Sözün, müsahibənin gücü…

Sözün, müsahibənin gücü…

Sözün, müsahibənin gücünə baxın. Bir müsahibə bu qədər böyük təsir gücünə malik ola bilərmiş. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 14-də “CNN Türk” televiziya kanalına verdiyi məlum müsahibəsindən gedir.

Müsahibə zamanı səsləndirilən və hər birisi ayrıca müzakirə, təhlil mövzusu olan fikirlər bu günlərdə həm Ermənistanın, həm də Rusiyanın siyasi kuluarlarında sıx-sıx müzakirə edilməkdə, dəyərləndirilməkdədir. Belə də olmalıydı.
Çünki son zamanlar Ermənistan və Rusiyanın 10 noyabr və 11 yanvar razılaşmalarının şərtlərinə və fəlsəfəsinə zidd olan ard-arda o qədər qeyri-adekvat, qeyri-konstruktiv hərəkətlərini görmüşük ki, bu hərəkətlər bir çox suallar doğurur və haqlı olaraq cəmiyyətimiz tərəfindən narazılıqla qarşılanır. Dövlət başçımızın bu məsələlərə sözügedən müsahibəsində aydınlıq gətirməsi həm cəmiyətimizin bilgiləndirilməsi baxımından əhəmiyyətlidir, həm də Ermənistana və havadarlarına Azərbaycanın prinsipial mövqeyinin çatdırılması baxımından həlledici rola malikdir.
Heç şübhəsiz ki, Cənab Prezidentin bu müsahibəsi ilk növbədə Azərbaycanın sülh missiyasını davam etdirəcəyinin təsdiqi kimi gözdən keçirilməlidir. Lakin bölgədə qalıcı sülhün bərqərar olması yalnız bir dövlətin – Azərbaycanın istəyinə, iradəsinə bağlı məsələ deyil. Bu məsələdə bütün bölgə dövlətləri, ilk başda isə Ermənistan və Rusiya maraqlı, qərarlı olmalıdır. Çünki Azərbaycan liderinin imza atdığı 10 noyabr və 11 yanvar razılaşmalarının altında Ermənistan baş nazirinin və Rusiya Prezidentinin də imzaları var. Onlar sözügedən anlaşmaları imzalamaqla Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün üçtərəfli öhdəlik götürüblər.
İlham Əliyev üçtərəfli razılaşmalardan irəli gələn öhdəliklərə sadiqdir. Putin də ilk dönəmlərdə həmin öhdəliklərə sadiqlik göstərməyə çalışan bir lider təəssüratı bağışlayırdı. Və sözün açığı, bu da bizlərdə böyük bir ümid yaradırdı ki, üçtərəfli razılaşmalar ciddi əngəllərlə rastlaşmadan tezliklə tam şəkildə həyata keçiriləcək, sülh müqaviləsi imzalanacaq, sərhədlərin demarkasiyası yekunlaşacaq, erməni silahlıları Qarabağı tərk edəcək, nəqliyyat-kommunikasiya xəttləri, dəhlizləri açılacaq, bölgəyə iqtisadi dirçəliş ab-havası və barış gələcək. Lakin bu gözləntilərimiz təəssüf ki, hələlik özünü doğrultmur.
Çünki görünən budur ki, Ermənistanda keçirilən 20 iyun seçkilərindən və Azərbaycan ilə Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasından sonra Putinin mövqeyində və bölgənin gələcəyində baxışlarında ciddi korrektələr, dəyişikliklər baş verib. Bu isə öz növbəsində Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyinə birbaşa təsir göstərən amillərdən biridir. Məhz bu təsirin nəticəsidir ki, hazırda Ermənistanın baş naziri Nikol Paşinyan həm sərhədlərin demarkasiyasına başlamaqdan, həm də sülh müqaviləsi imzalamaqdan müxtəlif vasitələrlə, bəhanələrlə yayınır.
Eyni zamanda Ermənistan silahlı qüvvələri istər Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi nərazilərdə, istərsə də dövlət sərhədimizin bu və ya digər istiqamətlərində cürbəcür təxribatlar törətməkdə, ərazilərimizi atəşə tutmaqda davam edir. Rəsmi Bakının isə prinsipial olaraq mövqeyi belədir ki, bölgədə davamlı sülh üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh müqaviləsi imzalaması hava-su kimi zəruridir. Prezidentimiz də məlum müsahibəsində məhz bu mövqeyi bir daha ortaya qoydu. Bildirildi ki, Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsi yolverilməzdir və buna son qoyulması üçün ciddi tədbirlər görülməlidir.
Eyni zamanda İkinci Qarabağ müharibəsinin nəticələri də Nikol Paşinyana, eləcə də Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyana dərs olmalıdır. Bir sözlə, Ermənistanın hərbi-siyasi rəhbərliyi də, erməni xalqı da dərk etməlidir ki, onların hazırda yürütdüyü revanşist siyasət Ermənistana yaxşı heç nə vəd etmir. Əksinə, revanşist siyasət bu ölkə üçün fəlakətlə nəticələnə bilər. Bunu başa düşmək üçün Azərbaycan xalqının, Azərbaycan Ordusunun ikinci “Dəmir Yumruğ”una ehtiyac da yoxdur. Yetər ki, Ermənistanın baş naziri və müdafiə naziri revanşist yox, realist olsunlar, reallığı düzgün qiymətləndirə bilsinlər.
Onlar Azərbaycan Prezidentinin vurğuladığı bir həqiqəti dərk etməlidirlər ki, Ermənistanın 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra istər iqtisadi cəhətdən özünə gəlmək üçün , istərsə də hərbi gücünü bərpa etməsi üçün uzun illər və böyük maddi resurslar, insan resursları, kadr potensialı tələb olunur. Və hal-hazırda Ermənistan bu imkanların heç birinə sahib deyil. Ona görə də Ermənistanın siyasi rəhbərliyinin və yeni müdafiə nazirinin revanşist bəyanatları acı gülüş doğurur. Və istər-istəməz ortaya belə bir sual çıxır ki, görəsən, Ermənistan dövlətinin başında duranlar hansı reallıqlarda, hansı zaman və məkan ölçülərində yaşayır və hansı bədən orqanları ilə düşünürlər?
Axı az-çox realizm hissinə malik olan hər bir adekvat siyasət adamı başa düşür ki, hazırkı mənəvi-psixoloji ruh halıyla və hərbi-iqtisadi gücsüzlüyü ilə Ermənistan adlı məğlub dövləti ən müasir silahlarla silahlandırsalar da və məğlub erməni ordusuna nə qədər təlim keçsələr də belə, lakin yenə də Ermənistanı heç bir silahlandırma və heç bir modernizasiya, heç bir ordu islahatı xilas etməyəcək. Bu ki aksiomadır və bunun ki, əlavə isbata ehtiyacı yoxdur. Azərbaycan Prezidenti də “CNN Türk”ün müxbirinə müsahibəsində tamamilə haqlı olaraq məhz bu danılmaz həqiqəti dilə gətirdi və eyni zamanda hazırkı situasiyada Rusiyadan gözləntilərini bəyan etdi.
Əslində Azərbaycanın region ölkələrindən (ilk növbədə isə Rusiyadan) gözləntiləri də çoxdan bəllidir. Belə ki, Azərbaycan bölgədə əsas geosiyasi aktor olan Rusiyadan üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsini, sülhün bərqərar olunması üçün vasitəçi kimi Ermənistanın qarşısında konkret tələblər qoymasını gözləyir. Azərbaycan tərəfi deyir ki, Ermənistan cəmiyyəti artıq müharibənin nəticələrini qəbul etdiyi halda, Rusiyanın Ermənistanı yenidən silahlandırması heç bir məntiqə sığmır. Odur ki, Kreml Ermənistanı silahlandırmaqdan çəkinməli və eyni zamanda Azərbaycanın haqlı iradlarını, narahatlıqlarını nəzərə almalıdır.
Azərbaycanın dövlət başçısı Azərbaycan xalqının təcavüzkar-revanşist Ermənistanın yenidən silahlandırılması ilə bağlı narahatlıqlarını “CNN Türk”-ə müsahibəsində olduqca aydın bir şəkildə, açıq mətnlə və həm də ümid hissilə ifadə etdi: “Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir.
Müharibə başa çatıb, yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir.
Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”.
Zənnimcə, İlham Əliyevin bu mesajlarının əlavə şərhə ehtiyacı yoxdur. Azərbaycan liderinin bu ismarıclarında və iradlarında 10 noyabr və 11 yanvar razılaşmalarının qarantoru kimi bilavasitə Rusiya rəhbərliyindən öz öhdəliklərinə münasibətdə centlmensayağı davranış sərgiləməsi istənilir. Bir növ Rusiyaya deyilir ki, konyukturanın tələblərindən asılı olaraq Kremlin geosiyasi prioritetləri dəyişə bilər və yaxud Kreml Yelisey sarayı ilə hansısa gizli sövdələşmələrə də gedə bilər, lakin bütün hallarda Rusiya rəhbərliyi öz öhdəliklərinə, öz imzasına sadiq qalmalıdır. Rusiya öhdəliklərinə sadiq qalmayacaqsa, indiyə qədər dəfələrlə şahidi olduğumuz kimi bundan sonra da öz müttəfiqlərini itirməyə davam edəcək.
10 noyabr və 11 yanvar razılaşmalarına münasibətdə də Rusiya öz vasitəçilik rolunu axıra qədər yerinə yetirməlidir. Rusiya “ikili standart”lardan çıxış etməməli və Ermənistanı qoyub Azərbaycana təzyiq göstərməməlidir. Eləcə də Rusiya sülhməramlıları da ilk başdan onlara bəslənilən inamı, etibarı bərpa etmək yolunu tutmalıdırlar. Əlbəttə, bu elə də asan məsələ deyil. Çünki son aylarda sülhməramlıların ermənipərəst mövqe tutmaları və birbaşa funksiyalarından kənara çıxan fəaliyyətlərlə tez-tez diqqət mərkəzinə gəlmələri Azərbaycan cəmiyyətində onlara qarşı ciddi inamsızlığın baş qaldırmasına gətirib çıxarıb. Bu isə hesab edirəm ki, həm sülhməramlıların komandanlığını, həm də ki, Rusiya rəhbərliyini narahat etməlidir.
Bir sözlə, regionun növbəti dəfə qan çanağına dönməməsi hazırda məhz Rusiyanın mövqeyindən asılıdır. Rusiya tərəfi Üçüncü Qarabağ müharibəsinin başlanmasını və ya Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirməsini istəmirsə, o zaman sülhməramlılar öz missiyalarını qeydsiz-şərtsiz və layiqincə yerinə yetirməlidirlər. Xatırlayırsınızsa, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin revanşizmə can atan Ermənistanı xəbərdar etmiş və bildirmişdi ki, 10 noyabr öhdəliklərinə əməl etməmək intihar deməkdir. Buyurun, hazırda 10 noyabr və 11 yanvar razılaşmalarında yer alan öhdəliklərə əməl olunmur. Və bunun da məsuliyyəti məhz Ermənistanın və Rusiyanın üzərinə düşür.
Odur ki, Ermənistan və Rusiyanın ekspertləri, siyasətçiləri Azərbaycan Prezidentinin “CNN Türk” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərə, mesajlara emosional reaksiya vermək əvəzinə, o müsahibəni bir daha diqqətlə dinləsinlər və düzgün, rasional nəticələr çıxarmağa çalışsınlar. Əslində İlham Əliyev bu müsahibəsi ilə Ermənistan və Rusiyaya çox mükəmməl “yol xəritəsi” verdi.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: