Sufilərə bənzər həyat yaşayan professor

Sufilərə bənzər həyat yaşayan professor

Çox məhsuldar alimdir, qəribə iş rejimi var. Sübh namazınadək yazıb-yaratmaqla məşğuldur. Azərbaycan musiqi tarixinə özünəməxsus töhfələr verib. Vaxt gələcək, O, Azərbaycan musiqisini tədqiq etdiyi kimi, özü də tədqiqat obyektinə çevriləcək…

Sadə, mehriban, qayğıkeş insandır. Gözündən heç nə yayınmır, diqqətlidir. Qarşısındakı adamların problemlərinə həssaslıqla yanaşır. Mükəmməldir, məntiqli danışmağı bacarır. Ağayanə hərəkətləri, məğrurluğu Onu tanıyanların gözündə daha da uca edir…
…Atası Nəcəfov İsmaıl Cəfərqulu oğlu Xızının Gəmşər mahalının Xirək kəndindən olub. Uzun müddət “Azərittifaqın” Abşeron rayon Ticarət İdarəsində müfəttiş işləyib. Anası Nəcəfova Bibixanım Kərbəlayi Həmid qızı əslən Xızının Gəmşər mahalının Qarabulaq kəndindən idi. Evdar qadın olub…
Haqqında söhbət açdığım Abbasqulu Nəcəfzadə 1957-ci ildə Xızının Qızmeydan kəndində dünyaya gəlib. Orta və ali təhsilini Bakı şəhərində alıb. 2007-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru, 2014-cü ildə isə sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcələrinə yiyələnib.
2015-ci ildən Azərbayсan Milli Konservatoriyası, “Milli musiqinin tarixi və nəzəriyyəsi” (hazırda “Musiqinin tarixi və nəzəriyyəsi”) kafedrasının professorudur. 2019-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq üzrə Ekspert Şurasının üzvüdür…
İmanlı müsəlmandır, namazdan-orucdan heç vaxt qalmaz. Həcc ziarətində olub. Şirin zarafatları, məzəli söhbətləri, məntiqi, səmimi rəftarı, səxavəti, davranışı, təmkini ilə çox fərqlənir. Mən Onunla ABŞ-ın İndiana ştatını gəzib dolaşanda bunların şahidi olmuşam…
…Ömür-gün yoldaşı Ulduz xanım evdar qadındır. Cəfər adlı bir oğlu var. BDU-nu bitirib, iş adamıdır. Məryəm, Aidə və Ayan adlı nəvələrin babasıdır…
Sufilərə bənzər bir həyat yaşayır. Əsas ideyası daxili və xarici dünyanın üfüqlərini genişləndirməkdən ibarətdir. Maddiyat Onun üçün bir vasitədir, mənəviyyat isə həyat kredosudur. Strategiyası, ömrü bir macəra kimi, təminatı düşünmədən yaşamaq və dərinliyinə vardığı hər bir ehtiyacı könüllü olaraq bir kənara qoyub, yaşamağa davam etməkdir. Ruhən çox azaddır. Coşğunluq, nikbinlik Ona enerji verən əsas mənbələrdir. Düşdüyü mühitə dərhal uyğunlaşa bilir, çətinlikləri asanlıqla dəf etməyi bacarır…
Azərbaycan aşiqidir. Bu millətin övladı olduğundan qürur duyur. Hara getdisə ölkəmizi yorulmadan təbliğ edir. O, həm də el-obasına bağlı adamdır, illərlə Bakıda yaşayıb yaratsa da Xızı ilə nəfəs alır, Xızıdan ilhamlanır. Necə deyərlər, əslini-nəslini dananlardan deyil…
Deyir ki,- “Dünyanın bir çox ölkələrində olmuşam. Azərbaycan musiqisini əcnəbilərə sevdirməyə çalışmışam. Qırxdan çox kitab və dərslik proqramının müəllifiyəm. Bu gün də yorulmadan çalışıram ki, araşdırıb bildiklərimi xalqıma ərmağan edim…”
Dekabrın 1-i professor Abbasqulu Nəcəfzadənin doğum günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram…
Elman Eldaroğlu
Share: