(“Onun adı Şuşadır”, Bakı, “İstiqlal” Nəşriyyatı, 2022)
O, həyatının 45 ilini “Şuşanı sevməyə, öyrənməyə, vəsf etməyə, Şuşanın və şuşalıların problemlərini həll etməyə, Şuşa uğrunda döyüşməyə, müdafiəsinə, işğaldan azad edilməsi uğrunda mübarizəyə həsr edib, mübarizə başqa formada bu gün də davam edir”, obrazlı desək, sabah da davam edəcək, nə qədər ki, canında can var. O, Kərim Kərimlidi.
Nankor qonşularımızın Vətənimizə ərazi iddiaları, zərif və nərmənazik bayatı misallı Qarabağı zəbt etmək iştahası, Vətən oğullarının Qarabağ və ətrafını bir qərinədən sonra əsirlikdən azad etməsi, 44 günlük Vətən müharibəsinin şanlı Zəfəri Azərbaycan söz sənətində “Şuşa ədəbiyyatı” yaratdı. Bu ədəbiyyatın yaradıcılarından biri yazıçı, şair, jurnalist, publisist Kərim Kərimli ilə 2024-cü ilin iyununda Şuşanı ilk dəfə ziyarətim zamanı Natəvan bağında Azərbaycan ziyalılığının meyarı Üzeyir bəy Hacıbəylinin heykəli qarşısında görüşdük. Görüş yerimizin üçqat ilahiliyinə fikir verin – Şuşa, Xan qızı Natəvan və Üzeyir bəy.
Kərim Kərimli bu dünyaya Şuşa epoxasını yaratmaq üçün göndərilənlərdəndi, az qala yarım əsrdi ki, bu işdə “külüng çalır”. Yaradıcılığını, anlaqlı ömrünü tamamilə Şuşaya həsr edən Kərim müəllim əslən Füzuli rayonunun Yağlıvənd kəndində olsa da, tale onu Ukraynadakı ali təhsilindən sonra Azərbaycanın incisi, musiqi, sənət məbədi Şuşaya göndərib ki, ucalıqları əlahəzrət sözü ilə daha da ucaltsın, şüşə kimi saf, ləkəsiz etsin. Bu missiyanı ürəyi, Vətən sevgisi, zəhməti, istedadı, təxəyyülü, qələmi ilə bu gün də yorulmdan davam etdirir.
İlk görüşümüz Kərim müəllimin mənə dəyərli hədiyyələri – Şuşa tarixinin yaradılmasında xüsusi əməyi olan, “bütün həyatını Şuşaya həsr edən” jurnalist Vasif Quliyevin “Şuşa qalası broşürlər seriyası 1-10” və özünün “Şuşa ili”nə töhfəsi “Onun adı Şuşadır!” hekayələr kitabı ilə əbədi yaddaşımda qalacaq.
“Onun adı Şuşadır!” kitabı belə tanıtımla açılır: “Müəllifin “100 həyat hekayəsi” silsiləsindən ilk kitabına daxil edilən 12 hekayəsi müxtəlif mövzuları əhatə edir”. Səhv etmirəmsə, bu təcrübəli söz adamı Kərim Kərimlinin oxucularına ərmağan etdiyi 15-ci kitabıdır. Bəzi kitablarının adını yazıram ki, oxucularda söz adamının yaradıcılıq üslubu, yazı manerası haqqında dolğun bilgi yaransın: “Ürəyimin səsi Şuşa”, “Hələ Şuşalıykən…”, “Şuşalı, Şuşasız günlərim”, “Şuşasız”, “Şuşamın kitabı”, “Azərbaycan unutdumu Şuşanı?!” və s.
Yazıçının hekayə janrında birinci kitabı mövzu rəngarəngliyi, aktuallığı, mənəvi dünyamızın müsbət və mənfi cəhətlərinə, milli ruhumuza, təfəkkürümüzə yanaşma tərzi ilə fərqlənir. Mövzu özü Kərim müəllimi tapır, məni qələmə al deyir, müəllif də sözü tumarlaya-tumarlaya ələ alır, ana dilimizin şirinliyi və zənginliyi ilə dada, duza gətirir, fikir sügəcindən arınıb keçən həyat hadisələrini özününküləşdirir. Sözə ustalıqla – qənaətlə yanaşır, fikirlərində artıq sözə yer olmadığından həm özünü, həm də oxucularını yormur. Çünki çağdaş dövrümüzün ən qiymətli sərvəti vaxta heyfi gəlir, az sözlə daha çox informasiyaötürmək, dərin mətləblərə nüfuz etmək onun yaradıcılıq manerasıdır.
İlk hekayəsini ali məktəb tələbəsi olarkən Ukraynanın Kirovoqrad (indiki Kropivnitski) şəhərində yazıb, ardınca bir neçə hekayə ilə də qələmini sınayıb. Qırmızı imperiyanın ciddi, gülünc və əsassız tabuları onun ilk qələm məhsullarının qarşısında qırmızı işıq yandırıb. Bəhanələr qeyri-müəyyən idi – “Sovet dövlətində bu cür hal mümkün deyil. Hətta övladlar da öz analarını atıb getsələr belə, Sovet hökuməti öz vətəndaşını heç vaxt çətinlikdə, darda qoymaz”.
Fərqli şriftlərlə qabartdığım bu iki cümləni yazıçının kitabın girişindəki “Müəllifdən” sərlövhəli qeydlərindən götürmüşəm. İnsanı məngənədə sıxa-sıxa, sözünün başına min oyun açıb urvatdan salmaq SSRİ-nin ideoloji silahıydı.
Kitabdakı iki hekayənin oxucuya ötürmək istədiyi mətləbləri qısaca incələmək istəyirəm. Digər hekayələrə də yəqin ki, nə vaxtsa müraciət edəcəyəm. Ona görə buna əminliklə yazıram ki, bütün hekayələrin məna yükü, mövzu orijinallığı, yığcamlığı bir yazıya sığışmayacaq.
“Onun adı Şuşadır!” və “Axamızda Şuşadır!” hekayələri niyə növbədə birincidirlər? Təkcə ona görə yox ki, o hekayələr kitabda da ilk sıradadırlar. Ona görə ki, bu hekayələr (və bir çoxları da) Vətən tarixidir – 32 il əvvəl bizim başımızı aşağı edən utanc tariximiz, Zəfər bayramında sonra bizi qürurlu qalib adı ilə mükafatlandıran şərəf tarximizdir. Bu hekayələr Şuşanın dünəninin, bu gününün və sabahının lirik və həzin epopeyasıdı. Kərim müəllim gəncliyindən Şuşa adlı bir qalaktikanın ağuşunda olub, oradakı Ayı, ulduzları, hərəsi bir nəhəng planet olan insanları yaxşı tanıyır, həssas öncəgörən münəccim kimi həmin qalaktikanın gələcəyini görür. Fikirlərində obyektivdir, pafosdan uzaqdır. Bu hekayələr bir Vətən, yurd sevdalısının qəlbinin təlatümləridir, gələcəyə inamının lirik dillə təcəssümüdür.
Zəfər bayramından sonra “dağların başının bir az ucaldığını, zirvələrin üzü güldüyünü, yolların “gözlərinin par-par yandığını” qürur, fəxr və sevinc hissi ilə, iti fəhmlə yazmağı bacaran Kərim müəllim çox incə məqama incəliklə də toxunur. Şuşanın hər qarışına bələd olan söz adamı hər otun, çiçəyin, ağacın, qayanın, bulağın, qıy vuran qartalın dilini əzbər bilir, “zirvələrin başına dolanan yolların” dolanbaclarını addım-addım gəzib:
“Bəlkə Zəfər yolunu bilərəkdən belə çəkiblər, – deyə gözlərini mənzərədən çəkib şüşədəki “üzünə” zilləyərək pıçıldadı: – Yəni demək istəyiblər ki, bax, Şuşanın başına belə dolanmasan, ayağına belə sürünməsən, əlindən alarlar və yenə də, az qala otuz il öz başına döyər, başqalarının ayağına sürünərsən…”
Sonra lirik qəhrəman Şairin – tam əminəm ki, Kərim Kərimlinin prototipinin xəyalları 30 il əvvələ qayıdır – Şuşanın işğalına az qalmışa, “Şuşanın taleyinin taleyin ümidinə buraxılmış” çağlarına.
Daşaltını düşmənə ərmağan etmiş “səfil və yaramaz” generalla həqiqəti vulkan kimi onun üzünə püskürən Şairin dialoqlarını yazıçı elə inandırıcı, məharətlə və cəsarətlə bizə çatdırır ki, buna ancaq qəlbi, duyğusu buz bağlamış, ürəyində Vətən eşqi ölmüşlər etinasız qala bilər. Qanlı-qadalı müharibə dövrünün belə fərari generalları ilə bədnam düşmənin fərqi nədir? Bax, bunu anladır Kərim müəllim bizə. Vurğulayır ki, “bəs şərəf? Zabit, general şərəfi?
Şuşa ucalıq, alilik, saflıq rəmzimizdi. Şairin poetik duyğuları bunu bir beytlə pıçıldayır:
Şuşadan ucada nə var dünyada?!
Yalnız bir varlıq var – Tanrıdır o da…
Bu iki misra fərsiz, qorxaq, fərari generala – vətənşüvənlərə qılıncdan iti cavabdı, Vətən eşqinin möhtəşəmliyidi.
“Nə vaxtsa ürəyi vətənsizlikdən cadar-cadar olanda, Şuşasızlıq dodaqlarını çatladıb-partladıb, bağrının başını qan eləyəndə bir şeir də yazmışdı” Şair:
Ətrafda laləzar, gülüstan olsun,
Virandır gözümdə cahan Şuşasız!
Bizə də hər yerdə insan deyirlər,
Rəzildi, zəlildir insan Şuşasız…
“Arxamızda Şuşadır” hekayəsi “bu günədək heç bir mükafata layiq görülməmiş misilsiz igid döyüşçü, Şuşanın müdafiəsində qəhrəmancasına şəhid olmuş Bəşirov Kamil Sabir oğlunun əziz xatirəsinə” ehtiramla yazılıb.
“Zirvə” postuna düşmənin hücumu zamanı döyüşçülər ölüm-dirim savaşına girib düşmənə ciddi müqavimət göstərməkdəydi. Komandirin də geri çəkilmək fikri yox idi,“tez-tez bağırtısı eşidilməkdəydi: “Arxamızda Şuşadır!”
“Kamil ətrafını kol bürümüş iri bir daşın arxasına uzanmışdı. Sinəsini sıxdığı, sinəsinə sıxdığı Vətən torpağı ona güc verirdi: “Mən bu torpağı sinəmdən, köksümdən, sinəmi, ürəyimi bu torpaqdan necə aralaya, necə ayıra bilərəm”, – deyə düşünürdü. Elə bu zaman komandirin növbəti bağırtısı eşidildi:
– Geriyə, geri çəkilirik!”
Kamilsə “post”unda – kol bürümüş daşın arxasında öz işindəydi. Komandirin növbəti əmrinə “mən çıxmayacağam, komandir, arxamızda Şuşadır! Şuşasız həyat mənə lazım deyil!” – qışqıranda yaxınlığına düşən mərmi komandiri dərənin dibinə atdı.
… Mühasirə daralmaqdaydı. Kamilin “bədənində salamat yer qalmamışdı”…
“Tabor komandiri Fəxri kolluğun içindəki daşın arxasında 19 düşmən leşi saydı. Bu, qalanlar idi. Quldurlar adətən döyüş meydanında gəbərənlərinin murdar leşini çıxarmağa çalışırdılar. Ancaq birinci növbədə kənardan gələnlərin leşlərini götürürdülər… Ətrafda gözə dəyən müdhiş mənzərə – torpağın cırmaqlanmasına qədər hər şey burada süpürləşmə getdiyini, o qədər ağır yaralardan sonra belə Kamilin tabe olmayaraq əlbəyaxa müqavimət göstərdiyini deyirdi”.
Kərim müəllimin bu iki hekayəsi hansısa savaş filminin ssenarisi deyil, gerçək qəhrəmanların gerçək döyüş anlarıdır. Əlbəttə, belə ədəbi nümunələrdən filmlər çəkilməlidir. Kamil kimi qəhrəmanların Vətəni necə düşmən tapdağında qala bilərdi? Qalmadı da. 44 günlük İkinci Qarabağ Müharibəsində torpaq, yurd Vətən eşqiylə və yüngül silahlarla, dəmir yumruqla silahlanaraq kanat yollarla qayalara dırmaşıb dünyaya yeni qəhrəmanlıq örnəyi göstərən igidlərimiz bunu sübut etdilər.
Yadıma düşmən əsgərin etirafı düşdü: “Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər”. Kamil kimi “terminator”ları analar hər gün dünyaya gətirir…
Bir haşiyə çıxım. Kərim müəllimin məqsədi“ən qiymətli xəzinəsi oxucular”ına Şuşanın bu dövlət və xalq üçün nə demək olduğunu”anlatmaq istəyidir. Çox məsuliyyətli, ümdə, min illər sonraya hədəflənmiş missiyadı. Bu yazıçının (Şairin) – Vətən oğlunun dünyanın azğın, tamahkar, xalqların qanına susamış supergüclərinə mənəvi əzələ nümayişidi. Sözün qüdrəti duyğuları kütləşmişləri həmişə qorxudub. Laqeydlik, biganəlik azarına yoluxmuşları qəflət yuxusundan oyadıb Vətən sevgisi, eşqi ilə silahlandırmaq söz, düşüncə adamlarının taleyinə yazılıb.
Kərim müəllim Şuşada tikilən təzə binaların “ləqəb”lərindən, keçmiş küçələrin indiki adlarından, məhəllələrin, məscidlərin adlarını qələmə almaqla bir hikmət yaşadır – min illərin şahidləri və yadigarları coğrafi adlar (toponimlər) ən etibarlı tarixdir.
Şuşa, bütövlüklə Qarabağ o vaxt da bizim olub, bu gün də, sabah da. Əsirlikdə olduğu 32 ildə daha əziz, daha çox bizim olub. Vətənin müqəddəs bir hissəsinin daha dəyərli olması üçün düşmən pəncəsinə keçməsimi lazım? Əsla yox! Barbar düşmən Topxana meşəsinimi məhv eləməliydi, Cıdır düzündə atmı oynatmalıydı, müqəddəs heykəllərə gülləmi atmalıydı, bulaqların büllur suyunumu murdarlamalıydı ki, biz Vətənimizi daha ürəkdən sevək?
Son 200 ilin Vətən tarixi bizim üçün həyat, Vətən eşqi dərsləri olmalıdı. Biz o dərslərdən ibrət götürməsək…
Tanrı Vətən sevdalı bəndələrini heç vaxt darda qoymaz, deyər səndən hərəkət, məndən bərəkət.
“Tanrı onları eşidir…”
“Tanrının təbəssümü” Vətənin, Turan ellərinin başının üstündə əbədi olsun!
Elə sizin də, Kərim Kərimli!..
VAQİF OSMANLI
17 sentyabr 2024