Şuşa, sən azadsan… – Azər Qismət yazır

Şuşa, sən azadsan… – Azər Qismət yazır
Mayın 8-də erməni qadınları Şuşada o gözəl yurdun dağ keşnişindən, cincilimdən qutab bişirəndə daşları dələn cızdağımızın soyuduğu gündür bu gün.
Haykanuşlarla Aşotlar əl-ələ verib Natavanın ev muzeyinin qarşısından keçəndə, Üzeyirin doğulduğu evin tinindən burulanda, İsa bulağının suyundan bir-birinə atıb zarafatlaşanda gözümüzü yumardıq ki, kor qalmayaq. Hansısa Aram hansısa Donenin gəlinlik örpəyini qaldırıb rahib Qriqorun xeyir-duasını alanda, “Dağlarda toy” əməliyyatının insanlıq sifətindən uzaq əsgərləri Qazançı kilsəsində şam yandıranda, yeni doğulan erməni uşağının “türk düşmənimdir” deyəcək dilinin altına yumru şəkər qoyulanda, Cıdır düzündə yallı gedəndə, dombaģöz müəllimənin armud saplağına oxşar boğazından çıxan səslə məktəbliləri ekskursiyaya səsləyəndə, iri yanbızlı qadınlar əllərini belinə qoyub selfi çəkdirəndə, espanyol saqqallı dequstatorun rəyindən sonra Tuğ kəndindən gətirilən şərab küpləri təntənəli şəkildə torpağa basdırılanda, qoca Samvel İrəvandan gəlmiş uşaqların darıxmaması üçün Vaqifin məqbərəsini daşlatdıranda, qədimliyin sübutu üçün alma şirəsində saxlanılmış xaçları divarlara bərkidən ustalara sərinlənməsi üçün su bardağı uzadılanda, rus milyonçunun arvadı müqəvvaya bənzəyən axçilərə paltar geyindirib Cıdır düzündə moda həftəsi keçirəndə, harayımız göz yaşına çevrilib muncuq-muncuq ovcumuza tökülərdi ki, biz xəyanətin qurbanı olan o gözəl Şuşaya qayıdacağıqmı?
Məhz bu gün gözümüzün ağından o pərdəni çəkib daha ucadan qışqıraq: Şuşa, sən azadsan.
Azər Qismət
Müstəqil.Az
Share: