Sumqayıtda şair Esmira Günəşin şəhidlərə həsr etdiyi kitabların təqdimatı keçirildi

Sumqayıtda şair Esmira Günəşin şəhidlərə həsr etdiyi kitabların təqdimatı keçirildi

Sumqayıtda İnternat tipli gimnaziyada şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi kitabların təqdimatı keçirilib

Aprelin 14-ü Sumqayıt şəhər İnternat tipli gimnaziyada şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi kitabların təqdimatı keçirilib. Şəhidlər haqqında 15 fərqli kitabın müəllifi olan şairə Esmira Günəş bu dəfə “44 günün Sumqayıt qəhrəmanları” və “Qəlbimizdə yaşayanlar” kitabını oxuculara təqdim edib. Tədbirdə şəhid Tacəddin İsmayılzadənin anası Aygün xanım, şəhid Vüsal Muradovun anası Kəmalə xanım, şəhid Rüfət Mustafayevin anası Afət xanım, şəhid Anar Qocayevin anası Asya xanım, şəhid Elmar Nəsibovun anası Sürəyya xanım, şəhid Ülvü Məhərrəmovun anası Xatirə xanım, şəhid Məhəmmədəli Həsənzadənin anası Vüsalə xanım, şəhid Sərxan Əliyevin anası Esmira xanım, şəhid Səmid Əliyevin anası Əsmər xanım, şəhid Elçin Hüseynovun anası Mətanət xanım, şəhid Əbil Cəbizadənin anası İradə xanım, şəhid Ruslan Məmmədovun anası Rəna xanım, şəhid Qubad Əliyevin yoldaşı Xanım xanım, şairə Esmira Günəş, müğənni Ruslan Əkbərov, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər şairə Esmira Günəşin kitabında yer alan şəhidlərimizə həsr etdiyi şeirləri səsləndirib, monoloqlar, səhnəciklər və rəqslərlə qonaqların qarşısında çıxış ediblər. Tədbirin gedişatında müğənni Ruslan Əkbərov da öz çıxışı zamanı şairənin sözlərinə bəstələnmiş musiqini ifa edib. Şəhid Ruslan Məmmədovun xatirəsinə həsr olunmuş musiqi hər kəsi kövrəltdiyindən qonaqlar göz yaşlarını saxlaya bilməyiblər. Tədbirin sonunda gimnaziyanın direktoru Səbinə Əhmədova çıxış edərək, şəhid ailələrinə xüsusi qayğı və diqqətin vacibliyindən, eyni zamanda şəhidlərimizin tanıdılması üçün kitabların faydasından danışaraq, bu gözəl işdə şairə xanıma uğurlar arzulayıb və sözü Esmira Günəşə verib. Şairə Esmira Günəş isə şəhidlərimizin tanıdılmasında əziyyəti olan hər kəsə təşəkkürünü bildirib və qeyd edib ki, hər zaman tədbirlərində xüsusi istedadı olan, gözəl qiraəti olan şagirdləri mütləq diqqətində saxlayır. Onları müəyyən müsabiqələrə və tədbirlərə dəvət edərək, gələcək uğurlarında yardımçı olmağa çalışır. Məhz dəstək olduğu şagirdlərdən biri də ikinci sinif şagirdi Leyla Məmmədovanı da səhnəyə özü dəvət edərək çıxış üçün sözü Leylaya verib. Daha sonra isə kitablarını təqdim etmək üçün şəhid analarını səhnəyə dəvət edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra qonaqlar məktəb rəhbərliyi tərəfindən çay süfrəsinə dəvət olunublar.

Share: