Onda iyirmi iki yaşım var idi. Yeddi ay olardı ki, sovet ordusu sıralarından təxris olunmuşdum. Sumqayıt Politexnik texnikumunu bitirdikdən sonra əsgəri xidmətimi iki il iki ay Almaniyadakı sovet qoşunlarında keçmişdim.
İndiki Azərbaycan Texniki Universitetinin axşam şöbəsində təhsil alırdım. Gündüzlər isə Sumqayıt Superfosfat zavodunun təhcizat şöbəsində çalışırdım. Eyni zamanda “Sosialist Sumqayıtı” qəzetinin ştatdankənar müxbirlərindən biri kimi fəaliyyət göstərirdim…
Yaxşı yadımdadır, təqvimdə 27 fevral 1988-ci il idi. Sumqayıt od tutub yanırdı. Alışdırılmış avtomobillərin qara tüstüsü şəhərin üzərində müharibə ab-havası yaratmışdı. Bir qrup erməni evlərə soxulur, öz soydaşlarını eyvandan, pəncərədən çölə atır, qadın və qızları zorlayırdılar. Hamı əsəbi, hər kəs təlaş içində idi. İnsanları yayılan şayələr, məkirli çağırışlar idarə edirdi. Necə deyərlər, bütün şəhər ayaqüstə idi…
Təqvim 28 fevral 1988-ci ili göstərirdi. Şəhərdə baş verən hadisələr hamı kimi məni də sarsıtmışdı. Səhər birtəhər özümü zavoda çatdırıb yenicə işə başlamışdım, hay düşdü ki, ermənilər uşaq bağçalarına girib qadınları zorlayır, uşaqları öldürürlər. Ətrafımda olan gənclər kimi, mən də bir dəmir parçasını qəzetə büküb, özümlə götürdüm və avtobus dayanacağına doğru yürüdüm. Yalan olmasın, bəlkə də zavodun bütün gəncləri orada idi. Nəisə, avtobuslara doluşub şəhərə yola düşdük. Biz şəhərə çatanda sovet əsgərləri qarşımızı kəsib, geriyə qayıtmağımızı tələb etsələr də, özümüzü qaynar nöqtəyə- köhnə avtovaqzalın yanına çatdıra bildik. Məlum oldu ki, yalan məlumat yayılıb. Dünənki hadisələrdən sonra şəhərin bütün ermənilərini klublara, ictimai yerlərə yığıb mühafizə edirlər.
Tanımadığımız kimlərsə səsgücləndirici vasitəsi ilə elə hey qışqırırdı- “Vurun Əli şiələri, kopəkoğlu əsgərlər bizim düşmənlərimizdir. Erməniləri müdafiə edirlər. Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb”…
Əsəblərini cilovlaya bilməyən gənclər əsgərlərə daş atır, şəhəri tərk etmələrini tələb edirdilər. Mən də onların arasında idim. Baş o qədər qarışmışdı ki, bir də gördüm ki, 7-8 rus əsgər məni mühasirəyə alıb. Əlimdəki dəmir parçasını yerə atmağımı tələb edirdilər. Yerə atan kimi onlardan biri avtomatın qundağı ilə burnuma vurdu. Digəri isə hərbi bellə başıma zərbə endirdi, özümü itirdim. Ayılıb gördüm ki, iki əsgər qollarıma girib məni “katalaşka” adlandırılan “KPZ” maşınına qaldırır. Maşın insanlarla doluydu. Burnumdan, başımdan axan qan dayanmaq bilmirdi. Kimisi dəsmal verir, kimisi boynundakı şərfi çıxarıb mənə uzadırdı. Az vaxt keçmişdi ki, bizi Sumqayıt milis şöbəsinə apardılar. Müstəntiqlər dindirəndən sonra şöbənin müvəqqəti təcridxanlarına yerləşdirdilər. Bir gün orada saxlanılandan sonra bizi “Bayıl türməsi”nə apardılar. On dörd gün orada qaldım, sonra əməlimdə heç bir cinayət tərkibi olmadığı üçün məni də yenidən Sumqayıt Milis şöbəsinə gətirib azadlğa buraxdılar. Qalanı acı xatirələrdir…
Artıq o vaxtdan 35 keçir. Təqvimdə 28 fevral 2023-cü ildir. İndi anlayıram ki, o hadisələr KQB-də ssenarisi yazılan, mənfur ermənilərin həyata keçirdiyi faciəvi tamaşa idi. Həmin tamaşa müharibəyə, on minlərlə soydaşımızın həlak olmasına səbəb oldu.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elman Eldaroğlu