Qəfil hücumla beynimin ən rahat yerlərini işğal edərək cavabları köçgün salıb müvəqqəti yuvalarını əbədi isitdiklərini düşünən vecsiz suallar.
Gün gəlir, beynimdə həll edə bilmədiyim o suallar elə bəsit olur ki, onlara müraciətlə:
-Sən bir sual belə deyilsən artıq. Bambaşqa suallara verilmiş qarşındakından ağılsızlıq uman mənasız bir cavabsan, əsl mövzulardan xilas üçün uydurulmuş bəhanəsən.
Yaradılışın, mövcudluğun, əbədiliyin, həyatın və ölümün, ruhun və bədənin sirrinin bilindiyi bir kainat başımıza gələn ən pis hadisə olardı, yəqin. Əvvəllər həyəcan və səbrsizliklə dinləyəcəyim o qeyri-adi əsrarəngiz “cavab” zamanla böyük bir çıxılmaza çevrilib beynimin kor küçələrinin qaranlığında ölümlə belə xilas ola bilməyəcəyim məngənə kimi sıxardı ömrümün mənasını. Yoxluğun belə sirrini itirdiyi, çıxışı, qurtuluşu, qaçışı olmayan sonsuz bir əzab olardı belə yaşamaq.
Emil Cioran demişkən, istəmədən dünyaya gəldim, istəmədən öləcəm. Biganəlik ən böyük iqtidarı təmin edən son çıxış yoludur.
Düşünməmək, heç nə düşünməmək, beynində uzun-uzadı bir sükut. Pəncərə arxasında küləyin səsi, acıqlı bir kükrəyişlə sahilə gəlib sakitləşərək gedən dalğalar, ən gözəl mənzərəsini batıb gedərkən göstərən günəş, ömrümdən bir parçanı da aparan bitmiş bir gün…
Və yenə də “Dünya” adlı bu möcüzəyə məni kor edən suallar, suallar…