Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi həm mədəniyyət tariximiz, həm də bu günümüz üçün fövqəladə əhəmiyyət kəsb edən bir hadisədir. Ermənilərə psixoloji zərbə səciyyəsi daşıyan bu addım Şuşanın Azərbaycan üçün və bütün Türk Dünyası üçün əhəmiyyətini daha da artıracaq.
Bu son 28 il ərzində bütün vasitələrlə “erməniləşdirilməyə” çalışılan Şuşa şəhərinin restavrasiyasına başlanılacaq, hər bir azərbaycanlı üçün rəmzləşən, müqəddəsləşən qədim şəhərimizin ilkin siması, tarixi siması bərpa ediləcək. Mən ölkə başçısının bu addımını birmənalı şəkildə yüksək qiymətləndirirəm. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsini hər bir azərbaycanlı təqdir edir.
Sözün açığı, ictimaiyyət ölkə başçısı tərəfindən belə bir addımın atılacağını çoxdan gözləyirdi. Çünki Prezidentimizin Şuşa şəhərinə qarşı xüsusi münasibətini, diqqətini hər kəs bilir. Noyabrın 8-də Şuşamız mənfur erməni işğalından azad edilərkən Prezidentin xalqa müraciətində “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərini böyük həyəcan və qürur hissilə ifadə etməsi də bu fikrimizi təsdiqləyir. Zatən mədəniyyət paytaxtımıza münasibət də məhz xüsusi olmalıdır. Bu şəhərin mədəniyyət paytaxtımıza çevrilməsi öz-özünə, təbii-tarixi proses kimi baş vermişdi. Yəni ki, indiyə qədər gəlmiş-keçmiş Azərbaycan rəhbərlərindən heç kim Şuşanı rəsmi sərəncamla, fərmanla mədəniyyət paytaxtı elan etməmişdi. Şuşamız bu haqqı, bu mənəvi-mədəni statusu özü qazanmışdı. Öz böyük yetirmələri ilə qazanmışdı. Üzeyiri, Bülbülü ilə qazanmışdı. Cabbar Qaryağdı oğlu ilə, Xan Şuşinski ilə qazanmışdı. Şuşa öz mədəni-psixoloji aurası, enerjisi ilə Azərbaycanımızın baş tacına çevrilmişdi. Zatən bu şəhərin coğrafi mövqeyi, relyef şəraiti, dağlar-qayalar üzərində yerləşməsi də onu taca bənzədir. Cənab Prezident isə təbii-tarixi prosesi siyasi qərara çevirdi. İlham Əliyev Şuşanı rəsmi qaydada Mədəniyyət Paytaxtımız elan etməklə tarixə düşən ilk dövlət başçımız oldu. Daha doğrusu, İlham Əliyev öz adını Şuşanın tarixinə iki dəfə yazdırıb: birinci dəfə Ali Baş Komandanlıq etdiyi Azərbaycan Ordusunun döyüş gücü ilə Şuşanı işğaldan azad etməklə, ikinci dəfə isə bu şəhəri mədəniyyət paytaxtımız elan etməklə. Yəqin ki, gələcək səlnaməçilərimiz, tarixçilərimiz öz kitablarında, tədqiqatlarında bunu da xüsusi qeyd edəcəklər. Şuşanın Prezident tərəfindən rəsmən mədəniyyət paytaxtı elan edilməsi xalqımızı da məmnun edən addımlardan biri oldu. Xalqımız bu qərarı dəstəkləyir. İnsanlarımız Prezidentin srağa gün yeni mədəniyyət nazirini onlayn qaydada qəbul edərkən Şuşa haqqında söylədiyi hər bir fikirin, sözün altından imza atmağa hazırdır. Prezidentin bu çıxışı məndə ölkəmizin gələcəyi ilə, mədəniyyətimizin gələcəyi ilə və ayrıca olaraq Şuşanın gələcəyi ilə bağlı böyük ümidlər yaratdı. Əgər belə demək mümkünsə, Şuşa yenidən doğulacaq, ikinci baharını yaşamağa başlayacaq.
