Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti Dövlət başçımızın müvafiq sərəncamına uyğun olaraq 2021-ci ilin dahi mütəfəkkir Nizami Gəncəvi ili elan olunması ilə əlaqədar “Nizami Gəncəvi -880” tədbirləri çərçivəsində pandemiya qaydalarına əməl etməklə daha bir yeni layihə hazırlamışdır. Mətn müəllifi və quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov mütəfəkkir şairin “İsgəndərnamə” poemasında önəmli yer alan, didaktik əhəmiyyət kəsb edən İsgəndərlə Nüşabənin hekayətini videoformatda təqdim edir.
Teatrın bir qrup yaradıcı və texniki heyətinin böyük səyi nəticəsində ərsəyə gələn layihədə aktyorlar Sevda Hüseynova, Kamran Muradlı və Aynur Hümmətova maraqlı oyun nümayiş etdirirlər. Layihə rəhbəri Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov, montaj Fuad Kazımov, rəssam Arif Müzəffərov, işıq rəssamı Sənan Qədeşov, qrim Mənsurə Səfərova, səhnə təchizatı Hüseynağa Novruzov və səs rejissoru Famil Ağalıdır. Hekayətin vizual həlli, musiqi tərtibatı və digər texniki göstəricilərin peşəkar səviyyədə işlənməsi müəllif qayəsinin, rejissor ideyasının açılmasına təkan vermişdir.
Müstəqil.Az