.
Şair özü Gilana yazdığı bir şeirində bu vəziyyəti daha dolğun və dürüst təsvir edir:

Ayrılıqlar başladı,
başlandı ayrılıqlar,–
Bu yerdə kara gəlməz daha ayrı qılıqlar…
Ah, bir küncə qısnayan qurdbasan aralıqlar!..
“Öldün, qaldın?” deyən yox,
qalmısan aralıqda…
Yeni era başlayır, –
ayrılıqlar erası
Gedər buruq boylular, qalar boynu buruqlar
qalanları– qalıqlar, 
çoxalar bu qırıqlar
və başlar ayrılıqlar erası– 
bizim era…

Qardaşxan Əzizxanlının şeirləri “boynu buruq qalan” deyil, bunu yəqin bilirəm. Bilməsəydim, onun söz dünyasına üz tutmazdım.

Bilal ALARLI (Hüseynov),
ADPU Cəlilabad filialının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru

 

Share: