Göygöl rayonu, Topalhəsənli kəndi ərazisində subasma ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən 3 nəfərə ilkin yardım göstərilib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaşlara məxsus iki minik avtomobili daşqın zonasından çıxarılıb, sıradan çıxmış qaz və elektrik xətləri kəsilərək ərazidən kənarlaşdırılıb.
Hazırda Nazirliyin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən intensiv yağışlar səbəbindən Gəncə şəhərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.
Xatırladaq ki, FHN-nin “112” qaynar telefon xəttinə Göygöl rayonu, Topalhəsənli kəndi ərazisində güclü yağış səbəbindən yaranan sel axınında 2 nəfərin itkin düşməsi, bəzi ərazilərə yağış sularının dolması, qaz və elektrik xətlərinə ziyan dəyməsi barədə məlumat daxil olub. Hadisə ilə əlaqədar dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində xilasedicilər tərəfindən 1954-cü il təvəllüdlü Hüseynov Muxtar Hüseyn oğlu və 2001-ci il təvəllüdlü Qurbanov İbrahim Rahib oglunun cəsədləri Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.