“Sülhməramlıları bu prosesdə yardımçı alət kimi istifadə etməliyik” – Sabiq nazir

“Sülhməramlıları bu prosesdə yardımçı alət kimi istifadə etməliyik” – Sabiq nazir

Şuşa-Xankəndi yolunda Azərbaycanın QHT təmsilçilərinin, ekoaktivistlərin aksiyaları davam edir. Rusiya sülhməramlıları isə aksiyaçıların və jurnalistlərin Xankəndiyə daxil olmasına icazə vermirlər. İctimaiyyətdə də Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı fikirlər birmənalı deyil.

Bu gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib ki, Rusiya Laçın dəhlizinin bağlanmasından narahatdır.

Ermənistan parlamentinin spikeri Alen Simonyan isə deyib ki, sülhməramlıların mandatı müzakirə olunmalıdır. O, gələcəkdə Rusiyanın sülhməramlı missiyasına alternativ olaraq, Qarabağın təhlükəsizliyinin təmin edilməsi üçün başqa variantları nəzərdən keçirmək lazım gələ biləcəyini qeyd edib.

Bu isə Ermənistanın digər havadarlarını da prosesə cəlb etmək istəyinin nümunəsidir.

Bu məsələlərlə bağlı Müstəqil.Az – a açıqlama verən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan ictimaiyyətində sülhməramlılara münasibət fərqlidir:

“Sülhməramlıların Qarabağa gəlişi Azərbaycanın dəvəti əsasında baş verib. Birincisi, biz başa düşməliyik ki, sülhməramlıların orada vəzifəsi və statusu nədir? Biz onlardan nəyi tələb etməli olduğumuzu dəqiqləşdirməliyik.

Sülhməramlıların missiyası iki hissədən, yəni rus və türkiyəli hərbçilərdən ibarətdir. Onların vəzifələri tam şəkildə müəyyən olunmayıb. Sülhməramlı missiya hərbi-texniki funksiyaları daşıyır. O, siyasi funksiyaları daşıya bilməz, çünki dünyanın heç bir yerində sülhməramlılar vasitəçi ola bilməzlər və hər hansı siyasi prosesdə iştirak edə bilməzlər.

Adətən, münaqişədə olan iki tərəf danışıqlar vasitəsilə bu məsələni həll edirlər, amma bizim vəziyyətdə iki tərəf yoxdur, çünki Azərbaycan tərəfi sadəcə olaraq Ermənistanın işğal etdiyi torpaqları azad edib. Artıq orada münaqişə yoxdur. Sadəcə inteqrasiya prosesi gedir. Biz sülhməramlıları bu prosesdə yardımçı alət kimi istifadə etməliyik.

Onlar sadəcə təhlükəsizliyi təmin edən bir qurum kimi bu proseslərdə iştirak etməlidirlər. Özü də bu, müvəqqəti xarakter daşımalıdır. Onların burada cəmi 5 illik səlahiyyətləri var”, – deyə sabiq nazir qeyd edib.

Müstəqil.Az

Share: