“Qərib payız” axşamlarında “Tənha sarı yarpaq” kimi duyğularını “Yarpaq-yarpaq” vərəqlərə köçürən, “Quruyan ərik ağacı”nın, “Ata evim”də “Bir ana köçünə çatmamışam” deyib, “Ana əlləri”nə “Ehtiyacım var”, “Gəl sənə həzin bir şeir oxuyum” arzusuyla, “Bu yağış mənə bənzəyir” deyib, “Yaman uzandı bu yaz yağışı” gileyi ilə “Səni sevdim Allahım” söylədi...
“Bu nə eşq sevdası necə möcüzədir” marağıyla, “Yollara yağış yağır” nəğmələriylə “Narın yağış” romantikliyi ilə, “Bir az günəş göndər” həsrətiylə “Sənsiz keçən bir günüm”ün acığına “Gəl gedək bu şəhərdən”, “Vallah gözə gəldi bu ilahi eşq”, “İlləri əl-ələ verib gəlmişik” deyib yollara dikilən gözlərini “Sarı gözəl, sarı çiçək”lərdən çəkməyərək, “Bir az möhlət ver Allah” deyib də, “Arazbarı” “Ay qaragilə” kimi şeirləri ilə dünyanı özünün çəhrayı baxışları ilə seyr edən, rəngli dünyanın, rəngsiz, boyasız nurlu xanımı Sona Vəliyeva “Zaman xəbərsiz ötdü” deyərək “Bir əl qarışdırır qoca dünyanı” deyib , “Üzü Tanrıya” doğru “Ömrün yaddaşı”nı vərəqlədi.
Vərəqlədikcə “Darıxan adam” a çevrilir, bəzən də “Xəyanət” edənlərə, “Çəkilin yolumdan, çəkilin” dedi və “Söz yolu”na davam etdi.
Hər kəsin bir ömür yolu var, o yol uzandıqca yaşananlar xatirələrə çevrilir, yaddaşa köçür. Çevrilib geri baxanda, yaddaşı vərəqlədikcə özünü tanımağa başlarsan. Evinin, ailəsinin deyil, el-obasının, xalqının ziyalısına, ictimai xadiminə çevriləndə daha çox tanınırsan. İctimai simaya çevrilib, söz ünvanı, güman yeri olanda xalqına xidmət etmiş olursan. Səlahiyyətin çərçivəsində kiməsə dayaq, arxa ola bilirsənsə, əl uzatmağı bacarırsansa, odur sənin şəxsiyyətin, odur sənin kimliyin, əməllərin, addımların. Demək ki, bu dünyada ömrünü yalnız özün üçün deyil, başqalarını da düşünərək yaşamısan. Eləsinə deyirlər ki, elin adamı, Allah adamı.
“Şerimizin, nəsrimizin ağıllı qızı” adlandırır xalq şairimiz Nəriman Həsənzadə onu.
Bir neçə il qabaq Həsən bəy Zərdabiyə həsr edilmiş tədbirdə şairimiz Nəriman Həsənzadə ilə yanaşı oturmuşduq. Bir-birindən fərqli çıxışlar vardı. Zamanın necə keçdiyinin fərqində deyildik. Nəriman müəllim şirin təbəssümü ilə çıxışları izləyirdi. Uşaqların hazırladığı kompozisiyaları heyranlıqla izləyirdi. “…Səmimi, sadə, xanımdır, gözəl qələmi var Sona xanımın. Qarşısındaki ilə o qədər incə- zərif danışır ki, səmimiliyinə heyran oluram. Gör nə gözəl hazırlaşdırıb uşaqları, bax onun təlimatı, onun ideyalarıdır. Keçmişə qaytardı məni…. o illəri yaşatdı mənə” demişdi.
Tanınmış şair, yazıçı, publisist ,filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyini üzvü, Prezidentimiz tərəfindən “Əməkdar jurnalist” fəxri adı və “Tərəqqi” medalı ilə mükafatlandırılmış, Ümumdünya Türk xalqları Konqresinin Qızıl, TÜRKSOYun “Molla Pənah Vaqif”, Qırğızıstan Respublikası Milli Yazıçılar Birliyinin “Qızıl qələm” mükafatı laureatı, Özbəkistan Respublikası Ürgənc Dövlət Universitetinin Fəxri professoru, eləcə də bir çox milli və xarici mükafatlara layiq görülən Sona Vəliyeva ölkənin mədəni həyatında öz imzası, addımları, yazıları, kitabları ilə fərqlənən ziyalılarımızdandır.
Azərbaycan milli ideologiyası, milli dövlətçilik mövzuları təkcə kitablarında deyil, həyat yaşamında, gerçəkləşdirdiyi daxili və xarici arenadakı layihələrində özünü hər zaman göstərib. Xalqımızın dəyərli ziyalısı, vətəndaşlıq ruhu ilə yoğurulmuş poeziyası ilə bizləri öz “Çəhrayı dünyasına” aparan, diqqəti ilə ucaldan, səmimiyyəti ilə sevdirən, zərif əməlləri, davranışları ilə gözümüzdə böyüyən ziyalımız, şairəmizdir. İman, inanc, həyat fəlsəfəsindən bəhs edən şeirlərinin əksər misrasında, cümləsində Allahını unutmayan, unutdurmayan güclü bir qadın ruhu var. O ruh səmimiyyəti, diqqəti ilə çox ruhu sevindirmişdi, şadlandırmışdı, çoxlarının həyatını dəyişmişdi. İnsana sevginin təmənnasızlığını, ruhunun və niyyətinin gözəlliyini, haqqa inamını, millətə bağlılığını itirmədən yazmaq, yaratmaq Sona xanımın özəllikləridir. Qəlbimizdəki səmimilik, düşüncələrimizdəki aydınlıq münasibətlərimizi dəyişmədi. Hörmət qarşılıqlı olanda, məqsəd və təmənna olmadıqda insani sevgi yox ola bilməz.
Başqaları olsaydı fərqli davranardı. Laqeydlik, lovğalıq, özündənrazılıq edə bilərdi. Ətrafımızda kifayət qədər Sona xanım statusunda olan bəziləri vardı və onların davranışlarını görürük, bilirik. Amma söhbət ürəyinin səsi ilə oturub-duran, könlünün sarı simi ilə davranan, bu vəzifədədir, bunun adamı yoxdur, onun adamı filankəsdir anlayışını qəbul etməyən bir alicənab xanım Sona Vəliyevadan danışırıq.
Səmimidir, sadədir, diqqətlidir. Allah adamıdır və əsl xanımdır. Dəyişmədi, görmədim. Eyni sevgi, eyni diqqət, “Çəhrayı dünya”sını adı kimi qorudu. Susdu ürəyindən keçənləri şeirə, sətirlərə çevirdi. Yaradıcı xanımdır. Şeirləri ürəyimizdə Vətən havasını əsdirir, doğma ocağa, kökə bağlılığı aşılayır, uşaqlıq dünyamıza aparır. Mənəviyyat, sevgi, nəciblik, xeyirxahlıq, təmənnasızlıq qığılcımları yaradır. İllər qabaq “İşığa gedən yol” tarixi romanını oxumuşdum . Zaman darlığı olsa da, iki günə oxumuşdum kitabı. İlahi milli ruhu, milli düşüncəni, milli ideologiyanı o qədər maraqlı, o qədər səmimi işıqlandırmış, yazmışdı ki, Həsən bəy Zərdabini yenidən sevdirmişdi, tanıtmışdı oxuculara. Həsən bəy Zərdabi haqqında o cür mükəmməl əsər maarifçilik işini mükəmməl bilən və sevərək qələmə alan Sona Vəliyeva ola bilərdi. Haqlı olaraq xalqımız Sona xanımı Həsən bəy Zərdabinin davamçısı, varisi adlandırırlar. Yaxşı ənənələri davam etdirmək, yaşatmaq da ürək istər, cəsarət istər, sevgi istər. Alimdir, publisistdir, şairdir, yazıçıdır və anandır, bir çox gənc xanımlara ailə nümunəsidir Sona xanım.
Allah sevgisinə sığınıb inancını imanla yaşayanlardan, vətən sevgisini imandan bilənlərdən olan Sona xanım Vəliyevanın qələmindən çıxan sözlər ürəklərdə yer tapır. Sadə sözlərin yaratdığı dəyərli misralar ürəklərə cığır açır, həzinləşir. Ədəbiyyatımızda milli adət-ənənələrə önəm verən, milli dəyərləri ön plana çəkən, xalq mədəniyyətinin ruhunu qorumağa çalışan müdrik klassik milli və mənəvi dəyərlərin daşıyıcısı olan yazıçı, şairədir Sona Xanım. Sən demə çəhrayı rəng xeyirxahlığın rəmziymiş. Bu səbəbdən “Çəhrayı dünyam” deyən şairənin misraları könlümüzə hopur.
Azərbaycançılıq ideyalarının yorulmaz təbliğatçısı və tədqiqatçısı olmaqla yanaşı ədəbiyyatımızda öz yeri, öz imzası olan qələm sahibidir.
Mən, xalq yazıçısı Anar müəllimi “Xalqımızın Dədə Qorqudu” adlandırıram. Özü də bilir, hətta Şuşada Vaqif poeziya günlərində çıxışımda demişdim. (O da zarafatca dedi Gülşən xanım Dədə Qorqud 300 il yaşayıb.)
Şeirlərində “Şuşam baş örtüyüm” ifadəsini oxuyanda Sona xanımı xalqımızın Banuçicəyi kimi gördüm. Abır-ismət, milli düşüncə, mənəvi dəyər, milli əxlaq, böyük-kiçik, hörmət, diqqət Sona xanım Vəliyevanın insan, şəxs kimi əvəzedici adlarıdır. Zəngin ənənəsi, zərif və kövrək, bəzən də sərt və döyüşkən qələm sahibi olaraq poeziyası ilə ruhumuzu maarifləndirən Azərbaycanın şairələri arasında seçilən, fərqlənəndir. Vətən məfhumunu ən yüksək zirvədə tutmuş və vətəndaşlıq mövqeyini əməlləri ilə ortaya qoyaraq mənəvi dəyərlərin təbliğində ciddi addımlar atmış, ziyalı xanım, vətənpərvər insandır. Sona xanımın vətən sevgisi, Həsən bəy Zərdabi sevgisi “İşığa gedən yol” kimi işıqlı və ədəbiyyatımızın qalıcı əsərlərindən olan roman yazdırdı. Budur sevgi, budur milli düşüncə, ideologiya. Özünəməxsus yaradıcı sevgisi ilə insana, insanlığa, insani dəyərlərə qiymət verməyi bacaran şairimizin şeirləri ilahi məhəbbətin, Allaha olan sevginin təcəssümüdür.
Zərifliyi, incəliyi, sədaqəti, etibarı ilə seçildiyi kimi, bağışlamağı da bacaran böyük ürək sahibidir Sona xanım. Şeirləri ürəyimizi titrədirsə, ruhumuza toxunursa poeziyanı içində yaşadan, sətirlərində, sözlərində şeiriyyata çevriləndir Sona xanım. “Dünya Tanrı biçimdədir” deyən şairəmizin şeirlərini oxuduqca düşünürsən, saflaşırsan. Sona xanımın yaradıcılığı, mövzuları bu gün də, sabah da aktuallığını itirməyəcək mövzulardır. Şairi şair edən, sevdirən onun qələmi ilə yanaşı humanistliyi və insanlığıdır. Allaha yaxın insandır Sona xanım Vəliyeva. Ad gününüz mübarək Allahın sevdiyi və Allaha bağlı xanım…
Gülşən Behbud