Mən Qarabağda doğulmamışam. Heç vaxt Qarabağda olmamışam. Vətənimin parçası tək ürəyimdə daşımışam, ürəkdən sevmişəm.
Görünür insan onun üşün müqəddəs olan nəsnələr- Vətən, Bayraq, Torpaq əldən çıxanda, o yeri dolmayan, əvəzolunmaz itkilər, elə Şuşanın, Qarabağın diğər ərazilərinin itiyi kimi, könlünü sızladıb, gözünü acıdanda təəssüflənməyə başlayıır. Alışmaq istəyir, aldanmaq istəyir, yaşamaq üçün…
Mən dağlıq ərazidə doğulmuşam.Onunçün məni Şuşanın nə göylərə dikilən dik qayaları, nə saf suları, nə də təmiz havası heyrətləndirmədi. 30 il əsirlikdə qalan Şuşanın əyilməz vüqarı, duruşu, əzəməti heyrətləndirdi. Sınıxmışdı Şuşamız elə bil bir az, evləri “ağızda diş seyrələn kimi seyrəlmişdi”. Axşamlarına qəribə bir hüzün çökmüşdü, kədərli qaranlıq, səssizlik üşüdürdü Şuşa dolu qəlbimizi.Amma Şuşa əvvəlki kimi qururluydu,yenilməzdi…
Avqustun 29 – u, səhər saat altıya qalmış COVİD – 19 – un test sınaqlarından keçmək üçün Bakıya, “Respublika” otelinə getdik. Aramızda Pozitiv olmayanların olduğuna tam əminlik yarandıqdan sonra avtobuslara yerləşdirildik. Saat 9 – da yola düşdük. Qarşıda uzun bir yolçuluq bizi gözləyirdi.
Üç saatlıq yolu geridə buraxıb İmişliyə çatdıq. Çox vaxt kürlük edən Kür çayı bu gün çox sakit idi. Günəşin bərq vurduğu sularında balaca balıqlar qayğısız – qayğısız oynaşırdı.
İrəlidə Araz çayı görünürdü. Güyümü çiynində çeşmə başından dönən lacivərd donlu qızlar kimi arın – arxayın, qorxusuz – hürküsüz axıb gedirdi. Bir az aşağıda isə bir xalqı iki yerə ayıran sərhəd dirəkləri görünürdü.Yadıma elindən – obasından, doğmalarından sərhəd məftilləriylə gen düşən nənəm düşdü. Bizim oralarda Birəmətə postu deyilən bir yer var.Oradan Savalan dağı, İran ərazisi aydın görünür.Nənəm o taylı qızıydı.Bu taya gəlin köçmüşdü.Yollar bağlananda bu tayda dörd balasıyla tək qalmışdı. 1953- cü ildə sərhəddə yaxın olan kənd adı ilə bu taydakı yurdundan da arana köçürülmüş, sürgün edilmişdi.Sonradan kəndə qayıdıb,orda binə
tutan babamın qohum- əqrabalarına baş çəkməyə gedəndə məni də özü ilə aparırdı. Və həmin o Birəmətə postunda durub əlini gözünün üstünə tutalğac edib uzaqlara dalar,sərhəd məftillərini qarğıyardı, üzünü Araza tutub yanıqlı səslə bayatı çəkərdi:
Araz,Araz, xan Araz, sultan Araz, xan Araz
Səni görüm yanasan,el dərdini qan Araz.
Və sonra yaylığının ucuyla nəmli gözlərini silərdi.Mən onu qucaqlayar, nənə qurban olum, o mahnını bir də oxuma, onu oxuyanda sən ağlayırsan,- deyərdim.Məni bağrına basardı.Göz yaşlarının səbəbini uşaq ağlımla tam anlamasam da, mən də nənəmə sarılıb için – için ağlayardım.Həsrəti, ayrılığı mən o vaxtdan tanımışam.
İmişlidə fasilə edib, bir stəkan çay içdik. Sonra yenidən avtobuslara minib yola rəvan olduq. Hamı ünvana çatmaq üçün səbirsizlənirdi, hamı Şuşanı görməyə tələsirdi.
Nəhayət, avtobuslar Bəhrəmtəpə istiqamətində hərəkət etməyə başladı. Xeyli getdikdən sonra “Zəfər yolu” na çıxdıq. Avtobus karvanı irəlilədikcə uzaqdan görünən qayalıqların arxasına sığınmış düşmən dəstinə, biz gəlirik, bu torpağın yiyələri bizik,- deyə insanların iç səsini hayqırırdı sanki. Avtobusda bizimlə birgə qələm adamları, ziyalılar da vardı. AYB – nin Mingəçevir bölməsinin sədri İsmayıl müəllim bizə bələdçilik edirdi. Əslən qarabağlı olduğu üçün, orada doğulub boya – başa çatdığı üçün, bu yerlərə yaxşı bələddi, dediyinə görə hər daşın, qayanın dilini, sirrini əzbər bilirdi.
Bir azdan avtobus karvanı Füzuli ərazisinə girdi. Boz çöllərdə ara- sıra gözə dəyən daşların arasında bitən ağaclara əlini uzadan İsmayıl müəllim: “Bu Füzulinin filan kəndidir”,- dedikcə boylanıb baxırdıq. Xarababazara çevrilən yurd yerlərində erməni vandalizminin, vəhşiliyinin izləri gözə dəyirdi yalnız. Kənd yoxdu, kənd gözə dəymirdi…
Uzun yolu qısa edib Qayalıqların ətəyində məskunlaşan, torpağına çox oğullarımızın qanı tökülən, çox evləri başsız, çox anaları ağlar, çox ocaqları odsuz qoyan Daşaltıya çatdıq. Qu desən qulaq tutulurdu səssizlikdən, kimsəsizlikdən…
Şuşa 1992- ci il, may ayının 8 – də işğal olmuşdu.Şuşa işğal olan gün ruhumuz, varlığımız, mənliyimiz, qürurumuz işğal olunmuşdu Şuşa ilə birlikdə.
Sən işğal oldun,
mən əsir.
Əsir məmləkətlərin
ağası olur,
yiyəsi olmur.
Bayraqları başıaşağı olur,
kişiləri gözükölgəli.
Kölə olur körpələri.
Əsir məmləkətlrdə
AZADLIQ olmur,
olmur AZADLIQ.
Bircə qadınlar bətnindəki
əsirlərdən azad olur
işğal olunmuş məmləkətlərdə.
Bu şeiri Şuşa işğal olunanda yazmışdım. İçimdəki ağrılara məlhəm olsun deyə.
Ümidimizi işğal edə bilməmişdi ümidsizlik. Biz millət olaraq inanırdıq, inanırdıq ki, bir gün gələcək Xocalının, Daşaltının və digər işğal altında olan torpaqlarımızın, əsir düşən yurddaşlarımızın intiqamı alınacaq.
Ermənilər tərəfindən başlanan bu haqsız savaş bizim gəncliyimizi, uşaqların uşaqlığını əlindən aldı.Neçə bəylik, gəlinlik donu arzular kimi məzara gömüldü. Deyirlər uşaqlığı əlindən alınmış uşaqlar qisas hissi ilə böyüyür. O uşaqlığı oğurlanan uşaqlar heç vaxt oyuncaqla oynamadılar, müharibə oyunu oynaya – oynaya böyüdülər, kişiləşdilər.Nəhayət, o gün gəldi. Dişə – diş, qana- qan savaşına atıldılar. Həmən o uşaqlar bu gün gəncliklərini vətən torpağının bütövlüyü uğrunda fəda etdilər.Yağmalanmış vətənin qisasını yağılardan birə beş aldılar.
Bazar günü axşam saat yeddidə Şuşaya çatdıq.Bizim üçün ayrılan otaqlara yerləşdikdən sonra üz tutduq Şuşanın 30 il bizsiz qalıb qəribsəyən kimsəsiz küçələrinə. Gəzdik, dolaşdıq. Yol yorğunluğunu, aclığı, susuzluğu unudaraq, dalan – dalan, döngə – döngə, qarış – qarış, dönə – dönə gəzmək istəyirdik. Şuşanın hər qarışında düşmən izi vardı. Şuşa əyninə nimdaş paltar geyindirilmiş şahzadəyə bənzəyirdi. Donu köhnə olsa da, ruhu təptəzəydi.Doğmalarına, sevənlərinə, sevdiklərinə qovuşmuşdu.
Artıq qaranlıq düşmüşdü. Şuşa türməsinə, əsirlərin saxlandığı yerə baxmaq istəyirdik. Əsgərlərə istəyimizi bildirib,onlardan xahiş etdik. Onlar da komandirlərindən icazə alıb bizi içəri buraxdılar. Gəzdik, otaqlardan gələn kəsif qoxu burnumuzda, əsirlərin fəryadı, naləsi, iniltisi qulaqlarımızda, düşmənin heç bir insanlığa sığmayan, dünyada analıqu olmayan işgəncə üsulları gözümüzün önündə… Komendant saatı olduğu üçün geri qayıtmaq məcburiyyətindəydik. Qayıtdıq, Şuşanın küçələrini, ağrıyan yaralarını da özümüzlə gətirdik. Amma Şuşa xöşbəxt idi, bəxtəvər idi o gün.
Səhər saat yeddidə yemək yeyib, doqquzda tədbirin başlanacağı məkana üz tutduq.Burada hər kəs ad və soyadı əvvəlcədən qeyd olunmuş stollarda əyləşdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse- prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Vaqif Poeziya günlərinə qatılmaq üçün təşrif buyurdular.
Tədbiri Dövlət başçısı İlham Əliyev açaraq Şuşanın işğalından, şəhərin iqtisadi, strateji əhəmiyyətindən, Qarabağda, Şuşada gedən abadlıq – quruculuq işlərindən, hal hazırda görülən və gələcəkdə görlməsi nəzərdə tutulan işlərdən, şəhərin baş planından və Şuşa şəhərinin yaranmasının 270- ci ildönümünün təntənəli şəkildə qeyd olunacağından danışdı.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, işğala baxmayaraq Şuşa Azərbaycan ruhunu saxlya bildi: “Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi. Əyilmədi, sınmadı. Bizi gözləyirdi, biz gəlməliydik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yoluyla yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək. Gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik, milli ləyaqətimizi bərpa etdik. 44 günlük vətən müharibəsi bizim şanlı tariximizdir.Bu tarix əbədi yaşayacaq.Çünki bu qələbə tarixdə bənzəri olmayan qələbədir.Azərbaycan xalqı buna layiq idi. Və biz qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik və bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli – praktiki addımlar atılır.”
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Xalq şairi Nəriman Həsənzadə, AYB – nin katibi İlqar Fəhmi, Xalq yazıçısı Elçin çıxış edərək Ulu Öndər Heydər Əliyevin ədəbiyyatımıza, mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan danışaraq, bu gün də belə gözəl ənənənin onun layiqli davamçısı olkə Prezidenti İlham Əliyev və Birinci vitse- prezident Mehriban Əliyeva tərəfindən ləyaqətlə davam etdyini xüsusi olaraq vurğuladılar.
Gənc şairlər Günel Şamilqızı və Şəhriyar Del Geraninin oxuduğu şeirlər tədbirə başqa ovqat, alayı rəng qatdı.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada Vaqifin məqbərəsinin açılışını özündə əks etdirən videoçarx nümayiş etdirildi.
Sonra şair və yazıçılar, mədəniyyət və incəsənət xadimlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse- prezident, Heydər Əliyev Fondunun Prezidenti, İSESKO və UNESKO – nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə şəkil çəkdirib, arzu və istəklərini bildirdilər.
Biz Xarıbülbül otelində məskunlaşmışdıq. Otaq yoldaşım istedadlı yazıçı Təranə Vahid idi.Təranə xanım Laçınlı balası idi. Yuxudan durar – durmaz fürsəti fövtə vermədən otelin qarşısında, yüksək bir yedə dayanıb üzü Laçına doğru dodaqaltı nəsə pıçıldayırdı… Və sonra adam doğulduğu torpaqda ürəkli olur, adddımlarını torpağa daha bərk basır deyirdi…
Qarşıda bizi Vaqif Poeziya günlərinin davamı gözləyirdi.
Tədbirin ikinci hissəsi avqustun 31- də yenə də həmin məkanda, Vaqifin məqbərəsi önündə baş tutdu. Xalq şairi Sabir Rüstəmxanlı, şair Vaqif Bəhmənli, Nigar Həsənzadə, Xəyal Rza, İbrahim İlyaslı, Əkbər Qoşalı, Fərid Hüseyn, Rəsmiyyə Sabirin oxuduğu vətən yüklü, sevgi dolu şeirlər o dağlarda, qayalarda əks – səda verdi…
Nahar fasiləsindən sonra mafi qayda ilə avtobuslara əyləşib Bakıya yol aldıq.Qayıdanbaş avtobusda Vaqif Poeziya günlərinin davamını yaşayırdıq sanki.Yazıçı Yunus Oğuzun zarafatları, söylədiyi lətifələr,Gülüseyin Kazımovun həzin səslə oxuğuğu mahnılar, şeirlər, AYB – nin Qazax bölməsinin sədri Barat Vüsalın sirli – sehirli səsi, səsləndirdiyi gözəl şeirlər,AYB – nin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin ifasında dinlədiyimiz şeirlər, Sərvaz Hüseynovun zümzüməsi və kövrək şeirləri, Əli Əmirlinin maraqlı çıxışı bizi bu dünyadan alıb aparmışdı. Yol başa varmışdı. Bir də gördük Bakıda flarmoniyanın qarşısındayıq.Burada yollar ayrılırdı,haçalanırdı. Hərəni bir ünvana aparırdı.
Biz də – Elnarə Akimova, İbrahim İlyaslı və mən taksiyə əyləşib Sumqayıta üz tutduq.Yol boyu Şuşa təəssüratlarımızı paylaşdıq.Yol bitdi, amma təəssüratlarımız bitmədi…
Şuşa bizi bütün dünyəvi qayğılardan azad etmişdi, dünyada gedən prosesləri, onlarla dostumuzu, doğmalarımızı əlimizdən alan COVİD- 19 bəlasını belə unutdurmuşdu…
P.S.Ortasından ağ zolaq keçən, Şuşanın belinə kəmər kimi dolanan Zəfər yolu bizi irəlidə çox uğurlara qovuşduracağından əmin idi. Anar müəllimin təbirincə desək: “Bu yolun əvvəli var, amma sonu yoxdu, bu yol uzandıqca uzanacaq, bu zəfər yolu Azərbaycanın hərbi gücünün yoludu, siyasi gücünün yoludu, iqtisadi gücünün yoludu və möhtəşəm Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının zəfər yoludur…”
Yol boyu söhbət etdiyimiz çiçəyi burnunda əsgərlərimizin cəsarəti, ərliyi də bizə bunu deyirdi…
Gülnarə Cəmaləddin