Stalinin ölüm xəbərinə gülən Nazım Hikmət – Elçin yazır

Stalinin ölüm xəbərinə gülən Nazım Hikmət – Elçin yazır

 Elçin ƏFƏNDİYEV 

ƏDƏBİ DÜŞÜNCƏLƏR 

(esse )

Bir bənzətmə haqqında

Aşıq poeziyasında tez-tez (hərdən də klassik poeziyada) rast gəlirəm ki, gözəlin cismani portretini çəkəndə, bədəninin, sifətinin, çox zaman da sinəsinin ağlığını qar ağlığına bənzədirlər.

İndi Sarı Aşığın da bayatılarında belə bir təşbehə rast gəldim:

Mən Aşıq qara baxdım,
Ağ baxtım, qara baxtım.
Sinən yadıma düşdü,
Dağlarda qara baxdım.

Səmimidir, axıcıdır, cinas uğurludur, ancaq bir məsələ var: sinəsi yada düşən o gözəl canlı məxluqdur və onun sinəsi, əlbəttə, istidir, hərarətlidir. Qar isə soyuqdur və bu təşbeh o sinənin istisini, hərarətini hiss etməyə qoymur, oxucunu “soyudur”, onun, əgər belə demək mümkünsə, “poetik qızınmasına” mane olur.

Sinə (döş, məmə) – qar bənzətməsi qəribədir ki, aşıq poeziyasında və ümumiyyətlə, folklorumuzda obrazlaşıb, qoşmadan qoşmaya, gəraylıdan gəraylıya, bayatıdan bayatıya keçir.

Belə bir bayatı da yadıma düşür:

Bağban bağdan bar istər,
Xəstə könül qar istər,
İgiddə arzuya bax,
Əl dəyməmiş nar istər.

Gözəl bayatıdır, ancaq bir misra – “xəstə könül qar istər”, məncə, “igid arzusuna” soyuqluq gətirir. “Xəstə könül” – burada cismani mənada deyil, bu xəstəlik şifirlənmiş “nar” xəstəliyidir, söhbət həmin şifrlə bağlı isti yanğıdan gedir.

Bu gözəl bayatıda da dolayısı yolla həmin bənzətməylə rastlaşırıq:

Aşıq, dağdan qar göndər,
Cənnət bağdan bar göndər.
Açılmamış sinədən,
Dərilməmiş nar göndər.

 

Bu bənzətmə hətta müasir şairlərimizin də yaradıcılığına yol tapıb, məs.:

Nə ad verim hüsnünə, dağlardakı qarmısan?

(M.Rahim).

Sarı Aşığın qar soyuğundan uzaq belə bir alliterasiyası isə çox xoşuma gəldi:

Mən Aşıq yara bağlar,
Yar meylin yara bağlar.
Yaramı yar bağlasın,
Yar yaxşı yara bağlar.

Vulkan püskürməsi

Vera Tulyakova – Nazim Hikmətin sonuncu xanımı – xatirələrində yazır ki, 1953-cü ilin martında Nazim infarkt keçirir və bir müddət SSRİ Nazirlər Sovetinin Moskva yaxınlığındakı “Barvixa” sanatoriyasında müalicə olunur.

Dostlar – rus yazıçıları Stalinin ölümünü ondan gizli saxlayırlar ki, sarsılar, ürəyi dözməz. Axırda fikirləşirlər ki, Nazim bunu bilməlidir və bu ağır xəbəri “Barvixa”da ona Konstantin Simonov çatdırır.

Nazim dəhşət içində donub qalır. Bir neçə dəqiqə heç nə deyə bilmir. Hər ikisi yaşarmış gözləriylə bir-birinə baxır.

Simonov: “- Bundan sonra biz necə yaşaya biləcəyik? Axı o, bizim əvəzimizə də düşünürdü!..”- deyir.

Nazim: “- Nə?” – soruşur.

Simonov təkrar edir: “- O, bizim əvəzimizə də düşünürdü!..”

Birdən Nazim yavaş-yavaş, sonra isə bərkdən, az qala qəhqəhə ilə gülməyə başlayır və belə bir isterikadan sonra, nisbətən sakitləşərək: “- İndi biz özümüz düşünəcəyik! Özümüz! Özümüz!”- deyir.

Bu epizodu oxuyanda mənə elə gəldi ki, Nazimin isterikası onun daxili aləmindən – qəfəsdən qopan təhtəlşüur bir püskürmə idi.

Qəfil vulkan püskürməsi kimi.

Şekspir Mitçell deyil

 

Hər dəfə belə şeylər oxuyanda, özümü tənələyirəm ki, niyə vaxtımı itirib, bunu oxuyuram?

Yarımçıq da qoya bilmirəm.

Aleksandra Ripleyin “Skarlett” romanı guya ki, “Küləyin apardıqları”nın (“Küləyin sovurduqları” daha dəqiq olar) ardıdır, yəni Ripley bu romanın ardını yazıb.

Kütlə üçün yazılmış romandır, yəqin elə ona görə də tərcümə olunur, satılır.

Əslində, Mitçellin romanı da “mənim romanım” deyil, bestsellerdir, sadəcə müharibədən əvvəl çəkilmiş film və o filmdəki Vivyen Li və Klark Heybl bu romanı məşhurlaşdırdı.

Ripleyin yazdığı isə daha da artıq dərəcədə sentimentaldır və onun Skarlett Hamiltonu Mitçellin Skarlettindən daha artıq “şirəlidir”.

Ümumiyyətlə, başqasının əsərinin davamı olaraq başqa bir əsər yazmağa ədəbiyyatın nə dərəcədə ehtiyacı var?

İndi kimsə oturub, “Romeo və Cülyetta”nın ardını yazsın ki, sevimli övladlarını itirdikdən sonra Kapulettilərlə Montekkilərin başlarına nələr gəldi?

Düzdü, Şekspir Mitçell deyil, amma hər halda…

Yazılmamış roman haqqında

 

Rəşid bəy Axundov 1874-cü ildə Brüsseldən atasına (Mirzə Fətəliyə) yazdığı məktubda böyük bir sevinc və ruh yüksəkliyi ilə xəbər verir ki, imtahandan əla qiymət alaraq, “Politexnik məktəbin tələbələri sırasına, birinci kursa qəbul olunmuşam” və gizlətmək istəmədiyi bir fəxarətlə yazır ki, professor Şmit onun əlindən tutub: “- Sizi təbrik edirəm, cənab, siz əla imtahan verdiniz.”- deyir.

İllər keçdi və bu sevincin sonu intiharla qurtardı.

Həmin illərin təfərrüatına varıb, roman yazmaq olar.

Ancaq baxır, necə yazırsan?

Yüz dəfə yazılmış şablon bir süjetdir (məhv olmuş arzular, göz yaşları və s.), ancaq belə yanaşsaq, mahiyyətcə şablon olmayan bir süjet yoxdur.

Bəzən eyni süjet ayrılıqda hər biri orijinal olan bədii şedevrlər yarada bilir – “Anna Karenina” və “Xanım Bovari” kimi.

Anna kübardır və ən yüksək kübar cəmiyyətinin xanımıdır, nüfuzlu dövlət adamı Aleksey Kareninin arvadıdır, Emma isə fermer qızıdır, əyalətdə yaşayır, monastır yetirməsidir, ancaq sosial baxımdan, mühit baxımından tamamilə fərqli bu qadınları birləşdirən – süjetdir.

İstedad isə eyni süjetə malik tamamilə orijinal iki böyük əsər yaradıb.

Burasını da deyim ki, mənim üçün Flober – ilk növbədə “Salombo”dur.

Fariseylik

Uzun müddət sosialist Albaniyasının rəhbəri olmuş Ənvər Xoca xatirələrindən və siyasi mülahizələrindən ibarət “Xruşşov Stalini iki dəfə öldürüb” kitabında Sovet İttifaqının Stalindən sonrakı rəhbərliyi barədə təəssüratlarını yazır və Mixail Suslovu (“qaloşlu adam”ı!) beçə, xoruzcuq (rusca “petuşok”) adlandırır, “erməni alverçisi Mikoyan” (“armyanskiy torqovets Mikoyan”)(1) adlandırdığı Anastat Mikoyanın isə Xuruşşovun yanında “padşahın təlxəyi” ( “şut korolya”) rolunu oynadığını, Xuruşşovun onu daima ələ saldığını deyir və s.

Ancaq indiki halda məsələ bunlarda deyil.

Kitabdakı bir epizod mənim üçün maraqlı (və əlamətdar!) göründü.

Dini etibarilə müsəlman olan Ənvər Xoca yazır:

“Söhbətimiz əsnasında yoldaş Stalin məndən soruşdu:

– Yoldaş Ənvər, siz donuz əti yeyirsiz?

Mən:

– Bəli.- dedim.

Yoldaş Stalin:

– İslam dini donuz ətini qadağan edib…”

Və bundan sonra Stalin Ənvər Xocaya xalqın əqidəsinə hörmət etməyi, bu məsələdə ehtiyatlı olmağı tövsiyə edir.

Və bu sözləri, bu məsləhəti müsəlman məscidlərini (Azərbaycanda olduğu kimi) ayaqqabı sexlərinə, anbarlara çevirən, onları xarabaya qoyan bir diktator deyir.

Şekspir qələminə layiq bir fariseylik!

Başqa bir sivilizasiya?

Klassik yapon hokkularını tərcümə edirəm(2) və tərcümə etdikcə də mənə elə gəlir ki, bu hokkular, xüsusən Basyonun hokkuları nə vaxtsa, başqa bir sivilizasiyanın özünüifadəsidir.

Başqa bir xalqın yox, məhz başqa bir sivilizasiyanın.

Şərq və Qərb poeziyası bir-birindən fərqlidir, ancaq indiki halda söhbət fərqdən yox, tamam başqa poetik özünüifadədən gedir.

Burada təbiətlə hisslər arasında elə bir aktiv harmoniya var ki, o nə klassik Qərb, nə də klassik Şərq poeziyasında var.

Bu poeziyada yağlı boyalar yoxdur, yalnız zərif qrafik cizgilərdir. Bədii təfəkkür tərzi başqadır və klassik yapon nəsri də elə həmin başqa təfəkkür tərzinin ifadəsidir.

S.Entyonun “Pion fənəri” povestinə yaponşünas V.Markova ön söz yazıb və deyir ki, bu povest “Şəhrizad”ın kiçik qardaşıdır.

Doğrusu, mən XVIII əsrdə yazılmış bu povestdə “1001 gecə” ilə nə birbaşa, nə də dolayısı ilə bir yaxınlıq gördüm – məsələ onda deyil ki, “1001 gecə” koloriti istiqanlı, “Pion fənəri”in koloriti isə soyuqqanlıdır. Yəqin ona görə ki, yapon xalqının psixolojisi, arzu və istəyi, sevinc və kədəri bizi (hər halda, məni) belə bir “başqa planetli” bədii özünüifadəyə sövq edir.

Eyni cəhəti qədim yapon dramaturgiyasında da görürük.

Antik dramaturgiyanı (“Şah Edip”, “Antiqona”, “Medeya”, “Elektra”), qədim yapon dramaturgiyası (“No” teatrı dramaturgiyası, yaxud “Kabuki” teatrı dramaturgiyası) ilə müqayisə etmək mümkün deyil, ona görə yox ki, biri yaxşıdır, o biri pisdir, ya da ki, aralarında yüzilliklər var.

Ona görə ki, tamamilə müxtəlif bədii təfəkkür ifadələridir.

Hətta Yaponiya nisbətən “avropalaşdıqdın” sonra Akutaqava kimi nəhəng bir yazıçının, ondan sonrakı dövrün Kavataba, K.Oe, Kobo Abe(3) kimi böyük yazıçılarının yaradıcılığında da həmin xüsusilik açıq-aydın hiss olunur.

Mən “istiqanlı-soyuqqanlı” deyəndə, bu, “pis-yaxşı” söhbəti deyil, dediyim həmin bədii təfəkkür tərzinin xarakteridir.

K.Abenin “Qumluqda qadın” və “Başqa sifət” (“Özgə sifəti”, “Yad sifət”) kimi XX əsr nəsrinin, yaxud “İstehkam”(4) kimi XX əsr dramaturgiyasının sanballı nümunələrində, bircə istiqanlı təsvirə belə rast gəlmək mümkün deyil.

————————

* Gnver Xodja. Xuruhev ubil Stalina dvajdı, Moskva, “Alqoritm”, 2010, str. 44.

** Bu tərcümələr 1979-cu ildə mənim ön sözüm, məlumat və şərhlərimlə nəşr olundu (Nərgizin bircə ləçəyi… Bakı, “Gənclik” nəşriyyatı); təkmilləşdirilmiş ikinci nəşr: Bizim həyatımız – bir şeh damlası, Bakı, Tərcümə Mərkəzi, 2016.

*** Mən bu qeydləri yazanda hələ Murakamini oxumamışdım, indi onu da bu sıraya daxil edirəm, xüsusən “Sineqavalı meymun” povestini

**** Sonralar bu pyesi rus dilindən tərcümə etdim (Skapenin kələkləri, Bakı, Tərcümə Mərkəzi, 2017, səh. 441-523).

Share: