Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə kifayət qədər maraq var. Bir çoxlarının ən böyük istəyi avtomobil idarə etməkdir. Amma bunun üçün əvvəlcə sürücülük hüququ qazanmaq lazımdır. Sürücülüyün A, A1 və B kateqoriyalarından başqa, digər kateqoriyalar üçün sürücülük məktəblərinə yazılmaq lazımdır.
İndi ən böyük problemdən biri sürücülük məktəbləridir. Çünki bu məktəblərdə sürücü hazırlığından söz gedə bilməz. Məktəblə gələcək sürücünün təması iki dəfə olur – bir məktəbə yazılanda, bir də şəhadətnaməni alanda.
Bundan başqa, cəmiyyətdə belə bir fikirlər var ki, sürücülük vəsiqəsini müəyyən məbləğ qarşılığında almaq da mümkündür. Hətta bu iddialara görə, bir müddət əvvəl sürücülük vəsiqəsini qeyri-qanuni yollarla 1000 manata almaq olurdusa, hazırda qiymət bahalaşaraq 1500 manatadək qalxıb.
Bəs görəsən, bu iddialar nə qədər doğrudur? Bu problemlərin həlli üçün hansı addımlar atılmalıdır?
Müstəqil.Az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, A1, A və B kateqoriyası üzrə hamı müstəqil qaydada hazırlaşıb imtahan verə bilər.
“Ancaq onlar ikinci dəfə qeyri-məqbul qiymət alarlarsa, o halda həmin sürücülük kurslarını müstəqil şəkildə bitirməlidirlər. Biz istərdik ki, sürücülüyə namizədlərlə dərslər lazımi qaydada keçirilsin. Onların ən azı bilikləri olsun, təkcə əzbərləməklə yox, başa düşmək, qavramaq yolundan istifadə etsinlər. Bu, onlara sürücülük hüququna yiyələndikdə daha çox yararlı olacaq”.
Kamran Əliyev sürücülük vəsiqəsinin 1000-1500 manat qarşılığında alınması ilə bağlı da iddialara cavab verərək deyib ki, bunlar şayiədən başqa bir şey deyil: “Bəzən imtahanı verə bilməyənlər belə bir bəhanələr gətirərlər ki, sürücülük vəsiqəsi rüşvətlə alınır. Bunu sübut etmələrini istəyəndə səsləri kəsilir. Belə bir iddia varsa, Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlasınlar, biz də bunun əsasında araşdırma aparaq. Sürücülük vəsiqəsinə hüquq qazanmaq üçün istər nəzəri, istərsə də praktiki imtahanlar insan iştirakı olmadan həyata keçirilir. Nəzəri imtahanda kompüter vasitəsilə 15 dəqiqə ərzində 10 sualdan 9-na cavab verənlər növbəti mərhələyə keçirlər. Praktiki imtahanda da balların toplanması xüsusi vasitələrlə həyata keçirilir. Avtomobilə elektron cihazlar quraşdırılır, sürücünün etdiyi qayda pozuntularına qiyməti cihaz verir”.
İdarə rəsmisi bildirib ki, hazırda ölkədə sürücülərin bilikli və biliksiz olması deyil, məsuliyyətsiz olması problem yaradır: “Bu gün yollarda qəzalar baş verir, bütün bunlar sürücü məsuliyyətsizliyi nəticəsində ortaya çıxır. Qəzaların çoxu nəqliyyat vasitəsinin qarşı hərəkət zolağına çıxması, işıqforun tələblərinin pozulması, sürət həddinin aşılması və başqa səbəblərdən baş verir. Bunları bilmək üçün hansısa sürücülük təhsilinin olmasına ehtiyac yoxdur. 5-ci, 6-cı sinif şagirdlərindən soruşsan, həmin qaydaları əzbər deyər. Yəni sürücülər bilmirlərmi ki, işıqforun qırmızı işığında hərəkət etmək olmaz və ya sürət həddini keçmək qəzaya səbəb olar?! Hazırda ən böyük problem sürücülərin məsuliyyətsizliyidir”.
Ekspert Ərşad Hüseynov sürücülük vəsiqəsinin müəyyən məbləğ qarşılığında alınması ilə bağlı iddiaları eşitsə də, belə halın şahidi olmadığını deyir: “Əgər kimsə sürücülük vəsiqəsinin müəyyən məbləğ qarşısında alındığını iddia edirsə, bununla bağlı aidiyyəti orqanlara müraciət etməlidir. Bu gün bizim qanunvericilikdə sürücü olmağın qaydaları var, sürücülük vəsiqəsi almaq istəyənlər bu qaydaları oxuyub imtahana daxil olurlar, əgər həm nəzəri, həm də praktiki imtahandan məqbul qiymət alırlarsa, problemsiz sürücülük hüququ qazanırlar”.
Ə. Hüseynov deyib ki, hazırkı qanunvericiliyə görə, heç bir məktəbə yazılmadan da A, A1 və B kateqoriyası üzrə sürücülük vəsiqəsi almaq istəyənlər imtahana girə bilirlər: “Hazırda sürücülük hazırlığı ilə bağlı məsələdə müəyyən problem var. Yaxşı olar ki, xüsusi dövlət proqramında sürücülük hazırlığı ilə bağlı məsələlərə yenidən baxılsın”.
Müstəqil.Az