Yeni mövsümün başlanması münasibəti ilə Sumqayıt Dövlət Dram Teatrında kollektivlə görüş keçirilib.
Görüşdə yeni tamaşaların hazırlanması, repertuar siyasətinin qurulmasında tarixə istinad edən, bədii estetik zövqü formalaşdıran, maarifçilik missiyası daşıyan əsərlərə önəm verilməsinin vacibliyindən danışılıb. Yaxın zamanda tamamlanması planlaşdırılan “Varlı ev” (G.Xuqayev) tamaşası, üzərində oxu məşqləri aparılan “Ezop” əsəri (G.Fiqeyredo), yeni mövsümdə təqdim olunacaq “Uçqun” əsəri (T.Cücənoğlu), xalq nağılları əsasında işlənən “Yuxu” əsəri, Azərbaycan Teatr Xadimləri İttifaqının gənc rejissorlar üçün təşkil etdiyi layihədə “Mühacirlər” əsəri (S.Mrojek) barədə, həmçinin Bərdə şəhərinə planlaşdırılan qastrol səfərinə dair müzakirələr aparılıb.
Görüş zamanı Sumqayıt Dövlət Dram Teatrının yeni mövsümü Laçın şəhərində H.Ataxanlının “Missiya” mistik dramı ilə açacağından da bəhs olunub. Əslən Laçının Güləbird kəndindən olan Milli Qəhrəman Qorxmaz Eyvazov əsərin əsas obrazlarından biridir.
Qeyd edək ki, bu mövsümün ilk tamaşalarından biri də Ü.Hacıbəylinin “O olmasın, bu olsun” əsəri olacaq.