Suraxanı rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, fiziki məhdudiyyətli şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əziz Əzizov dövlət tərəfindən fiziki məhdudiyyətli şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışaraq Beynəlxalq Əlillər Gününün əhəmiyyətindən bəhs edib. O, bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda Beynəlxalq Əlillər Günü rəsmi şəkildə qeyd olunur.
Ə.Əzizovun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə mütəmadi olaraq bu kateqoriyalardan olan insanların müavinətləri artırılır, onların sosial problemləri həll edilir, mənzil şəraiti daha da yaxşılaşdırılır. Ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da əlillər diqqət və qayğı ilə əhatə olunub.
3 dekabr – Əlillər Günü münasibətilə bir qrup şəxs RİH başçısının müvafiq Sərəncamı ilə Fəxri Fərmanlarla təltif olunublar.