Sudanda Mərkəzi Bankın rəhbəri qovuldu və xüsusi təyinatlılara ödənişlər dayandırıldı

Sudanda Mərkəzi Bankın rəhbəri qovuldu və xüsusi təyinatlılara ödənişlər dayandırıldı

Sudanın Suveren Şurasının (idarəedici orqan) rəhbəri, ordu komandanı Əbdülfəttah əl-Burhan Mərkəzi Bankın rəhbəri Məhəmməd əl-Fatih əl-Abidini vəzifəsindən kənarlaşdırıb. 

“Əl Ərəbiyyə” telekanalının məlumatına görə, bu vəzifəyə Buray əs-Siddiq Əli Əhməd təyin edilib.

Bundan əlavə, Əl-Burhan Sudan banklarındakı çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) rəhbərliyinə və şirkətlərinə məxsus bütün hesabların dondurulması, həmçinin xüsusi təyinatlılara hər hansı büdcə vəsaitinin ödənilməsinin dayandırılması barədə qərar qəbul edib.

Suveren Şuraya da rəhbərlik edən əl-Burhanla bu qurumda onun müavini olan çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo (Həmidti) arasındakı fikir ayrılığı Sudanda vəziyyətin gərginləşməsinə səbəb olub. İki struktur arasındakı əsas ziddiyyətlər vahid Sudan silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də ordunun baş komandanı kimin olması məsələsi ilə bağlıdır: əl-Burhan peşəkar hərbçinin və Daqalo  isə seçilmiş mülki prezident olmasında israrlıdır.

Aprelin 15-də Merov şəhərində, eləcə də Xartumda hərbi baza yaxınlığında iki struktur arasında toqquşmalar başlayıb.

Mənbə: TASS

Share: