Su şırıltısı …      

Su şırıltısı …      

Meyxoş Abdullah  

   (hekayə)

Onunla təyyarədə tanış olduq. İstanbul-Bakı reysiylə uçan təyyarədə yerimiz yan-yana idi.       Təyyarə havaya qalxanda dərindən köks ötürdü və oturacaqdan bərk-bərk yapışaraq, hürkək nəzərlərlə mənə  baxdı. Baxışlarından hiss etdim ki, o, yüksəklikdən qorxur.

Bu qorxu hissini onun canından çıxartmaq üçün, əvvəlcə, otutacaqdan bərk-bərk yapışan əllərindən tutmaq istədim. Sonra nə fikirləşdimsə, ağlımdan keçən bu fikirdən vaz keçdim. Gözlərimi onun gözlərinin içinə  zillədim və demək istədim ki; – qorxmayın, siz burada tək deyilsiniz.

Təyyarə havaya qalxandan sonra, o bir azca sakitləşdi. Oturacaqda yerini rahatlayaraq, dərindən köks ötürdü və nəzərlərini təyyarənin salonuna dikdi. Onun sakitləşdiyini gördükdə, mən də arxayınlaşaraq öz yerimi rahatladım.

Yol yoldaşım qürurlu qadına oxşayırdı. Bayaq ani baxışlarından, gözlərinin rənginə kimi fikir vermişdim. Bir azca yaşılaçalan cazibədar gözlərinin dərinliyində, sanki keçmiş xatirələri mürgü vururdu. Səliqə ilə daranaraq çiyinlərinə tökülmüş xurmayi saçları, sanki dağ döşündən süzülən şəlaləyə bənzəyirdi. Dalğavari saçları onun bir azca uzunsöv, ağ sifətinə özgə bir yaraşıq verirdi.             Qadının barmağındakı iriqaşlı üzük, qolundakı böyük həcmli saat və boynundan sinəsinə doğru sallanan gümüşü rəngli həmayil nəzərlərimdən qaçmadı. Adətən, rəsmi dövlət işlərində çalışan və bir də kübar ailələrə mənsub xanımlar bu cür aqsesuarlardan istifadə edirlər.

Qadının ciddi görkəmi onu bir azca  yaşlı göstərirdi. Amma sir-sifəti çox təravətli idi. Üz-gözündə bircə dənə də olsun qırış gözə dəymirdi. Qırmızı rəngə boyanmış dodaqları isə, onun sifətini daha da cazibədar göstərirdi. Hiss olunurdu ki, bu qadının  cavanlığı çox ürəklərə dağ çəkmişdir.

O, təyyarənin pəncərəsindən göylərin ənginliklərini seyr edirdi. Adətən dalğın və fikirli adamlar belə edirlər. Onlar  fikirlərini dağıtmaq üçün gözlərini bir nöqtəyə zilləyərək, uzun-uzadı xəyala dalırlar.

Oğrun nəzərlərlə ona baxırdım, elə bil onu hardasa görmüşdüm. Amma belə bir ciddi qadını harada və nə vaxt gördüyümü xatırlaya bilmirdim. Əslinə qalsa, bəlkə də, onu ilk dəfə  idi ki, görürdüm. Amma mənə elə gəlirdi ki, onu hardasa görmüşəm.

Qadınlar həmişə kişilərin maraq dairəsində olurlar. İllah ki, uzaq səfərlərə çıxanda. Təyyarədə, qatarda qadınlarla yol yoldaşı olmaq çox maraqlı və yaddaqalan izlər buraxır insanın qəlbində.

Onunla yaxından tanış olmaq istəyirdim. Onsuz da, bir neçə saatdan sonra mənzil başına çatıb ayrılacaqdıq. Bayaq təyyarə havaya qalxarkən onun azacıq qorxması indi söhbətimiz üçün mövzu ola bilərdi, düşündüm. Ona görə də, astaca:

– Xanım, daha qorxmursunuz ki? – deyə özümdə cəsarət tapıb soruşdum.

O, qəfil səsdən diksinən kimi oldu. Tezcə də, üzünü çevirib mənə baxdı və gülümsədi. Gülümsəyəndə sağ gözü bir azca qıyılan kimi oldu. Bu halı ona çox yaraşıq verirdi. Sanki utancaq bir qız təsəvvürü yaratdı adamda.

Qadınlar gülümsəyəndə çox gözəl olurlar, sanki məşhur rəssam Leonardo da Vinçinin Mono Lizası kimi…

Onu xəyallar aləmindən ayırdığım üçün məndən inciyəcəyini zənn etdim. O isə:

– Yoox… Daha qorxmuram. Bu hal məndə həmişə belə olur. Əslində, işimlə bağlı səfərlərdə çox olduğuma görə, təyyarədən tez-tez istifadə edirəm. Amma hər dəfə ayaqlarım yerdən üzüləndə, beləcə həyəcan keçirirəm. Axı, biz yer adamıyıq,  həm də, torpağa çox bağlıyıq, – dedi və yenə də gülümsədi.

Təəccübləndim. Elə təəccübləndim ki, hətta, o da mənim bu həyəcanımı hiss etdiyindən bir müddət gözlərini məndən ayırmadı.

Məni heyrətə gətirən onun səsi idi. Onun səsi ecazkar və nota köçürülməmiş həzin  bir musiqini xatırlatdı mənə. Bəlkə də, məşhur musiqiçi Şopenin ifası kimi…

Bu səsin həzinliyini bütün varlığımda hiss etdim. Bu səs, sanki ilmə-ilmə, damla-damla canıma, qanıma hopurdu.

İnsan qəribə məxluqdur, başına gələcək hadisələri, elə bil, qabaqcadan duyurmuş kimi özünü həmişə ona hazırlayır. Ürəyimə danmışdı ki, bu səs əbədi olaraq yaddaşima həkk olunacaqdır.

Qadın mənim halımı sifətimdəki cizgilərdən hiss etmişdi. Odur ki:

– Nə oldu, birtəhər oldunuz? – Olmaya, siz də təyyarədən qorxursunuz?! – deyə soruşdu.

Bu sözləri deyərkən, onun dodaqları qaçdı və o, xəfifcə gülümsədi.

Mən yuxudaymış kimi ayıldım. Onun mənə dikilən baxışlarının altında özümü itirən kimi oldum. Hətta, bir azca çaşqınlıq da yarandı məndə. Anlaya bilmədim, o məndən nə soruşdu. Bir az keçəndən sonra ağlıma gəldi ki, xanım narahatçılığımın səbəbini soruşur və o, məndən cavab gözləyir. Odur ki:

– Heç, sizin səsiniz çox gözəldir! – dedim.

O, gülümsədi və qaşlarını çataraq:

– Ahaa…  Hətta…  Bu komplimentdir, ya…?! – deyə o, başını astaca yırğaladı.

Mən bir azca sıxıldım. Anladım ki, tanımadığım bir xanıma bu cür sözlər demək, onun mənim haqqımda düşüncələrini dəyişə bilərdi.

Qadın  mənim narahatçılığımı gözlərimdən oxuyurmuş kimi:

– Necədir səsim?! Deyin, mənim üçün də maraqlıdır?

– Səsiniz çox gözəldir… Amma səsinizin nəyə bənzədiyini, doğrusu, təsəvvürümə gətirə bilmirəm. Həm də, bunu elə bu dəqiqə sizə izah edə bilməyəcəyəm, – dedim.

O gülümsədi.

– Çox sağ olun, xoş sözlərinizə görə. Səsimin gözəl olduğunu, deyəsən, özüm də hiss etmişəm. Amma bunu bir daha mənə xatırlatdığınız üçün, sizə minnətdarlığımı bildirmək istəyirəm. Ancaq, inanın, çox istərdim ki, səsimin nəyə bənzədyini mənim özümə də izah edəydiniz. Bu mənim üçün çox xoş olardı.

Duruxdum və handan-hana:

– Doğrusu, tam yəqin edə bilmirəm. Amma səsinizin təbiətin hansısa ecazkar bir füsunkarlığını özündə əks etdirdiyinə tam yəqinəm…

Qadın bu sözlərimdən xoşhal olmuş kimi:

– Nə gözəl. İndiyə kimi bunu mənə deyən olmamışdı. Sözləriniz  xoşuma gəldi. Amma mənim üçün də maraqlıdır, görəsən səsim təbiətin hansı füsunkarlığını özündə əks etdirir? Xahiş edirəm, bunu mütləq  tapın və mənə də deyin! – deyə o, gülümsədi. – Hə, onu da deməliyəm ki, – deyə xanım əlavə etdi, – siz də yaxşı insana oxşayırsınız.

– Bunu nədən bilirsiniz? – deyə soruşdum.

– Mən bəzən insanların  daxili aləmini görə bilirəm! – deyə o, gülümsədi.

– Doğurdan?!

– Əlbəttə. Bax, sizə deyim ki, sizin daxili aləminiz çox zəngindir. Həm də, sizin ətrafınız tərəfindən  duyulmamaq bir probleminiz də vardır. – Düz demirəmmi?! – deyə o, mənalı-mənalı üzümə baxdı.

– Siz mənim yazıçı olduğumu hardan bilirsiniz?! – deyə, maraqla soruşdum.

– Yazıçı!.. Siz yazıçısınız?! Mən bilmirdim ki, siz yazıçısınız. Dedim ki, siz yaxşı insansınız. Sizin nə yazdıqlarınızdan mənim xəbərim yoxdur, amma hiss edirəm ki, siz çox xeyirxah insansınız.

Onun bu sözlərindən sonra özümə gəldim və hiss etdim ki, xanım ciddi olduğu qədər də  mehriban və zarafatcıldir.

Onunla yaxından tanış olmaq istəyirdim. Ona görə də, ürəyimdən keçdi ki, özüm haqqında ondan nə isə bir şey də soruşum. Məsələn, soruşum ki, mən bir yazıçı olaraq nəyi daha çox sevirəm?  Ağlıma gələn bu sualı elə belə də ona verdim:

– Siz dediniz ki, insanların ürəyini oxumağı bacarırsınız. Onda deyin görək, mən ən çox nəyi sevirəm?

Qadın mənalı-mənalı üzümə baxıb gülümsədi və:

– Deyimmi?! – soruşdu.

– Əlbəttə, deyin! – deyə sevincək  dilləndim.

– Aha… Siz ən çox dənizi sevirsiniz, dalğalı dənizi!..

Yerimdən dik atıldım. Bu hərəkətim elə anidən və gözlənilməz oldu ki, xanım da diksindi.

– Nə oldu sizə? – soruşdu.

Boğazımda bir şey qalmış kimi udqundum. Handan-hana:

– Düz tapdınız. Bu hardan ağlınıza gəldi? – deyə soruşmaq istədim. Amma bayaq onun: – “Mən insanları yaxşı  tanıyıram” – sözlərini yadıma salıb susdum.

– Demək dənizi sevirsiniz?! – deyə xanım başını buladı. – Mən də dənizi sevirəm, özü də, lap çox sevirəm. Dəniz mənim arzularımdır, xəyəllarımdır. Dəniz mənim sirrlərimi bölüşdüyüm tək dostumdur. Bilirsən, o necə sirr saxlayır?

– Bilirəm! – dedim. Mən də sirrlərimi dənizə danışıram.

– Sizin də sirriniz olur? Axı, kişilər sirr saxlamağı bacarmırlar.

– Baxır kimə? – dedim.

– Hə, bağışlayın, unutdum, axı siz yazıçısınız, sizin ürəyiniz dolu olar! – deyə xanım mənalı-mənalı üzümə baxıb gülümsədi.

Onun nəyə işarə vurduğunu anlasam da susdum. Susdum ki, onunla başladığım söhbət başqa bir məcrayə yonəlməsin.

– Türkiyədə istirahətdəydinizmi? – deyə soruşdum.

Üzümə  baxıb gülümsədi və:

– Yox, iş dalısınca göndərilmişdim.

– Bəs, siz? Yəqin ki, yaradıcılıq ezamiyyətindəydiniz? – deyə qadın məndən soruşdu.

– Hə, elədir, bir az yazı-pozu işlərim vardı, onları həll etməyə gəlmişdim.

Düşündüm ki, bu məqamda onun nə işlə məşğul olduğunu soruşmaq yerinə düşərdi. Odur ki, dedim:

–  Bəs siz? Sizin işiniz nədən ibarətdir?

O üzümə baxıb gülümsədi və asta-asta başını bulayıb:

– Bağışlayın, belə hallarda susmağa üstünlük verirəm. Susuram ki, ürəyimdəkiləri deyə bilim.

O dəqiqə səhvimi anladım və yersiz sualıma görə üzrxahlıq etmək istədim. Amma, nədənsə bacarmadım. Hiss etdim ki, o məni bağışlayıbdır.

Gözlərimi yumub bir azca yatmaq istədim. Elə həmin anda o ecazkar səs yenə də məni diksindirdi:

– Nədən yazırsnız?! – soruşdu.

– Hər şeydən… Ailə-məişət mövzuları, cəmiyyətdə baş verən hadisələr… sevgi, məhəbbət, təbiət hadisələri… İndi yazmağa mövzu çoxdur. Amma ən çox yazdığım və mənə uğur gətirən  Qarabağ haqqında  mövzulardır.

– Siz Qarabağlısınız?!

– İndi biz hamımız Qarabağlıyiq, xanım! – deyə cavab verdim.

– Hə, bax, bu sözünüzə varam. Düz deyirsiniz, Qarabağ bizim hamımızın yaralı yeridir, sağalmayan dərdimizdir. Qarabağdan danışanda həmişə kövrəlirəm. Axı, anam Şuşalıdır! – deyə qadın dilləndi və dərindən ah çəkdi… Bir qədər sonra:

– Onda siz cənublusunuz, elə deyilmi? – deyə soruşdu.

– Elədir!..

Sonra verdiyi sualının cavabını tamamlamağa mənə imkan verməyərək əlavə etdi:

– Cənublular, mehriban, qonaqpərvər və istiqanlı olurlar.

Mən onun cənublular haqqında dediyi xoş və səmimi sözlərinə bir az da şirinlik qatmaq məqsədiylə:

– Həm də,  çoxdanışan və tez küsəyən olurlar! – dedim və bərkdən güldüm.

Mənim sözlərim onun xoşuna gəldiyindən, o da ucadan güldü və ehmalca əlini əlimin üstünə qoyub möhkəmcə sıxdı.

Onun qəfil etdiyi bu hərəkətindən, qadın nəvazişindən çox, bir idmançı qadının gücünü hiss etdim canımda. Deyəsən, bunu o özü də hiss etmişdi. Ona görə də, əlini əlimdən çəkərək sinəsində çarpazladı və:

– Çox maraqlı, həm də zarafatcıl insansınız, sizə rəğbətim artdı! – dedi. Sonra dərindən köks ötürərək:

– Mən özüm də zarafatı xoşlayıram və şən adamları sevirəm. Amma zarafatı xoşlayan adamların əksəriyyətinin qəlbində çox böyük kədər gizlənir, bunu bilirdinizmi? – deyə o, sual dolu baxışlarını üzümə dikdi.

– Hə, əlbəttə!..  Eşitmişəm bu barədə, – deyə gülümsədim.

– Eşitmisiniz?!.. – deyə, o da xəfifcə gülümsədi.

Tanımadığım, amma ilk baxışdan məğrur görünən bu xanımın qəlbində hansı sirrlərin  gizləndiyindən hələ ki, xəbərim yox idi. O mənim üçün sirrli-sehirli bir aləm idi, hələ ki…

Hər bir görüşün, şirin xatirənin sonu olduğu kimi, bizim bu görüşümüzün də sonu gəlib çatdı.

Təyyarə yerə enəndə onun çövrəsinin necə allandığının şahidi oldum. O sevinirdi.

– Ayağımız, deyəsən,  torpağa dəyir? – deyə onun qəlbindən keçən hissləri duyurmuş kimi dilləndim.

Üzümə baxıb, gülümsədi və:

– Yazıçı ki, yazıçı… – deyərək, başını buladı.

Təyyarə limanında onun yüklərinə kömək etdim. Hara gedəcəyini, bəlkə bir köməyə ehtiyac  olduğunu soruşdum.

Gülümsəyərək:

– Narahat olmayın, məni çıxışda gözləyirlər, – dedi. Sonra:

– Siz telefon nömrənizi verin,  mehriban insan olduğunuza, həm də əsərlərinizi oxumaq üçün mütləq sizi axtarmalı olacağam! – dedi.

Ona telefon nömrəmi verdim. Adımı və telefonumun nömrəsini telefonuna qeyd etdi. Gözləyirdim ki, o da mənə öz telefon nömrəsini versin. Hətta, onun telefon nömrəsini qeyd etmək üçün hazırlaşırdım da. O isə bircə kəlmə dedi:

– Mən sizi axtaracağam, Məmməd müəllim!

O mənim adımı dilində elə gözəl səsləndirdi ki, adım özümə də xoş gəldi. Odur ki:

– Adımı unutmazsınız ki?!

– Yox, bu adı heç vaxt unutmaram. Bu ad əbədi olaraq, artıq yaddaşıma həkk olunubdur.

Onun bu sözlərinə çox sevindim. Minnətdarlıq etmək istəyirdim ki, əlavə etdi:

– Ona görə ki, bu ad mənim rəhmətlik atamın adıdır. Atamın adı da Məmməd idi.

Sonra o, sürətli addımlarla çıxışa doğru getdi.

Çıxışda onu biri hərbiçi olmaqla, üç nəfər şəxs qarşıladı. Gözləyənlər onu görən kimi farağat vəziyyət alıb, hərbi qaydada salam verdilər.

O, maşına oturanda  ötəri də olsa, ətrafa nəzər saldı. Hiss etdim ki, uzaqdan da olsa mənimlə xudahifizləşmək istəyir.

Məni gördüyünü bilmədim. Çünki maşına oturarkən gözünə taxtığı qara eynək altında onun hansı səmtə baxdığına məndə yəqinlik yarada bilmədi. Amma qara rəngli xarici maşın gözdən itənəcən onu izlədim.

Maşın gözlərimdən yox olanadək yerimdən tərpənməyib, duruxub qaldım. Bu qadın kim idi? – deyə, öz-özümə sual verdim. Cavabsız suallar bir müddət beynimdə ilişib qaldı. O qadının xoş siması uzaqdan görünən ilğım kimi yaddaşımda gah itir, gah da yenidən peyda olurdu. Amma onu nə vaxtsa  yenə də görmək arzusundaydım.

Bu hadisənin üstündən bir müddət vaxt gəlib keçdi. Hər xarici səfərlərə gedəndə, xüsusən də, Türkiyə səfərlərim zamanı  gözüm o xanımı axtarırdı. Keçən bu vaxt ərzində bir dəfə də olsun onunla rastlaşmadım… Amma səsi və baxışları əbədi olaraq yaddaşıma hopmuş, o gözəl xanım üçün hiss edirdim ki, yamanca darıxıram. Özümü qınayırdım ki, niyə görə onunla əlaqə saxlamaq üçün telefon nömrəsini almadım. Heç olmasa, adını öyrənəydim, bəlkə soraqlaşıb onu birtəhər tapa bilərdim. Bunları etmədiyim üçün çox peşiman idim. Bu bəlkələr və cavabsız suallar, həqiqətən məni yorub əldən salırdı.

Günlər həftələri, həftələr ayları, aylar da illəri qovurdu. O nəməlum qadın isə mənim xatirimdən çıxmırdı ki, çıxmırdı. Hiss edirdim ki, onun üçün bərk darıxıram. O mənim üçün xəyali bir gözələ dönmüşdü. Mənə elə gəlirdi ki, onu çoxdan tanıyıram, lap çoxdan. Çünki, həyatda bir dəfə gördüyün adam üçün bu qədər darıxmaq ancaq dəlilik əlaməti sayıla bilərdi. Ən çox xatırladığım da, onun ecazkar səsi idi. Bu səs məni hər zaman diksindirirdi. Amma yenə də ayırd edə bilmirdim ki, onun səsi nəyə bənzəyir. Bu səs, təbiətin hardasa ən füsünkar, ən ecazkar bir səsiydi.

Çox darıxırdım o səsdən ötəri. Ona görə də, tez-tez yolumu şəhərə salardım. Düşünürdüm ki, bəlkə bir gün yenə də o qadınla rastlaşdım. Fikirləşirdim ki, əgər o dənizi sevirsə, onda mütləq bir gün biz dəniz sahilində rastlaşmalıyıq.

Bu fikir beynimə elə hopmuşdu ki, dəniz sahilinə hər gələndə, sanki o buralarda  dolaşırmiş kimi onu axtarırdım. Bilmirəm, başqalarında bu hiss necədir, amma məndə belə bir fikir yaranıb ki, insan dəniz sahilində ancaq sevgi barədə düşünür. Və mənə elə gəlir ki, dəniz sahili ancaq sevənlər üçün nəzərdə tutulmuşdur.

… Bir gün də belə günlərdən biri idi. Günəş hələ çıxmamışdı. Ətraf çox sakitlik idi. Dənizin qırçınlı ləpələri adamın yorğun əhvalına, elə bil sığal çəkirdi. Dənizin sahili ilə irəlilədikcə kövrək hisslər qəlbimin sarı simlərinə toxunub, onu elə sızladırdı ki… Bərk düşüncələrə dalmışdım. Yumaq kimi dolaşıq düşmüş fikirlərimi bir yerə səhmanlaya bilmirdim. Xəyallarım yüyənsiz at kimi hara gəldi çapırdı.

Elə bu zaman qulağıma qəribə bir səs gəldi. Bu səs, sanki qərinələrin dərinliklərindən gəlirmiş kimi məni diksindirdi:

– Salam, sabahınız xeyir olsun, dəniz ruhlu yazıçı! – deyə,  kimsə arxamdan dilləndi.

Bu səs, onun səsi idi… Hansı ki, bir neçə müddət bundan qabaq təyyarədə tanış olduğum və hələ də qulağımdan getməyən o qadının səsi. Mənə elə gəldi ki, onu hər gün düşündüyümə görə, eşitdiyim bu səs aşikarda deyil, xəyallarımda dolaşan səsdir, birdən-birə qulağıma gəldi.

Geri çevrildim. İdman paltarında, gözündə qara eynək olan bir qadın dayanmışdı qarşımda. Mütənasib bədən qurluşu idmançılarda olduğu kimiydi. Elə bil, bürüncdən yonulmuş bir qadın heykəl idi, dübbədüz dayanmışdı.

Qadın gözlərinə taxdığı qara eynəyini çıxarıb, gülümsər gözlərini mənə dikərək, sanki onu tanıyıb-tanımadığımı öyrənmək üçün hələ ki, susurdu.

Özümü itirən kimi oldum.  Doğurdanmı, bu o idi?! – düşündüm.

Qadın bunu hiss etdiyindən, gülümsəyərək əlini mənə tərəf uzadıb:

– Xoş gördük sizi, Məmməd müəllim!.. Necəsiniz?

Əlimi  uzatdım. Əlim, elə bil bir topa pambığa dəydi, onun əli yumuşaq və isti idi.

– Siz necəsiniz? Nə xoş təsadüf? – deyə sevincimi gizlədə bilməyərək soruşdum.

O ağıllı qadın idi. Mənim həyəcanlanmağımdan hiss etdi ki, bu  heç də təsadüfü görüş olmadı. Mən bu görüşü uzun müddətdir ki, arzulamışam. Nə bilim, bəlkə də, onun gözlərinə belə həsrətlə baxdığımdanmı, ya mənim ürəyimdən keçənləri oxuduğundanmı o, tam yəqin etmişdi ki, mən onun üçün çox darıxmışam və bu görüşün həmişə həsrətində olmuşam.

Odur ki, əlimi əlində buraxmayaraq:

– Yəqin ki, bilməmiş olmazsınız, hər təsadüfdən bir zərurət doğur. Elə deyilmi? – deyə,  mənalı-mənalı gülümsədi.

– Hə, deyəsən elədir! – deyə onun sözlərini təsdiqlədim.

–  Deyəsən yox… Həqiqətən belədir! – deyə bərkdən güldü. Sonra dənizə baxaraq:

– Sizi deyə bilmərəm, mən demək olar ki, səhərlər tez-tez gəlirəm dəniz sahilinə, təbii ki, əlavə bir işim çıxmayanda, – deyə qadın dilləndi.

– Mən isə  şəhərə yolum düşəndən düşənə gəlirəm bura. Nə işim olsa, birinci  növbədə dənizə baş çəkirəm. Demişdim axı sizə, dənizi çox sevirəm. Amma necə olub ki, sizinlə rastlaşmamışam? – dedim.

– Hə, dənizi sevdiyinizi bilirəm. Şəkillərinizdən görmüşəm. Bəs, necə? – dedi, – sizinlə tanışlıqdan sonra haqqınızda çox şey öyrənə bildim? Hətta, əsərlərinizi oxumağa  belə vaxt da tapmışam. Açığını deyim ki, gözəl yazırsınız.

– Doğurdan?! – deyə sevincək soruşdum.

– Hə, əlbəttə, sadə  və şirin dildə. Doğrusu, kitab oxumağa vaxtım az olur, amma əlimə yaxşı əsər keçəndə mütləq oxuyuram. Mənimki, musiqidir, bir də rəsm əsərləri çəkmək. Boş vaxtlarımda, demək olar ki, bunlarla məşğul oluram. Birdə ki, səhərlər və işdən sonra  bu sevimli  dəniz. Evimiz bura çox yaxındır, beş-on dəqiqəlik yoldur. – Bəs, siz şəhərin harasında olursunuz? – deyə qadın soruşdu.

– Mən əyalətdə yaşayıram, cənubda. İşlərimlə bağlı şəhərə tez-tez gəlib gedirəm.

– Şəhərdə eviniz olmamış olmaz? – deyə o, əlavə etdi.

– Yox! – deyə cavab verdim. Gələndə dost, tanış evində, çox vaxt da mehmanxanada qalıram.

– Bəs, bu tezdən dəniz sahilinə hardan gəlib çıxmısınız?

– Rayondan gəlmişəm! – dedim.

– Yaxşı da, zarafat etməyin? – deyə qadın təəccüb etdi

– Həqiqi sözümdür, ala-qaranlıqdan durmuşam, günəş çıxmamış özümü şəhərə çatdırmışam. Maşınla iki-üç saatlıq yoldur.

– Çox sevdim sizin dəniz sevdanızı. Həqiqətən, qibtə olunasıdır. – Bəs, niyə şəhərə köçmürsünüz?

– Çox istəyirəm, köçüm gəlim Bakıya, amma imkanım yoxdur. Bu yaşımda da, kirayədə qalmaq mənə çətin olar.

– Hə, elədir, hər işin öz vaxtı var, gərək işlərini vaxtında görəsən. – Gəl, belə edək, görürəm  evdən tez çıxdığınıza görə, nahar da etməmisiniz, gedək bizə yaxşıca nahar edək. Sizə gözəl kofe dəmləyim, bir az söhbət edək. Sonra hara istəsəniz gedə bilərsiniz, yaxşımı? – deyə qadın qolumdan yapışdı.

Onun bu təklifi mənə qəribə gəlsə də, amma  ürəyimdən oldu. Etiraz da edə bilməzdim. Birdə ki, bu qadın haqqında ürəyimdəki gizli marağım məni dərhal onunla razılaşmağa məcbur etdi.

Qadın yaxınlıqdakı bağ evlərindən birinin qapısını açarla açanda hiss etdim ki, o, bu evdə tək yaşayır. Həyətə girəndə gül-çiçəkli bir mənzərəylə rastlaşdıq. İlk gözümə dəyən iri tut ağacı oldu. Bir az kənarda isə gözəl şaftalı ağacı vardı, meyvəsi çox olduğundan budaqlarının ucu yerə dəyirdi. Həyət olduqca səliqə, səhmanlı idi. Hər şey onun özünə oxşayırdı.

Biz otağa keçdik, dəbdəbəli olmasa da, şəhər evlərinə xas olan gözəl arxetektur  nümunələri ilə bəzədilmiş otaqları göz oxşayırdı.

Qonaq otağı yığcam və səliqəli idi. Divarlarından gözəl tablolar  asılmış bu otaq adamın zövqünü oxşayırdı.

Birlkdə nahar etdik. Doğrusu, çox sıxılırdım. O bunu hiss etdiyindən gülə-gülə:

– Hörmətli yazıçı, siz nə təyyarədə, nə də indi heç mənim adımla maraqlanmamısınız? Niyə?!

Doğrusu, elə bil ayılan kimi oldum. Qadının həddən artıq ciddi olması onun adını soruşmağa çəkindirmişdi məni.

– Elə isə, buyurun, xahiş edirəm, adınızı deyin! – deyə onun bu sözlərindən sonra, elə bil cəsarətləndim.

– Adım  Aliyədir. Elə belə də müraciət edə bilərsiniz.

– Gözəl adınız var! – deməyə özümdə güclə cəsarət tapdım. Bunu o da hiss etdi.

Səhər yeməyindən sonra məni özünün şəxsi kitabxanasıyla tanış etdi. Onun kitabxanası çox zəngin idi.  Nadir kitab nümunələrinin ötəri də olsa gözümə dəyməsindən hiss edirdim bunu.  Bura onun, həm də, şəxsi iş otağı idi. Başqa otaqlarda olduğu kimi iş otağında da, divardan asılmış çoxlu tablolara rast gəldim. Tabloları mənə göstərərək:

–  Bu rəsmlərin çoxunu özüm çəkmişəm, – dedi.

–  Doğurdan?! – deyə təəccübümü gizlətmədim. Çox gözəl rəsm əsərləridir, – dedim.

Divarın bir küncündə, səliqə ilə asılmış hərbi geyim formasını görəndə təəccübləndim. Və o anda düşündüm ki, bu qadının həyat yoldaşı hərbiçidir. Amma diqqətlə baxanda bu hərbi formanın qadının özünə aid olduğunu gördüm. Tezcə də fikrimdən daşındım və tam yəqinliklə əmin oldum ki, bu xanım  özü hərbiçidir. Özü də, deyəsən, lap böyüyündən. Çünki hərbi formanın çiyinlərindəki iri ulduzlar mənə fikrimi təsdiqləməyə imkan verirdi. Ondan heç nə soruşmadım.  Fikirləşdim ki, əgər  evində olduğum bir saat ərzində bu xanım özü haqqında bir məlumat verməyibsə, demək soruşmağa da dəyməz.

Bir azdan Aliyə xanıma getmək istədiyimii bildirdim.

– Özünüz bilin, getmək istəyirsinizsə gedin. Əgər qalmağa yeriniz yoxdursa, çəkinməyin, qala bilərsiniz, evimiz genişdir – dedi.

– Yox, sizə əziyyət verməyim. Getsəm yaxşıdır, – dedim.

– Hə, onda özünüz bilən məsləhətdir. Yəqin ki, biz yenə də görüşəcəyik? – dedi. Axı, hər ikimiz dənizi çox sevirik.

– Əlbəttə, görüşəcəyik! – dedim.

Ayrılan zaman:

– Sizin davranışınız mənim çox xoşuma gəldi. Gözəl yazıçı olmağınızla yanaşı, həm də gözəl insansınız, – dedi.

Ona təşəkkür edib ayrılmaq istəyəndə, məni arxadan səslədi.

– Hörmətli, yazıçı, telefon nömrəmi götürün, bəlkə lazım oldu. Axı, mən də sizin kimi dənizi çox sevirəm. Bu tərəflərə yolunuz düşəndə zəng vurun, vaxt tapıb mütləq görüşərik.

Onunla xudahafizləşib ayrıldım.

Yolboyu öz-özümə sual verirdim: – Axı, bu hərbiçi qadın kimdir?! Nə işin sahibir?! Niyə bu boyda evdə tək-tənha yaşayır. Bu cavabsız suallar bir müddət beynimdə ilişib qalaraq məni narahat edirdi.

Bir də onunla təxminən bir ay sonra, sentyabr ayında görüşdük. Yenə dənizkənarı parkda. Həmin günü çox kövrək idim. Elə dolmuşdum ki… Sən demə, Aliyə xanım kənardan mənə göz qoyurmuş. Hətta, dənizlə söhbət etməyim də onun gözlərindən yayınmamışdı.

– Yaman dərdləşirdin dənizlə, xeyir ola, bir hadisəmi baş verib? – soruşdu.

– Yox, nə hadisə, sadəcə olaraq, bura gələndə çox kövrəlirəm. Çünkü bura mənim qibləgahımdır. Burada mən təmizlənirəm.

– Qəribə insansınız, dərdinizi açmağa  bu böyüklükdə şəhərdə bir kimsəniz yoxdurmu? Necə olsa, tanınmış yazıçısınız. Sizə rəğbət bəsləyən  xanımlar olar.

– Var, niyə yoxdur?- deyə gülümsədim.

– Aha!.. Dedim axı, bizim yazıçı dostumuz bu cür gözəl əsərləri elə belə havadan yazmaz. İlham pəriniz çoxdurmu?! – deyə, gülə-gülə soruşdu.

– Yox, birdənədir. Hər dəfə bura yolum düşəndə ancaq onunla görüşürəm. Məni  bu şəhərdə qarşılayan da odur, yola salan da. Nə gizlədim, sevirəm onu?

– Çox gözəl. O da sizi sevirmi?

– Sevən vaxtları da olur, sevməyən də. Arada mülayim olur, arada kükrəyib, əsib, coşur. Belə də, bir-birmizi yola veririk.

– Anlamadım sizi. Yəni siz də…

– Aliyə xanım, yoxsa, bu dənizi siz tanımırsınız?! Arada sakit olur, arada da aləmi vurub dağıdır.

Aliyə xanım söhbətin nədən getdiyini indi anlayırmış kimi bərkdən güldü. Onun gülüşü çox gözəl idi. Amma mənə elə gəld ki, o, ömründə birinci dəfəydi ki, belə ürəkdən gülürdü… Özümü saxlaya bilməyib:

–  Aliyə xanım, siz niyə belə qəmlisiniz? Həyatınızda nə isə bir hadisəmi baş verib?

O duruxdu. Sifəti ciddiləşdi. Üzünü mənə tərəf tutub dedi:

– Sizdən birinci və sonuncu dəfə xahiş edirəm. Bir də şəxsi həyatımla bağlı mənə sual verməyin. Mən belə sualları xoşlamıram.

Doğrusu,  pərt oldum. Axı, mən niyə belə etdim, düşündüm?

O mənim belə bir vəziyyətə düşdüyümü dərhal hiss etdi. Pərtliyimi aradan qaldırmaq üçün qoluma toxundu və:

– Mən sizin xatirinizi çox istəyirəm, inanın. Amma insan həyatında elə məqamlar var ki, onlar sirr olaraq insanın özüylə bərabər həyatdan köçməlidir. O sirri heç kəsə açmaq olmur. Deyiləsi sözləri də gərək zamanı gələndə deyəsən. Sizə deyiləsi sözlərim olacaq, amma indi zamanı deyil.

Hiss etdim ki, Aliyə  xanım mən tanıdığım xanımlardan deyil. O, nə isə sirrli bir dünyanın adamıdır. Ona görə də, özümə söz verdim ki, bir daha ondan, mənə aid olmayan məsələlər barədə soruşmayacağam.

İllər gəlib keçdi, Aliyə xanımla görüşümüz ancaq dəniz sahilində olurdu. Onun haqqında, demək olar ki, heç nə bilmirdim. Görüş  zamanı da ancaq ədəbiyyatdan, siyasətdən danışardıq.  Arada da kefinin duru vaxtı mənə sataşırdı. – Sizin bu dəniz sevginiz mənim xoşuma gəlir. Çox sədaqətlisiniz sevginizdə, – söyləyirdi. Amma dəniz sizdən mənə arada şikayət edir, az-az görünürsünüz, – deyirdi.

– Bunu dəniz deyir, ya siz deyirsiniz, Aliyə  xanım? – deyə soruşurdum.

– Elə mən də, dəniz də… Hər ikimiz sizi çox istəyirik. Bir fikirim var, baş tutsa  dənizlə sizi qovuşduracağam. Doğrusu, qibtə edirəm sevginizə, mən də ömrümboyu belə bir sevginin həsrətində olmuşam, – deyə, gələcək arzuları barədə danışardı.

Onunla söhbətimiz çox vaxt çətin olurdu mənə. İçində dünyanın sirrini yığıb saxlamışdı, elə bil. Soruşmağı da mənə qadağan etmişdi. Onu çox istəyirdim, hiss edirdim ki, o qadını sevirəm. Məni başa düşməyə bilməzdi. Amma heç vaxt bunu büruzə  vermək istəmirdi. Bu insanın, bəzən qadın olduğuna belə şübhə edirdim. İçimdə ona qarşı olan maraq didib parçalayırdı məni. Onun qollarından tutub, gözlərinin içinə baxaraq: – Aliyə xanım, axı siz  kimsiniz? – soruşmaq istəyirdim ondan.

Bəzən qəlbinə dəyirdim, uşaq kimi kövrəlirdi, küsürdü. Ondan bağışlanmağımı xahiş edirdim, o dəqiqə  günahımdan keçirdi. Amma küsməyini də heç vaxt boynuna almazdı. Həmişə deyərdi: – “Mən küsmürəm, inciyirəm”.

Son günlər ona qarşı olan istəyim çox artmışdı. Hiss edirdim ki, onsuz darıxıram. Amma o, məni hələ də özündən kənar saxlayırdı. Səsi gecələr yuxuda  qulaqlarıma gəlirdi. Bu səsin sehiri mənim dünyamı əlimdən alırdı, elə bil. Hələ də, bu səsin nəyə bənzədiyini tapa bilməmişdim. Hər görüşümüz  zamanı soruşurdu: – Mənim səsimin ahəngini tapa bildinizmi?

Onun bu sözlərindən sonra utanırdım. Acizanə şəkildə üzr istəyib deyirdim: – Aliyə xanım, axtarıram, bir gün mütləq tapacağam!..

Son görüşümüz onunla çox kədərli oldu. Dəniz kənarında görüşdük. Güllü don geyinmişdi. Çox gözəl görünürdü. Ayağındakı hündürdaban tuflisi onun boyunu bir az da uca etmişdi. Bu görkəmində  o daha baxımlı görünürdü.

–  Bizə gedəcəyik! –  dedi.

Doğrusu, onun  bu təklifi mənə qəribə gəldi. Axı, gec idi, axşam düşürdü.

Mənim fikrə getdiyimi görüb:

–  Narahat olmayın, sizi qonaq saxlayan deyiləm, sizinlə söhbətim var.

Etiraz etmədim. Dəniz sahili ilə gəzə-gəzə onlara getdik.

Darvazadan içəri girəndə qapı ağzında çoxlu kitab bağlamaları, məişət, geyim əşyaları və  tablolar qalaqlanmışdı. İlk ürəymə gələn bu oldu ki, Aliyə xanım, deyəsən, harasa köçür. Amma onunla şərtləşdiyimizə görə şəxsi işləri barədə ondan heç nə soruşmamalıydım.

Evə keçdik. Otaqların döşəmələrində də bağlamalar yığılıb qalmışdı. Yenə bu barədə ondan heç nə soruşmadım.

Məni iş otağına dəvət etdi.

– Bura gəlin, sizinlə vacib söhbətim var, – dedi.

Aliyə xanım iş otağında olan kitab dolabının siyirməsini çəkdi və oradan iki kağız qovluq çıxartdı. Sonra qovluqlardan birini mənim qarşıma qoyub; – aç, oxu! – dedi.

Özü isə  mənimlə üzbəüz oturdu və əlini çənəsinə qoyub nəzərlərini üzümə dikdi.

Heç nə başa düşmədim. Qovluğu açdım. İlk gözümə dəyən, meşənin içərisində, çay qırağında olan gözəl bir ev şəkli oldu. Hər tərəf meşəlik, ağaclar yam-yaşıl idi. Uzaqdan sıralanıb gedən sil-silə dağlar, bu mənzərəyə özgə bir yaraşıq verirdi. Adam bir anlığa özünü bu füsunkar gözəlliyin qoynunda hiss edirdi. Meşənin içərisində inşa edilmiş bu ev məxsusi bir ev idi. Kimin üçünsə xüsusi zövqlə tikilmişdi.

– Gözəl evdir dedim, çox gözəldir. Adamın belə bir evi ola, – deyə, pıçıldadım.

– Qovluğun içində bir yazı var, indi zəhmət olmasa açın, o yazını oxuyun! – deyə, Aliyə xanım dilləndi.

Şəkli kənara qoyub, yazını oxumağa başladım. Orada belə yazılmışdı:  – “Əzizim, Aliyə xanım, artıq mən çox qocalmışam, demək olar ki, ömrümün son anlarını yaşayıram. Lənətə gəlmiş bu xəstəlik mənim canımı almaqdadır. Ömrümün sona çatdığını hiss edirəm. Çox az qalıb ömrümə, bəlkə də sanlı günlər… Sənin belə bir ev arzuladığını bilirdim. Xatırlayırsan, orta məktəbin sonuncu sinifində oxuyanda sənin maraqla baxdığın və: – Kaş, gələcəkdə  belə bir evim olaydı? –  dediyin  o şəkildəki evin neçə illərdir ki, inşasıyla məşğulam. Artıq ev tikilib tamamlanıbdır. Evin bütün sənədləri hazırdır və sənin adına yazılıbdır. Vəsiyyət etmişəm ki, mən öləndən sonra bu sənədlər sənə çatdırılsın. Çox xahiş edirəm gəlib evinə sahib çıxasan.  Qoy, mənim də ruhum şad olsun. Ömrünün sonuna kimi səni qəlbən sevən insan!”

Məktubu oxuyandan sonra gözlərimi Aliyə xanımın gözlərinin içinə dikdim. O ağlayırdı… Hiss etdim ki, suallarım cavabsız qalacaqdır. Ona görə də, ondan bir şey soruşmağa cəsarət etmirdim. Amma maraq mənim içimi qurd kimi gəmirirdi. Özümü heç cür ələ ala bilmirdim. Odur ki, soruşdum:

– Aliyə xanım, bu adam kimdir?

O yanağından axan gözyaşlarını silərək üzümə baxdı. Bu baxışlar bir qədər soyuq baxışlar idi.

– Xahiş edirəm, mümkünsə deyin, bu adam kimdir və sizə niyə görə bu evi bağışlayır? – deyə, təkidlə soruşdum.

O əllərini qoynuna qoyub, üzünü pəncərəyə tərəf çevirdi və ata səslə:

– Həmin adam mənim orta məktəb müəllimim idi. Məni sevirmiş. Bu barədə mən heç vaxt bilməmişəm. O neçə illər bu sevgisini sirr olaraq ürəyində saxlayıb. Hətta, mənə görə ailə həyatı da qurmayıbdır…

Aliyə xanım bu sözləri deyərkən çiyinləri titrədi. Hiss etdim ki, o  ağlayır…

Ona təsəlli üçün nə isə bir söz demək istədim. Əlini havada yelləyib, etirazını bildirdi.

– İkinci qovluğu açın, oxuyun, zəhmət olmasa, – dedi.

Əllərim titrəyə-titrəyə ikinci qovluğu açdım. Orada da bir ev şəkili vardı. Amma bu şəkil birinci qovluğdakı şəkildən fərqli olaraq, əllə çəkilmişdi. Gözəl rəsm əsəriydi. Dəniz kənarındakı bağ evlərindən biri idi. Eynən, Aliyə xanımın yaşadığı evə bənzəyirdi.

Bir az aralıda isə mavi dəniz görünürdü. Dənizin sahilində isə bir kişi şəkli çəkilmişdi. Kişi dənizi seyr edirdi. Diqqətlə baxanda, o şəklin özümə oxşadığını yəqinləşdirdim. Ani olaraq gözlərmi şəkildən ayırıb Aliyə xanıma baxdım. O mənə baxıb gülümsəyirdi.

– Tanıdınmı onu?! – soruşdu.

– Hə, bu ki, mənə oxşayır! – dedim.

– Hə, bu sizsiniz! Bundan sonra hər gün dəniz sahilinə gedib, dənizi doyunca seyr edə biləcəksiniz. Ürəyiniz istədiyi qədər dənizlə söhbət etməyə vaxtınız olacaq, cənab yazıçı.

Nə baş verdiyni, doğrusu, anlaya bilmədiymdən, yerimdəcə donub qalmışdım. Mənə elə gəlirdi ki, yuxu görürəm.

– Başa düşmədim? – deyə, təəccüblə  Aliyə  xanımdan soruşdum.

– Başa düşmədinsə, onda orada yazılanları  aç, oxu! – dedi.

Kağızı açıb oxudum. Orada yazılmışdı: – “Hörmətli, yazıçım, mən sizin xatrinizi dünyalar qədər istəyirəm. Sizin dəniz sevginiz möhtəşəmdir. Mən sizi dənizdən ayırmaq istəmirəm. Çünki sevginin nə olduğunu mən yaxşı bilirəm… Həm də, ayrılığın və həsrətin də nə olduğunu bu həyat mənə yaxşıca başa salıbdır. Ona görə də, bu evimi sizin adınıza sənədləşdirmişəm. Qalın burda, yazın, yaradın… Dəniz sevginizdən də əl çəkməyin. Tanrı hər ikimizə belə bir möhtəşəm sevgi qismət edibdir. Bu çox  böyük xoşbəxtlikdir, anlayırsınızmı? Bu ilahi sevgidir, bu ruh sevgisidir, bunu hər insan yaşaya bilmir!” – deyə Aliyə xanım kədərli-kədərli üzümə baxdı..

Əlimdə kağız donub qalmışdım. Nə deyəcəyimi, necə hərəkət edəcəyimi özüm də  bilmirdim. Sanki yuxuda idim. Bu yuxudan da ayıla  bilmirdim.

Bir addım ona tərəf atdım. Yaman kövrəlmişdim…  Bir himə bənddim ki, hönkürüm. Əllərimi ona tərəf uzatdım. Əllərini ovcumun içinə qoydu. Bir addımlıqda dayanmışdıq. Onun isti nəfəsinin hənrini sir-sifətimdə  hiss edirdim. O da dolmuşdu. Gözlərindən yaş süzülürdü… Dodaqlarının ucunda nə isə pıçıldayırdı… Səsini güclə eşidirdim. Aliyə xanımın yanağından süzülən gözyaşları, pıçıltıyla dediyi sözlərə qarışaraq, gözümün önünə, qayalardan süzülüb, şırhaşır axan dağ çayının ecazkar mənzərəsini gətirirdi.

Bu dəhşətli bir an idi mənim üçün. Sanki havam çatmırdı, boğulurdum. Birdən, nə isə yadıma düşdü. Çoxdan axtardığım və arzusunda olduğum bir şeyi tapmış kimi sevindim.

Bu halımı o da hiss etdiyindən soruşdu:

– Nə oldu sizə?!

– Yadınızdadır, Aliyə xanım? – dedim.  Bir vaxt məndən soruşmuşdunuz ki, mənim səsim nəyə bənzəyir? Xatırlayırsınızmı?!

O,  gözlərini geniş açaraq, baxışlarını üzümə dikdi.

– Hə, əlbəttə, xatirimdədir. Təyyarədə olanda sizdən soruşdum ki, mənim səsim nəyə bənzəyir?  – Deyiin, öyrəndinizmi?!

Mən onun qollarından tutub, ehmalca özümə tərəf çəkdim. Etiraz etmədi. Onunla o qədər yaxın dayanmışdıq ki, gözlərimiz ixtiyarsız olaraq qapanmaq üzrəydi. Gözlər ən ülvi hisslərin qovuşduğu vaxt, bir də ölüm ayağında belə qapanırlar… Ürəyinin döyüntüsünü hiss edirdim. Bədəni yarpaq kimi titrəyirdi. Onun ipək saçları barmaqlarımın arasında şırımlandıqca, köksümə bərk-bərk sığınan bir qadın bədəninin hərarətini hiss edirdim canımda. Sanki dəniz sahilindəki o  tənha və bulud tək dolmuş, kövrək halımda olduğum kimi hiss edirdim özümü  bu an.

O isə, ehmalca əllərini ciyinlərimə toxunduraraq, sanki  məni yuxudan ayıldırmış kimi pıçıldadı:

– Eyy… Nə oldu sizə?! Ayılın!.. Səsimi deyirəm,  mənim səsim nəyə bənzəyir?!

Yaman dolmuşdum… Hıçqırığım içimi titrədirdi. Bir udum qəhər isə boğazımda ilişib qalmışdı.

O isə gözlərini gözlərimdən çəkməyərək:

– Hə, deyin, mənim üçün çox maraqlıdır, xahiş edirəm…

– Sizin səsiniz…

– Hə… hə… Deyin… Mənim səsim nəyə bənzəyir?! – deyə qadın bir qədər səbirsizləşdi.

– Sizin səsiniz, su şırıltısına bənzəyir, Aliyə xanım… Bulağın gözündən axan su şırıltısına…

Onun sifəti allandı, dodaqları qaçdı.

– Hə, doğru deyirsiniz. Yəqin, o meşədəki evin qarşısından axan çayın səsi höpub səsimə, – deyə o xəfifcə gülümsədi.

– Hə, əlbəttə, bu səs dənizin səsinə oxşamır! – deyə, dərindən ah çəkdim və bərkdən hönkürdüm.

Türkmən dilinə tərcümə edib

Orazmurat Muradov

 

Share: