“Şuşa bəyannaməsi Prezident Əliyevin tarixi və misilsiz xidmətlərinin bəhrəsidir” – Ağasif Şakiroğlu

“Şuşa bəyannaməsi Prezident Əliyevin tarixi və misilsiz xidmətlərinin bəhrəsidir” – Ağasif Şakiroğlu
“Əminəm ki, Azərbaycanımızı sevməyən, ona düşmən kəsilmiş bir çox dövlətlər, xüsusilə də Ermənistan və Rusiya cütlüyü bu gün imzalanmış məlum bəyannamənin imzalanmasından sözün həqiqi mənasında pərişan olmuşlar”
 
Müstəqil.Az AnTv.az-a istinadla  xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədri Ağasif Şakiroğlu deyib.
 
Ağasif Şakiroğlu: “Şuşa bəyannaməsinə görə: “Azərbaycan və Türkiyənin hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə təcavüzün aradan qaldırılması məqsədilə Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili, nəzərdə tutulur”
 
Hesab edirəm ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında imzalanmış bu bəyannamə bəlkə də tarixdə əsrin bəyannaməsi kimi qalacaqdır. Əminəm ki, bu bəyannamənin imzalanması ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və xalqımızın xoşbəxt, eyni zamanda təhlükəsiz yaşayışının əsl qarantı olacaq.
 
Düşünürəm ki, bu gün imzalanmış məlum bəyannamə təkcə Azərbaycan və Türkiyə arasında hərbi ittifaqı təşkil etmir. Məlum bəyannamə həm də siyasi, iqtisadi sahələri əhatə edir, hansı ki, irəliyən zamanlarda bu bəyannamə sayəsində Azərbaycan-Türkiyə Respublikaları vahid orqanizim olaraq öz siyasi, iqtisadi, hərbi hədəflərinin birgə təmin olunması istiqamətində görüləcək işlərin fundamenti rolunda çıxış edəcəkdir. İki qardaş ölkənin vahid məqsədə doğru irəliləməsində əsas hüquqi bir sənəd olacaqdır.
 
Əminəm ki, Azərbaycanımızı sevməyən, ona düşmən kəsilmiş bir çox dövlətlər, xüsusilə də Ermənistan və Rusiya cütlüyü bu gün imzalanmış məlum bəyannamənin imzalanmasından sözün həqiqi mənasında pərişan olmuşlar. Məhz bu səbəbdən də imzalanmış sənədin Azərbaycan tarixinə qızıl hərflərlə həkk olacağına məndə heç bir şübhə yoxdur.
 
Hesab edirəm ki, xalqımız bilməlidir ki, bu imzalanmış sənəd biz düşündüyümüzdən də dəfələrcə əhəmiyyətə malikdir. Hansı ki, bölgəmizdə mövcud olan kənar qüvvələrin (xüsusilə də Rusiyanın) əlinin-qolunun bağlanması ilə və bölgədən çıxması, eyni zamanda Azərbaycan Respublikasının bölgənin şəriksiz lider dövlət olması ilə nəticələnəcəkdir.
 
Heç şübhəsiz ki, bu gün imzalanmış bu dövlət əhəmiyyətli sənədin ərsəyə gəlməsində Azərbaycan və Türkiyə Respublikalarının Prezidentləri İlham Aliyev və Recep Tayyip Erdoğan cənablarının tarixi və misilsiz xidmətləri olmuşdur. Hansı ki, tarixdə sözün müsbət mənasında da yaşayacaqdır.
 
Bu fəxri və iftixarlı günləri bizlərə yaşatdıqlarına görə hər iki dövlət başçısına təşəkkür edirəm.
 
Millətimiz, dövlətimiz üçün xeyrli-uğurlu olsun…”
Share: