Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” 5-ci qrupda Bosniya və Herseqovinanın “Mostar”, İsveçin “Orebro” və Serbiyanın “Loznika Qrad” komandaları ilə qarşılaşacaq. “Qafqazinfo” xəbər verir ki, növbəti mərhələyə vəsiqə qazanmaq niyyətində olan təmsilçimizin baş məşqçisi Joze Alesio Da Silva rəqibləri dəyərləndirib:
“Ümumi götürdükdə ciddi sürpriz olmadı. Düzdür, F qrupundan Gürcüstan çempionunun vəsiqə qazanacağını düşünürdük, amma İsveç çempionu rəqibimiz oldu. Onlar da güclü komandadır, heyətlərində 4 braziliyalı futzalçı yer alıb. Serbiya təmsilçisinin vəsiqə qazanacağını proqnozlaşdırmışdıq. Hər zaman deyirəm ki, zəif rəqib, asan oyun olmur. Bütün komandalar iddialıdır, özləri üçün maksimumu hədəfləyirlər.
Rəqiblərimizdən “Loznika Qrad”ın oyununu izləmişəm. Onlar “Minerva” ilə görüşdə üstünlük qazandılar. Hansı ki, İsveçrə çempionunun heyətində 7 portuqaliyalı, 2 braziliyalı legioner yer alırdı. Təcrübəli serblər onları də məğlub etməklə itkisiz qrup qalibi oldular. “Orebro”nun da yer aldığı F qrupunun da bəzi görüşlərini izlədim. “Mostar” isə illərdir Çempionlar Liqasında iştirak edir, təcrübəli, oturuşmuş komandadır. Yenə deyirəm, heç bir görüşümüz asan olmayacaq. Onu da deyim ki, ilkin mərhələdə oynayan komandalar hazırkı məqamda daha hazırlıqlıdırlar. Çünki onlar rəsmi matçlarda iştirak ediblər.
“Araz-Naxçıvan”a gəldikdə, avqustun 10-dan məşqlərə başlamışıq. Üç həftə ərzində daha çox fiziki hazırlığa yer ayırmışıq, hazırda isə taktiki planda çalışırıq. Demək olar, yeni komanda qurmuşuq. Əvvəlki heyətimizdə yer alan əsas oyunçularımızdan Ramiz Çovdarovla Rövşən Hüseynli qalıb, qalan futzalçılarımız yeni dəvət olunanlardır. Fərqli “Araz-Naxçıvan” görəcəksiniz. Fiziki hazırlıq üzrə məşqçimiz də bizə çox kömək edir. O, həm də qapıçılarla işləyir.
Bilirik ki, yer aldığımız qrupdan ancaq bir komanda elit-raunda vəsiqə qazanır. Ona görə ciddi hazırlaşırıq, məsuliyyətimizi anlayırıq. Rəhbərlik komandanın qarşısına növbəti mərhələyə vəsiqə qazanmaq tapşırığı qoyulub”.