Sumqayıt Dövlət Dram Teatrında Xocalı qətliamı ilə bağlı  “Missiya” tamaşası göstərildi.

Sumqayıt Dövlət Dram Teatrında  Xocalı qətliamı ilə bağlı  “Missiya” tamaşası göstərildi.

 

Öncə Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar artist Mübariz Həmidov çıxış edərək  bildirdi ki, Sumqayıt Dövlət Dram Teatrı hər zaman taleyüklü tarixi məqamlarla bağlı əsərlərə  öz repertuarında  geniş yer  ayırıb. Bugün  Xocalı qətliamının  30-cu ildönümündə  də kollektiv  “Missiya” tamaşası ilə münasibət bildirir. Direktor Xocalı faciəsindəki itkilərlə bağlı məqamları dilə gətirdi və qeyd etdi ki,  Müqəddəs  Vətən müharibəsində qazanılan  Zəfər sayəsində Şəhidlərin qisası alındı.

Müəllif Hafiz Ataxanlı söylədi ki, vətənpərvərlik ruhu aşılayan,  milli mücadilə  yolunu, döyüş salnaməsini əks etdirən  əsərlər gənc nəslin  formalaşmasında, eyni zamanda  tarixi anların yaddaşlara  həkk olunmasında  önəmli  rol oynayır. Buna görə də hər bir səhnə əsəri  tarixi gerçəklikləri  özündə ehtiva edir. Həmçinin  çıxışlarda  qeyd olundu ki, 44 günlük müqəddəs Vətən  müharibəsində  qazanılan  böyük Zəfər   torpaq uğrunnda canıını  fəda etmiş  igidlərin  ruhunu toxtaddı..

Sonra tamaşa nümayiş olundu. Şuşa fatehlərindən olan Xüsusi Təyinatlı dəstənin zabiti Mübariz Eyvazovun  komaya düşməsi və ruhlar aləmində  1992-ci ildə  Şuşa ətrafında Şəhid olmuş  atası ilə  görüşməsi əsərin  sujet  xəttini təşkil edir. Zabit komadan ayılarkən Ali Baş Komandan  İlham Əliyevin  “Əziz Şuşa, sən azadsan”  səsini  və  küçədəki sevinc nidalarını  eşidir.

Hafiz Ataxanlının qələmə aldığı əsərin  quruluşu teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmova  məxsusdur. Quruluşçu rəssam Elşən Sərxanoğludur.  Rollarda Əməkdar artist Rauf Ağakişiyev, aktyorlar Oktay Mehdiyev, Şəmistan Süleymanlı, Habil Xanlarov, Dağlar Rüstəmov,  Yalçın Səlimov, Aynur Hümmətova, Ceyhun Məhərrəmov, Rövşən Əsgərov, Etibar Əmirov, Rövşad İlyasov və Ramazan Xanlarov çıxış edirlər.

Qeyd edək ki,  tamaşaya Şəhid ailələri, Qazilər,  Xocalı sakinləri və şəhər ziyalıları dəvət  olunmuşdu.

Tamaşa kövrəlmiş insanların alqışları ilə qarşılandı.

Share: