SSRİ-ni dəhşətə gətirən manyak: 14 qız, 17 qadın…

Andrey Çikatilo. Onun 1978-ci ildən 1990-cı ilədək 53 qətl hadisəsi törətdiyi deyilir. Təbii, bu, yalnız sübut edilmiş cinayətləridir. Qətl siyahısında 21 oğlan, 14 qız uşağı, 17 qadın var.

 

Çikatilo bacısının rəfiqəsiylə evli olub. İki uşaq atası olan amansız manyak ixtisasca filoloq idi. Novoşaxtinskada 32 nömrəli internatda əvvəlcə rus dili və ədəbiyyat müəllimi, sonra isə tərbiyəçi işləyib.

 

Qatil qurbanlarını xüsusi amansızlıqla öldürürdü. Gözlərini oyduğu qız uşaqlarıyla cinsi əlaqəyə girir, qadınların döşlərini, kişilərin penisini kəsirdi.

 

Sual budur: müəllim işləyən Çikatilo necə oldu ki, belə bir amansız qatilə çevrildi?

 

Çikatilo hidrosefal xəstəsi olub. 12 yaşına qədər yataqda altını isladıb. Alt paltarı yaş olan Çikatilo hər səhər anasının şillə-təpiyinə oyanıb.

 

Bu şiddət səhnələri davam edir. Atası İkinci Dünya müharibəsindən qayıtmır. Tək qalan anası hər gün gözünün qabağında zorlanır, təhqir edilir, müxtəlif işgəncələrə məruz qalır…

 

Sonra aclıq illəri… Anası Çikatiloya öyrətmişdi ki, çölə çıxmasın, yoxsa onu da böyük qardaşı kimi oğurlayıb yeyərlər.

 

O, 1954-cü ildə orta məktəbi bitirir, hüquq fakültəsinə qəbul olunmağa cəhd edir, atasının “satqın”, “xalq düşməni” damğası yoluna çəpər olur.

 

1957-1960. Berlində hərbi xidmət. Əsgərlikdə dəfələrlə zorlanır.

 

1962-ci ildə Çikatilonun bacısı Tatyana onu Faina ilə tanış edir. Onlar 1964-də evlənirlər. Toydan sonra Çikatilo Rostov Universitetinin filologiya fakültəsini bitirir. 1965-ci ildə Çikatilonun qızı Lüdmila, 1969-cu ildə oğlu Yuri doğulur. 1965-ci ilin aprelində Çikatilo rayon bədən tərbiyəsi üzrə komitə sədri seçilir. 1970-ci ildə o, Marksizm-Leninizm Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirir, Novoşaxtinskada 32 nömrəli məktəb-internatda rus dili və ədəbiyyat müəllimi işləməyə başlayır.

 

Çikatilonun ilk qurbanı 9 yaşlı qız olur. Onu 22 dekabr 1978-ci ildə zorlayaraq öldürür. 1982-ci ilə qədər isə 9-16 yaş arası yeddi uşaq qətlə yetirir.

 

Çikatilo 12 il ərzində (1990-cı ilə qədər) öldürdüyü 53 insandan yalnız üçünü harada basdırdığını xatırlamayıb. Digər 50 nəfəri necə zorladığını, nə cür öldürdüyünü, harada dəfn etdiyini dəqiqliyi ilə etiraf edib.

 

Uzun məhkəmə prosesindən sonra Andrey Çikatilo 1994-cü ildə 53 nəfəri öldürdüyünə görə edam edilib.

***

Çikatilonu hamı tanıyır. Nədən ki, zaman-zaman haqqında sənədli film çəkilmiş, reportaj hazırlanmış, məqalələr dərc edilmiş. Həm də uzaq tarix deyil, 23 ilin söhbətidir. Hadisələr qulağımızın dibində – Ukraynada baş verib.

 

Fikir verin, valideyn uşağı necə tənbehləyirsə, nə cür cəzalandırırsa, uşaq da kuklanı o cür danlayır, eyni cəzanı verir. İnsan psixoloji travmalardan ibarət canlıdır. İnsan psixoloji travmaları qədərdir.

 

Bu travmaları yenmək, xatirələrdən qurtulub yaşamaq da olar, amma heç kim atasından artıq kişi olmur. “Ata” simvolikdir, “ana” kimi də oxumaq olar.

 

Travma yaddaşımızın dərinliyində girəvə gəzir. Pusqudadır. Bir zərrə boşluq lazımdır ona. Sonra qatıb qabağına aparır adamı.

 

Çikatilonun ilk qurbanı 9 yaşlı Yelena Zakotnovadır. Zorlayıb onu. Döyüb, kəsib, meyit üzərində seksual xarakterli hərəkətlər edib.

 

Fikir verin, Çikatilonun atası bacısı doğulmamışdan iki il öncə müharibəyə gedir və qayıtmır. Qızın atası kimdir? Hər gün anasını zorlayan alman zabitlərindən biri. Həm də Çikatilo və bacısının gözü önündə.

 

Anası hirsini gecələr altını isladan xəstə uşaqdan çıxırdı. Hər gün döyürdü onu.

 

Xəstəliyin verdiyi utanc hissi, anasının təhqiri… Bir də gözü önündə zorlanması…

Sonra əsgərlik. Əsgərlikdə aşağılanan, zorlanan Çikatilo.

 

Əsgərlikdən sonra atasının “satqın” damğasına görə utanc…

 

Və manyaklaşma. Sözün əsl mənasında özünü buraxmaq üçün zəmin.

 

Çikatilo məhkəmədə qeyd edib ki, 9 yaşlı bacımla hər gün anamın seks səhnələrinə baxırdıq. İlk qurbanının da 9 yaşı vardı…

 

İlk hadisənin təfərrüatı aydın deyil, daha doğrusu, səbəbi. Çünki ilk qətlə qədər evli idi, iki uşağı vardı. Hadisə isə 1978-də baş verib. Bir qığılcım olmalı. Bir ştrix. Ki, qayıtsın əvvələ. Yaddaşında kiflənmiş travma cücərib, sarmaşıb ömür yoluna. Zaman keçdikcə vərdişə çevrilib. Oğurluq kimi. Birinci ehtiyac, sonra maniya.

 

Bir qığılcım, qayıdış və 53 qurban.

 

Nəticə dəhşətlidir.

 

Bəs səbəb?

 

Şəxsiyyəti kim formalaşdırır? Valideyndən tutmuş taksi sürücüsünə qədər – hamının rolu var bu bir qaşıq ömürdə.

 

Bu yazı valideyn-uşaq, valideyn-uşaq-mühit münasibətlərindən narahat olduğum üçün yazıldı.

 

Heç kim yaxasını kənara çəkməsin. Hamı yaddaşının dibində kiflənmiş travma daşıyır. Heç kim əmin deyil ki, qəfil qığılcım üstü küllənmiş ocağı üfləməyəcək.

 

Valideyn olmağa nə var ki?

 

Atalıq etmək, ana olmaq çətindir.

 

Tələsmək olmaz.

 

Qadın olsun, sonra ana.

 

Kişi olsun, sonra ata. (Təbii, ”kişi” burada xarakter kimi nəzərdə tutulub)

 

Yoxsa ən cüzi problem, ən cüzi dava-dalaş uşağa psixoloji təsir edir.

 

Tam əminliklə deyirəm, ölkədə gələcəyin çikatiloları böyüyür. Ola bilər, onlar baş kəsməz, uşaq zorlamaz, amma daha ciddi əxlaqsız, daha böyük təhlükə olacaqlar.

 

O, kuklasına, siz ona davrandığınız kimi davranacaq.

 

Təhsildən, hər uşağın əlindəki yekə-yekə telefonlardan, seriallardan, dönərdən, qidalardan, sosial şəbəkələrdən, geyim-kecimdən, cizgi filmlərindəki mesajlardan, yaxud valideynlərin arasındakı uçurumlardan danışmaq olardı, ki, yazar dostumuz İkinci Mahmud demiş, o uçurumdan uşaqlar yıxılır, amma ehtiyac varmı görən?

 

Bu gün övladınıza şiddət göstərsəniz, sabah sizi mişarla doğraya bilər.

 

Qeyd edim ki, Çikatilonun oğlu Yuri də cinəyatkar kimi həbs olunub…

 

Qeyd: Heç kim atasından artıq kişi olmur…

Ömər Xəyyam

 

Share: