“Suraxanı” gəmi-muzeyi qapılarını ziyarətçilər üçün açır

“Suraxanı” gəmi-muzeyi qapılarını ziyarətçilər üçün açır

Dənizkənarı Milli Parkda yerləşən dünyanın ilk tanker muzeyi həftənin 5 günü saat 10:00-dan 19:00-dək ziyarətçilərin xidmətində olacaq.

Giriş biletlərinin qiyməti fərdi ziyarətçilər üçün 5 AZN, qruplar (seanslar) üzrə ziyarətçilər üçün 3 AZN  müəyyənləşdirilib. Korporativ ziyarətçilər, tələbə və məktəblilər, ASCO-nun əməkdaşları və dənizçiləri, eləcə də onların ailə üzvləri (müvafiq sənəd təqdim edilməklə)  2 AZN ödəməklə muzeylə tanış ola biləcəklər.

Bununla belə, Azərbaycanın Milli Qəhrəmanları, Şəhid ailələri, Sovet İttifaqı Qəhrəmanları, Böyük Vətən Müharibəsi, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçıları, 20 Yanvar və Çernobıl hadisələri əlilləri, 1-ci və 2-ci qrup əlillər və onları müşayiət edən 1 nəfər şəxs, veteran dənizçilər, 5-12 yaş arası uşaqlar (12 yaş daxil olmaqla) “Suraxanı” gəmi-muzeyinə ödənişsiz və növbəsiz giriş hüququna malikdirlər.

Körpələrə və 5 yaşadək uşaqlara, hamilə qadınlara, qapalı və qaranlıq məkanlarda panikadan əziyyət çəkən şəxslərə (klaustrofobiya və s.) gəmi-muzeyə giriş tövsiyə olunmur.

Ümumilikdə 10  ekspozisiya zalından ibarət muzeydə ziyarətçilər Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı  istifadə edilən  avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.

Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə  gələcəyi arasında körpü rolunu oynayacaq. Eyni zamanda bu muzey tarixilik və müasirliyi özündə sintez edən paytaxt Bakımızın yeni simvollarından birinə çevriləcək.

Hər kəsi muzeyimizdə səbirsizliklə gözləyirik.

Müstəqil.Az

mənbə: “Seanews.az”

Share: