Sözün işığı və İşığa doğru uzanan yol

Sözün işığı və İşığa doğru uzanan yol

Hörmətli Əkbər Qoşalı qardaşım, siz şərəfli əlli yaşınıza ədəbi yaradıcılığınızın və ictimai fəaliyyətinizin halal nüfuz qazandığı bir vaxtda qədəm qoyursunuz.
Bir növ “Seçilmiş əsərlər” təsiri bağışlayan “Ürək daşı” adlı kitabınızdakı şeirləri məmnuniyyətlə oxudum, bizim sonuncu Yazıçılar Qurultayında müasir poeziyamız barədə məruzəçi gözəl şairimiz İbrahim İlyaslının əhatəli ön sözünü də maraqla izlədim. Bütün bunlardan savayı, Şuşa haqqında yazdığınız şeirləri, poemaları görkəmli tənqidçimiz Vaqif Yusiflinin Türk dünyası ilə sizin geniş yaradıcılıq əlaqələrinizə həsr etdiyi həcmli təhlili də bu fikri hallandırır ki, sizin türkçülüyünüz və bütün yaradıcılığınız ədəbi hadisədir. Həm şəxsi, həm də ədəbi əlaqələriniz barədə deyilənlər, əlbəttə, məni sevindirir.
Dünya Gəncləri Türk Yazıçılar Birliyinin fəxri başqanı kimi, ədəbi-ictimai-siyasi hərəkata rəhbərlik edirsiniz. Qardaş türk ölkələrinin dünyada türk həmrəyliyini elan etdiyi bir vaxtda, bu ədəbi-ictimai fəaliyyətiniz yəqin ki, böyük məna kəsb edir.
Qazax yazıçısı Rəhimcan Otarbayevin Bakıda nəşr etdirdiyiniz “Baş” romanının həm redaktoru, həm də ön sözün müəllifi olmağınız da yuxarıda dediyim mənada “sözsüz” təqdirəlayiqdir.
Əkbər, mən sizi, sizin şeir yaradıcılığınızı heç kəslə müqayisə etmək fikrində deyiləm. Hərçənd, deyirlər ki, hər şey müqayisədə görünür. Müqayisəsiz görünürsə, buna ehtiyac varmı? Görünən dağa nə bələdçi?
Bu dünya köhnə dünyadı, siz onu təzə görə bilirsiniz, buna inandığınız üçün də oxucunu inandıra bilirsiniz. Məncə, bu təbiidir. İstedadın gözü görür, qulağı eşidir, qəlbi də duyur.
“Türkçülüyüm tutdu yenə” deyirsiniz. Bu, şairin ilhamlı çağıdı. Rəssama and verir ki, “Sən fırçan!” incimə, sənin odandan heç bir şey götürmədik. “Fırça” burada təkcə kolorit xatirinə deyil, and yeri kimi Tanrı əvəzi işlədilir.
“…Bəlkə gözümüzdə,
könlümüzdə,
götürmüşük nəyisə, –
o dağınıq adamın sənətçi nizamından.”

Başqa bir şerində şair Tanrı and yeri kimi “Daşkənd eşqinə”, “Babək deyən bir cüt qolun eşqinə”, “Xətayinin başladığı ulu yolun eşqinə”, “…Turan adlı acunun eşqinə” və başqa bu kimi tərkiblərdən istifadə edirsiniz. “Ömür deməm ömürə”, “Ömür dedim ölümə!” deyə poetik manifestinizi elan
edirsiniz.

Bu gün,
əlbət, bir gün
olanlar olmayacaq,
olmayanlar olacaq.

Nə qurşun atdıq bir kəsə,
nə qurşun atdılar ölək:
ölüm demə ölümə,
yol yoxsa
cavan ölümə.

Onsuz da
olanlar olmayacaq,
olmayanlar olacaq.

Nə qurşun atdılar ölək,
nə qurşun atdıq bir kəsə:
Ömür dedim ölümə,
özüm dedim özümə.
Bütün ölümlər
ölümə aparır.

Baxma, hər ölünü bir qoşun aparır,
kim dünyadan nə götürür?
Qoy desinlər, bir şair
dünyadan qurşun aparır.

“Bu elitar mədəniyyət” xüsusi qabiliyyəti olan və maariflənmiş azlıq üçündür” deyən bir Avropa kulturoloqundan fərqli olaraq, böyük italyan filosofu və tarixçisi Benedetto Kroçe “İnsanın işığa doğru uzanan fasiləsiz yolu” kimi qiymətləndirir və əlavə edir ki: “poeziya kainatın vəznini (ritmini) duymaqdırsa, fikir onu sistemə salmaqdır”.
Əkbər Qoşalının qoşmaları, gəraylıları, təcnisləri də şairin geniş dünyagörüşünün, həyat müşahidələrinin nəticəsi kimi qiymətlidir. Şeirin dili rəvandı, ağızda saitlər samitlərə qarışmır, həcmcə qısa və yaddaqalandı.

“Ömrüm uzun çəkmədi,
kasıb gülüşü kimi”

“Qızlar yanmı çəkdi yanaqların, –
biz niyə əyilib əlindən öpdük?!”

“Bir göz var, istədim baxım yaşayım,
qoydular üz-üzə baxtımnan məni”.

“Nə iş görürəm, soruşma,
işim özümlə davadı”.

“Alnımı oxuyammadım,
alnı belə qırışammı?!”

Müxtəlif şeirlərdən götürdüyüm uzun-qısa bu misralar mənə bol məhsul gətirmiş ağaclarda bəhrəsinin ağırlığından əyilən nazik budaqları xatırladır.
Əkbərin göz açıb yaşadığı mühit – Tovuz tərəflər həmişə saz-söz sahibləri ilə məşhur olmuş, seçilmişdir. İndi də belədir. Mülkülü şair Həsən kişini mən yaxşı tanıyırdım. Bizim Vağzal Poyluda meşəbəyi işləyirdi. Onun sazı, şeiri, sözü həmişə məni heyran etmişdi. Sonralar Mikayıl Azaflı, Şəmşad Rza, Məstan Əliyev, Məmməd İsmayıl, Zirəddin Qafarlı, Məzahir Hüseynzadə kimilər şerimizi-sözümüzü şərəfləndirdi.
Belə bir tarixi şeir-sənət ocağında görünmək özü istedaddır (təkcə istedadmı?). Gəraylılarının birində şair həyatın ziddiyyətlərini, qaranlıq döngələrini görür, göstərir və şükr eləyir. Çünki müəllif inanır və inandırır ki, insan, onun gözəgörünməyən
gücü yenilməzdir.
Şeirlərin əsas leytmotivi məhək daşı, müəllifin ad verdiyi “Ürək daşı” məhz budur.
Bu əbədiyyəti şair eşqlə, qürurla qələmə alır və yanılmır.

Dizim yerə gələn vaxtı
güc gələn qeyrətə şükür.
Nur üzə hər gün təzədən
yaranan heyrətə şükür.

Yaxınları uzaq bildik,
uzaqları sazaq bildik.
Ölən öldü də,
bilmədik,
doğulan Mehmete şükür.

Ömür – durmur, axarında,
ölüm – bəlkə də yaxında.
Danışmağa söz qalıbsa,
şairə və şeirə şükür.

Hörmətli qələm dostum, bənzərsiz şeirlərində müşahidə etdiyim bir yaradıcılıq sirrini də (sirr demək mümkünsə) yeri gəlmişkən qeyd etmək istərdim: şair istifadə etdiyi bir ədəbi növ və janrda, müxtəlif növ və janrların elementlərini işlədir. Beləliklə də, ifadə etmək istədiyi poetik ümumiləşdirmələrə nail olur.
Təbiidir ki, söhbət sənətkardan gedirsə, o heç vaxt fəlsəfi-estetik cərəyanların məhdud çərçivəsinə sığa bilməz, əksinə, özüylə yeni bir fəlsəfi dünyagörüş, ədəbi növ və janr, üslub, yeni təfəkkür tərzi və sairə gətirir. Bəzən özü bütöv bir ədəbi-
fəlsəfi mərhələyə çevrilir.
Yeni üfüqlər!

 

Nəriman HƏSƏNZADƏ
Xalq şairi

Share: