Şuşada yaşananlar… – Rəfail Tağızadə yazır

Şuşada yaşananlar… – Rəfail Tağızadə yazır

 

Vaqif Poeziya Günlərində Şuşaya həm də keçmiş hərbi zabit kimi şəhidlərin ruhuyla salamlaşmağa, ölümün gözünün içinə dik baxan, hər günün, hər anın ölüm olduğunu bilə-bilə kənd-kənd, şəhər-şəhər irəliləyən qəhrəmanları alqışlamağa gəldim.
Gəldim fatehlərin ayaq izlərinə, soyumuş – yadigar gilizləri görməyə, o həyacanı duymağa. Qovanla qovulanın hərəkət trayektoriyasının yol izini, səma çəkilişini görməyə. Sevincin qışqırıq səsini duymağa, yaralı yoldaşı çiynində döyüşə-döyüşə mövqeyi dəyişən əsgərimizin siluetini görməyə. Gəldim özümü tanımağa, kimliyimin təsdiqini tapmağa. Gəldim mənimkinin mənim olacağını bu uca zirvədən hayqırmağa, düşmənə yuxarıdan aşağı baxmağa. Qarabağımın nə vaxtdır görmədiyim böyüklüyünü bu zirvədən seyr etməyə. Tökülən qanın müqəddəs qoxusunu duymağa.
Cıdır düzündən əsgər və zabitlərimizin aşağıdan yuxarıya bu zirvəni yeyən baxışları ilə baxmağa.
Kimliyimizə baxmağa gəldim, Şuşam!
Qeyrətimizi özümüzə qaytaran Şuşama özündən baxmağa.
Milləti, dövləti MƏN edən Şuşama!

***
Yolumuz Şuşayadı. Müqəddəs məkana.
Söz adamların söykəndiyi söz ilk öncə telefonda gül açırdı.

Bizi ilk qarşılayan şəhidlərimizin ruhları oldu. Hər yerdə onlar görünürdülər. Bizə doğma olan, bizi addım-addım izləyən bu ruhlar Şuşaya gələnlərə yol yoldaşı olaraq onları düşmən bəlalarından qoruyurdu.
Bizə şərəf yaşadan, bizi məğlub vətəndaş adından xilas edən, Şuşanı bizə qaytaran şəhidlərimizin ruhları indi bu şəhərin rahatlığının keşiyini çəkir. Müqəddəs ruhlar missiyasını sonacan davam etdirmək niyyətindədir.

Cıdır düzündə, Qala divarlarının dibində gilizləri axtarıram. Bizimkilərdən yan keçən, mənə qəzəblə baxan, müqəddəs torpağından düşməni təmizləyən, üzümə gülümsəyən gilizləri.
Hansının düşmənin, hansının bizimkinin olduğu mənə baxan, göz dikən baxışlarından seçilir. Gülləsinin hansının yan keçdiyi, hansının hədəfə çatdığı yerə sığınmağından bəllidi.

Qəhrəman fatehlərimizin, şəhidlərimizin qayadakı ayaq izləri səmada uzanan Ağ yola bənzəyir.
Qayada cığır salan qan Zəfərə gedən yolun xəritəsini canlandırır.

Şuşadan baxanda Xankəndindən boylanan nifrət düşmən baxışları sipər kimi dayanan qayalara, budaqları ilə Şuşaya qanad tutan ağaclara, daşlara dəyib geri qayıdır. Bu baxışlarda qəzəblə bərabər müvəqqətilik, nə vaxtsa buralardan uzaqlara getmək də hiss olunur.
Ayaq altında görünən Xankəndini gözüm yaman yeyir. Yəqin ki, hər gün bu mənzərəni görən əsgər və zabitlərimizin də.

Şuşaya həmişə Ağdamdan gəlmişəm. 28 km-lik məsafə mənə 28 dəqiqə kimi görünürdü.

İlk dəfə idi ki, Şuşaya gedərkən bu qədər uzaq yol qət edirəm. 30 illik həsrətin qovuşmaq sevinci mənə köhnə 28 km-lik yolu unutdura bilmir. Bəlkə də bu təkcə məsafənin uzunluğu deyil. Yol boyu görmək istədiklərimin yoxluğunu görmək məcburiyyətinin yorğunluğudu. Uçulan evlər, dağıdılan kənd və şəhərlər. Hər şeyin məhvi, olanların yoxluğu idi adamı yoran, haldan salan. Özümüzünkülərin yoxluq səhnəsi adamda idmanda öz meydançasında böyük hesabla məğlub olmağın acısını yaşadır.

Dağıdılan kəndlərdən, şəhərlərdən keçdikcə keçmişlə bu gün və gələcək arasında qalırsan. Bu evləri tikən, qurub yaradan, orda yaşamış insanların evlərin sökülən daşlarının, tozun-torpağın altından baş qaldıran əl qabarları, sevinc dolu günləri adamı dəli edir. Təsəvvürə gəlməz erməni vəhşilikləri onların ibtidai icma qurluşundan çıxmadıqlarının bir daha təsdiqidir. Bu törədilənlər insanlıqdan çox uzaqdı.

Şuşaya doğru irəlilədikcə yol boyu sevincli gələcək günlərin sədaları eşidilir.

***
Şuşa bizi küləyiylə sığallayır, günəşi ilə isidir, buludu ilə üstümüzə kölgə salır. Nələri vardı onunla qayğımıza qalır.
Şuşa bizə bir ovuc tut da saxlayıb. Şipşirin, adamın şəkərini qaldıran tut.

Şuşaya uşaqlığımın gözləriylə baxıram. Yadıma Şuşanın Avtovağzalı, Cıdır düzü, İsa bulağı, məhlələri, bazarı düşür.
Bu gün həm də “Şuşaya mənim gözlərimlə bax”, – deyən dostların, doğmaların gözüylə baxıram. Baxışlar Şuşanın məhlələrini, evlərini axtarır, gəzir. İlişib qalanlar da oldu, azanlar da, diksinənlər də…
Sevinənlər daha çox oldu. Şuşanın varlığına, bu gününə sevinənlər.
Şuşada üçrəngli bayrağımız gəlib gedənlərə əl eləyir.

Mənim üçün Qarabağın işğaldan azad olunması Şuşadan keçir. Ağdam mənə nə qədər əziz, doğma olsa da. Çünki Şuşasız Qarabağ yoxdur. Bəli, Ağdam Qarabağın iqtisadi-siyasi mərkəzi olub və olacaq. Şuşa isə Qarabağın tacıdı. Qələbə tacsız olmur!

Eşq olsun müzəffər ordumuza! Onun əsgər və zabitlərinə, Ali baş komandanına!
Bu adi zəfər deyil, bu millətin, dövlətin qürurudu. Özünə qayıdışıdı. Fəxarətidi!

***
Ağacların yaşıl qalanı da var, xiffətdən quruyanı da. Evlərin, binaların dağılanı da.
Ağdam, Füzuli, Cəbrayılla Şuşanı ilk baxışdan fərqi ondadır ki, o yerlərdə heç nə qalmayıb, hər şey dağıdılıb, yerlə-yeksan olub, ağaclar qırılıb. Varlıq deyilən ancaq torpaq və dağlardı. Şuşada isə baxımsızlıqdan (ermənilər Şuşanı, işğal olunmuş əraziləri özlərinin olmadığını bildiklərindən hər şeyə ögey münasibət bəsləyiblər), yiyəsizlikdən quzulayıb uçan, pəncərəsi, qapısı sındırılan evlər də var.
Şüşələri yox, rəngi solmuş aynabənd sınıq eynəyə bənzəyir.
Şuşanın bu vəziyyəti mənə daha ağır gəldi.
Uçuq-sökük evlərin həyətlərini kol-kos basıb.
Şuşanın tarixini silmək üçün ən çox dağıdılan onun qədimi binalarıdı.

İsa bulağı yolunun üstündə, Xankəndi yolunda sülhməramlıların yanında ermənilərin səyyari maşın dükanı uzaqda yaşayan ermənilərə ərzaq bölüşdürür. Sakitcə, dinməz.
Şuşa türməsində sükut hökm sürür.
Damı uçulmuş evlər papiros çəkən adam kimi küləyi içinə çəkib çərçivəsiz pəncərəsindən bayıra üfürür.
Adamlardan çox yiyəsiz, uçuq evlər, yox pəncərə gözlərdi qonaqlara baxanlar.
Şınıq şüşəbəndli evlərin xatirələri içəriylə çöl arasında yarı bölünüb.
Quruyan ağaclar dərdin uzun çəkdiyinin göstərir.

Özü papaq,
evləri damsız,
pəncərəsi çərçivəsiz,
yarı sökük aynabəndi şüşəsiz,
ümidlər şəhərim.

Şuşam!
Tarixi özündə yaşadan
sevilən şəhərim.

Hər yerdə varlığımızın göstəricisi qürurverici üçrəngli bayraq dalğalanır. Bir də Vaqif Poeziya Günlərinin reklam lövhələri.

Bu da bir axşam.
Xoş sözlərlə, sevgi çələngi ilə bəzənən Şuşa axşamı…
Hər gün bir tarixdir. Gözəl olan, yadda qalan xatirələrə çevrilir. Elə bu axşam kimi. Görünməz baxışları, hissləri, uzaqları yaxın edən ruh ovqatlı bir axşam…
Bu axşamda ümid də var, reallıq da. Və ən ümdəsi rahatlıq var. Bu narahat dünyada adamın könlünü oxşayan, özünü belə unutduran bir hal. Bu məqamda adam özünü xoşbəxt sayır, çünki arzuları reallaşır. Hər şey o qədər gözəl ki, “özümə özümün gözüm dəyər”, – deyə düşünürsən.

Şuşanın sükutlu gecələri adamı yatmağa qoymur. Bəlkə də adam Şuşada yatmağa heyfslənir. Ayı işıq salan, ulduzları əl çatacaq yerdən bərq vuran gecədə adam yatmaq istəmir. Bütün gecəni açıq səmaya, bu gözəlliyə doyunca baxmaq istəyir. Bu gözəl məkanda keçirəcəyin günlərdə yatmağı günah bilirək. Hər dəfə yuxu gələndə bayrağa baxıb diksinən kimi olursan. Dalğalanan bayrağın sevinci ruhu təzələyir. Gözünü uzaq qaranlıqda illərlə axtardığın sevinc işığı qamaşdırır.
Gecəsi gündüzü qədər gözəl olan bu şəhərdə hər şey gözəldi.

Zamanın dönməsi varmış,
günlərin çönməsi varmış,
həsrətin sönməsi varmış,
Vətən, külün mübarək!

Şuşada Xüsusi nümayəndəliyin inzibati binasında dalğalanan bayrağa baxdıqca Vətən Müharibəsi Qəhrəmanları – “Zəfər Günü”ndə Qələbə bayrağını Şuşaya sancan baş gizir Yaşar Hüseynovun, komandiri mayor Gündüz Səfərlinin və döyüşçü dostlarının – Şuşa fatehlərinin sevinc sədalarını bir daha eşidirəm. ”Var olun, bizə Qələbə sevinci yaşadan igidlər, qəhrəmanlar”, – deyə bütün içim boyu haray çəkirəm.

Boyuna yollar uzanır,
toyuna qollar uzanır,
hayına oylar uzanır,
Vətən, günün mübarək!

Qazanacağımız qələbənin xoş sədası itmiş, yox olmuş qapıları, darvazaları tapıb yerinə qoyacaq. Sovulmuş həyətdən üstümüzə yüyürən toz basmış, rəngi solmuş xatirələri qucaqlayacaq.
Təzədən açacağıq o qapıları. Küsmüş, qoxusu uçmuş qızılgüllər əvvəlki təravətlə açmağa başlayacaq. Ömrümüzə açılan yeni – təptəzə səhifə kimi…

Şuşa yaşamağa başlayır.
Şuşaya çəkilən yeni yol Şuşanın həyatına yeni cığır açır.
Tikintilər gedir, tədbirlər düzənlənir.
Şuşanın uzun sükutu pozulmaqdadı.

Vaqif Poeziya günləri söz üçün darıxan Şuşanı söz çələnginə bürüdü. ”Məclisi-uns” bu dəfə Vaqifin məqbərəsi önündə davam edir.
Şuşa bu xoş ovqatı, sevinci növbəti gəlişə qədər yaşadacaq.

P.S. Şuşaya qazilərin, şəhid ailələrinin, jurnalistlərin, xarici qonaqların, beynəlxalq təşkilatların, səfirliklərin, ictimai qurumların və vətəndaşlarımızın səfərləri ilə bərabər yazıçı və şairlərin də səfərlərinin təşkili çox vacibdi.
Hər bir şair və yazıçının ifadəsi, yazısı hadisəni, prosesi yaddaqalan edir. Tarixləşdirir. Çünki tarixi tarixçilər yox, ədəbiyyatçılar yazır. Onların görüb duyaraq qələmə aldıqları əsərlərlə olanlar əbədiləşir. Ona görə də bu səfərlər mütəmadi təşkil olunmalıdır. Bu və bundan sonra Şuşaya səfər edəcək belə insanların yaradıcılığında tariximiz, bu günümüz və sabahımız əks olunacaq.
Vaqif Poeziya Günləri çox gözəl təşkil olunub. Şuşanın özüylə bərabər düzənlənən tədbirlər də iştirakçıların yaddaşında xoş təəssüratlarla qaldı. Və bunlar yeni əsərlərin yaranmasında öz rolunu oynayacaq.
Tədbirin əsas xüsusiyyətlərindən biri də bir-birini imzasından tanıyan yazarları görüşməsi və ədəbi əlaqələrin möhkəmlənməsi idi.
Səfərin ən yadda qalan hisslərindən biri Vaqifin məqbərisi önündə Qələbə müjdəli gənc Qazi şairlərin şeirlərini oxuması oldu.
Cıdır düzündəki konsert – şeir və muğam sədaları, gözəl kompozisiya Şuşanı özünə qaytardı. Şuşa yenidən canlandı.

Rəfail Tağızadə
15.07.2022

Share: