Stalinin Rəsulzadə təşvişi və ingilis xəfiyyəsi ilə saziş…

Məhəmməd Əmin Rəsulzadə AXC devriləndən sonra vətəni tərk etməyə məcbur olur. Mühacirətdə Vanda adlı polyak xanımla ailə həyatı qurur. Sonradan adı Leyla olaraq dəyişdirilən Vanda ömrünün sonuna qədər Rəsulzadəyə sadiq qalır.

Rəsulzadə öz həyat yolunun gizli ştrixlərinin, demək olar ki, hamısını Vandaya danışmışdı. Cümhuriyyətin qurulmasından tutmuş rus torpaqlarından qaçana qədər, hər şeydən Vanda xanımın xəbəri var idi. Bəzi xatirələrində o, Rəsulzadənin şəxsi arxivi kimi də çıxış edib. Elə Leyla xanım öz xatirələrinin birində maraqlı bir məqama toxunub:

“Rəsulzadə Moskvada yaşayarkən mədəsində yara əmələ gəlir və o, xəstəxanaya yatırılır. Stalin bu xəstəlikdən çox narahat olub. Rəsulzadə öldüyü təqdirdə bunun təbii bir ölüm olduğuna kimsəni inandıra bilməyəcəyindən və Azərbaycanda baş verə biləcək bir üsyandan qorxduğu üçün Rəsulzadə Finlandiyada bir xəstəxanaya köçürülür. Burda Rəsulzadə ingilis agentləri ilə münasibət qurur. Ona xaricdə sürdürə biləcəyi müstəqillik mücadiləsini dəstəkləməyi və qaçmağı təklif edirlər. Və bunun qarşılığında müstəqillikdən sonra Bakı neftinin istismarında imtiyaz istəyirlər. Rəsulzadə bu bazarlıqdan çox rahatsız olmasına rəğmən, şərtləri qəbul edir, bir gecə qayıqla xəstəxanadan qaçırılır”.

Vanda xanım öz xatirələrini danışarkən artıq çox yaşlaşmışdı. Təbii ki, yaddaş hər bir insanı aldada bilər.

1944-cü ildə Sovet ordusu artıq cəbhəni yarıb Qərb istiqamətində irəliləyirdi. Rumıniyaya yaxınlaşdıqlarını gördükdə Rəsulzadə müharibədə neytrallığını saxlayan İsveçrəyə keçmək istəyir. Lakin İsveçrə sərhəd qoşunları sərhədi keçməyə izn vermir. Bu arada amerikanlar yaxınlaşır və vəziyyətin dəyişəcəyini güman edib hələ də gözləyən Rəsulzadə onların əlinə keçir.

Qeyd etməliyik ki, müttəfiqlər antisovet mühacirlərini ələ keçirdikdə, onları Moskvaya təhvil verirdilər. Rəsulzadəni də bu tale gözləyirdi. Lakin onu buraxırlar. Məhəmməd Əmin Rəsulzadəni xilas edən onun həyat yoldaşı, polyak Vanda xanımın göz yaşları olur. Axıra qədər həyat yoldaşına sadiq qalan, onu böyük məhəbbətlə sevən Vanda xanım 1947-ci ildə onunla birgə Türkiyəyə gəlir və ömrünün sonuna kimi burada yaşayır.

Moderator.az

Share: