Belə bir hadisə ilk dəfə baş vermir. Qarabağda rus sülhməramlılarının nəzarətində olan ərazilərdə dəfələrlə vətəndaşlarımıza, maşın karvanlarımızın sürücülərinə qarşı hörmətsizlik edilib. Mən də bunun şahidiyəm. Sözügedən məsələ haqqında çoxlu material var. Əvvəllər də vurğuladığımız kimi, rus sülhməramlıları oradakı fəaliyyətlərlə bağlı Azərbaycana hesabat verməlidir.
Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a dünən ölkəmizin ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının fəaliyyət göstərdiyi Şuşanın Kiçik Qaladərəsi kəndində ermənilərin Azərbaycana məxsus yük avtomobilinin hərəkətinə maneə yaratması haqqında danışan Ədalət Verdiyev deyib.
Ekspertin sözlərinə görə, sülhməramlıların ermənilərin törətdiyi təxribatlara göz yumması qəbuledilməzdir və Qarabağdakı təxribatçı, cinayətkar ünsürlər ölkəmizin qanunvericiliyinə əsasən cəzalandırılmalıdır:
“Azərbaycan Müdafiə Nazirliyi baş verən hadisəni sülhməramlıların komandanlığı ilə müzakirə etməlidir. Sülhməramlıların gözünün qabağında ermənilərin necə və niyə, hansı haqla yük maşınının qarşısını kəsdiyinin cavabı alınmalıdır, xəbərdarlıq edilməlidir. Ondan sonra isə məsələ ilə bağlı cəmiyyətə rəsmi açıqlama verilməlidir. Qeyd etdiyim ki, belə hadisələr dəfələrlə olub və edilən müraciətlərin, verilən bəyanatların əfsus ki, bir xeyri yoxdur. Görünür, rus sülhməramlıları Şanlı Ordumuzun Fərruxdakı kimi orada da bayrağımızı dalğalandırmasını istəyirlər. Əgər oradakı ermənilərə gücləri çatmırsa, vəzifələrini yerinə yetirə bilmirlərsə, qoy onda Donbasa getsinlər və öz ölkələrinin maraqları üçün xidmət etsinlər. Onsuz da Rusiyada əsgər qıtlığı var. Ermənilərə gəldikdə isə onların etdikləri birbaşa Azərbaycanın dövlət strukturlarının fəaliyyətinə mane olmaqdır. Ona görə sözügedən ermənilərin kimlikləri haqqında məlumat əldə edilməli və onlar dərhal həbs edilməlidir”.
Müstəqil.Az