Dövlət başçısının 2021-ci ili “Nizami İli” elan etməsi də böyük bir mədəni hadisədir. Yadınızdadırsa, biz 2019-cu ili də “Nəsimi ili” kimi qeyd etmişdik. Bu çox gözəl ənənədir. Azərbaycanın ədəbiyyat tarixi o qədər zəngindir ki, biz hər il bu və ya digər dahimizi, qələm adamımızı dünyaya təqdim etmək baxımından qətiyyən korluq çəkmərik. 2021-ci ilin “Nizami İli” elan olunması dünyanın Şeyx Nizamini, onun irsini yenidən kəşf etməsi üçün bir fürsətdir. Dünya zatən Nizami Gəncəvini tanıyır. Amma bu il biz bu dahi şairimizi və onun yaradıcılığını, onun əsərlərindəki ümumbəşəri ideyaları və idealları tamamilə yeni biçimdə, yeni konseptual yanaşma ilə təqdim edəcəyik. Bu mənada, “Nizami İli” təkcə Nizami Gəncəvi irsinin deyil, bütövlükdə azərbaycanlıların mədəni kimliyininin dünyaya təqdimatı olacaq. Şuşanın Mədəniyyət Paytaxtı kimi diqqət mərkəzinə gəlməsi, 2021-ci ilin “Nizami İli” elan olunması, Şuşada “Xarı Bülbül” Festivalının və “Vaqif Pioeziya Günləri”nin keçirilməsi üçün hazırlıqlara start verilməsi dünyaya da imkan verəcək ki, azərbaycanlılarla erməniləri müqayisə etsin, kimin kim olduğunu görsün. Bu il dünya birliyinin vandal ermənilərlə humanist azərbaycanlıları müqayisə etməsi üçün hər cürə imkanı olacaq. Beləliklə, 2020-ci ildə 44 günlük müharibə nəticəsində dünyaya döyüşkən xalq kimi açılan Azərbaycan xalqı 2021-ci ildə dünyanı öz mədəni potensialı ilə, istedadlı insanlarının yaradıcılıq imkanları ilə heyrətləndirəcək.
Prezidentin son çıxışında ana dilimizlə və UNESCO-nun “ikili standartlar” siyasəti yürütməsi ilə bağlı səsləndirdiyi fikirlər də zənnimcə, ayrıca təhlil mövzusudur. Dövlət başçımızın ana dilinin qorunub saxlanması ilə bağlı dediyi fikirlər əslində dilinimizin saflığı və inkişafı üçün məsuliyyət daşıyan hər bir rəsmi qurum üçün birbaşa fəaliyyət proqramıdır. Əlaqədar qurumlar bundan sonra dövlət dilimizə daha böyük məsuliyyətlə yanaşmalıdırlar. Hər bir məmur, hər bir dövlət qulluqçusu bilməlidir ki, dövlətimizin və millətimizin varlığı dilimizin varlığından və dilə münasibətimizdən asılıdır. Bu, eynilə hər bir vətəndaşa da aiddir. Ana dilimizdə səlis danışmaq və düzgün yazmaq hər birimizin həm borcu, həm də vəzifəsidir. Dövlət başçısının dediyi kimi, bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Deməli, nə az nə çox, düz 50 milyon nəfər dil daşıyıcımız, dil ötürücümüz var. Bu, olduqca nəhəng bir qüvvə və insan resursudur. 50 milyonumuzun hər bir fərdi özünü ana dilimizin keşikçisi kimi hiss etməli, yaşadıcısı və yayıcısı kimi aparmalıdır. Biz ana dilimizi mükəmməl bilməli, əcnəbi dilləri də yaxşı öyrənməliyik. Çünki dünyaya açılmaq və Azərbaycanımızı tanıtmaq üçün ana dili də, əcnəbi dillər də çox vacibdir.
Cənab Prezidentin UNESCO barədə söylədikləri isə təkcə bu qurumun rəhbərliyinin yox, eləcə də digər beynəlxalq qurumların da üzünə çırpılmış tərs şillə və ya acı həqiqətdir: “İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik”. Prezident İlham Əliyev bu fikirləri səsləndirməklə UNESCO-nu yönətənlərə açıq mətnlə bildirdi ki, siz ədalətsizsiniz və ermənilərə təəssübkeşlik edirsiniz. Bir beynəlxalq təşkilat üçün bundan ağır ittiham ola bilməz. Ancaq dövlət başçımız bu ittihamı dilə gətirməkdə tamamilə haqlı idi. UNESCO bu tənqidləri, bu ittihamı haqq edir. Beynəlxalq təşkilatların maskaları bax bu cürə nümayişkaranə şəkildə yırtılmalıdır ki, dünya siyasətindəki ədalətsizliklər, “ikili standartlar” aradan qaldırılmış olsun. Biz Prezidentimizin bu haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyirik. Prezidentin özü demişkən, “kimsə bunlara dərs verməli idi, yoxsa yox?”.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri