Şuşanın qaytarılması unikal əməliyyatdır – General Safonov

Şuşanın qaytarılması unikal əməliyyatdır – General Safonov

Müstəqil.Az istefada olan general-mayor, hərb elmləri namizədi, Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti xüsusi rayonunun və ona bitişik rayonlarının komendantı, SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Şimali Qafqaz və Zaqafqaziya üzrə İdarəsinin rəis müavini (may 1988-dekabr 1990) olmuş Vladislav Nikolayeviç Safonovun Azərtac-a müsahibəsini təqdim edir:

-Vladislav Nikolayeviç, Siz Ermənistan-Azərbaycan münaqişəsi barədə kifayət qədər məlumatlı adamsınız, çünki 1988-1990-cı illərdə Siz DQMV xüsusi vəziyyət rayonunun ilk komendantı olmuşunuz. 28 ildən sonra Azərbaycan öz ərazilərini işğaldan azad edib. Siz 1990-cı illərin əvvəlindəki müharibə ilə 2020-ci ildəki müharibəni, qarşıdurma vəziyyətində olan orduların imkanlarını müqayisə edə bilərsinizmi?

-1988-1990-cı illərdə SSRİ-nin partiya-sovet rəhbərliyinin zəiflədiyi, ölkənin parçalanma həddində olduğu, “xalq demokratiyası”nın inkişaf etdiyi dövrdə hakimiyyət uğrunda mübarizə genişləndi, Azərbaycanda və Ermənistanda kommunist partiyası mərkəzi komitələrinin birinci katibləri dəyişdirildi.

Bakıda DQMV ilə iş bütünlüklə Xüsusi İdarəetmə Komitəsinə və hüquq-mühafizə orqanlarına həvalə edildi, respublikada milis dəstələri və könüllü xalq hərəkatı formalaşdı. Hərb işinin öyrədilməsinə, təchizat və silahlanma məsələlərinə xüsusi əhəmiyyət verilmirdi. Döyüş əməliyyatları aparılmasına hazırlıq getmirdi.

Dağlıq Qarabağda isə başqa vəziyyət yaranmışdı. DQMV erməniləri Ermənistanın, habelə Amerikada və Avropa ölkələrində fəaliyyət göstərən erməni diasporlarının dəstəyi ilə planauyğun, lakin gizli şəkildə müharibəyə hazırlaşır, silah, sursat və hərbi texnika toplayırdı.

DQMV ərazisində aşkar edilmiş hərbi düşərgələr və silah anbarları barədə Azərbaycan rəhbərliyinə dəfələrlə məruzə edilmişdi.

1990-cı illərin əvvəlində Sovet İttifaqı dağılandan sonra Ermənistan DQMV-nin və ona bitişik yeddi Azərbaycan rayonunun ərazisini işğal etdi. Yüz minlərlə azərbaycanlı işğal edilmiş ərazilərdən qovuldu, xeyli insan həlak oldu, çoxları evsiz-eşiksiz qaldı.

Prezident Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycanın dirçəlişi və peşəkar hərbi kadrlar yetişdirilməsi başlandı. Atasına xas olan bir sıra xüsusiyyətləri özündə cəmləşdirən, geniş təfəkkürlü, əsl ziyalı olan İlham Əliyev həm ölkənin layiqli Prezidenti, həm də istedadlı sərkərdə olduğunu göstərdi. Bu yaxınlarda müşahidə etdiyimiz hadisələr – Ermənistan ordusunun darmadağın edilməsi, müasir texniki vasitələrdən istifadə edilməklə ərazilərin işğaldan azad edilməsi, dağlıq-meşəlik və düzənlik ərazilərdə döyüş əməliyyatlarının taktiki fəndlərinin tətbiq edilməsi, şəxsi heyətin dözümlülüyü və fədakarlığı Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyünün birbaşa sübutudur.

-Siz bizə verdiyiniz müsahibələrin birində demişdiniz ki, Şuşa şəhərinin təslim olmasına inana bilmirdiniz. Bəs indi Şuşanın Azərbaycan Ordusu tərəfindən qaytarılmasına münasibətiniz necə oldu? Siz bu əməliyyatı necə qiymətləndirirsiniz?

– Azərbaycan Ordusu tərəfindən Şuşanın böyük dağıntılara yol verilmədən, mədəniyyət abidələri qorunub saxlanılmaqla qaytarılmasını Azərbaycan Silahlı Qüvvələrinin unikal əməliyyatı hesab edirəm. Eyni zamanda, Ermənistan silahlı qüvvələri tamamilə iflic edildi.

– Siz Qarabağ münaqişəsi zonasında sülhyaratma əməliyyatlarının rusiyalı hərbçilər tərəfindən həyata keçiriləcəyi, atəşkəs rejiminə nəzarət üzrə sülhyaratma mərkəzinin yaradılacağı, həmin mərkəzə rusiyalı və türkiyəli sülhməramlıların cəlb ediləcəyi barədə xəbəri necə qəbul etdiniz? Siz sülhməramlıların fəaliyyətinin gələcəyini necə təsəvvür edirsiniz?

-Sülhyaratma əməliyyatının rusiyalı hərbçilər tərəfindən həyata keçiriləcəyini mən əvvəlcədən təsəvvür edirdim. Qarabağda və Azərbaycanın bütün ərazisində sülh və asayiş bərqərar olmasında Rusiya hamıdan çox maraqlıdır. Mən başa düşürəm ki, bu, ağır prosesdir və həqiqi sülhün bərqərar olmasını hələ çox gözləmək lazım gələcək. Atəşkəs rejiminə nəzarət üzrə sülhyaratma mərkəzinin yaradılması, həmin mərkəzdə rusiyalı və türkiyəli sülhməramlıların cəlb edilməsi isə Rusiya və Türkiyə müdafiə nazirlərinin memorandumunda müəyyən edilib. Bu məsələ müzakirə olunmur.

Sülhməramlıların fəaliyyəti qan tökülməsini dayandırmağa imkan verib, dinc həyata qayıtmaq üçün şərait yaradacaq, habelə hərbi qisasa çağıran təhrikçiləri bir qədər sakitləşdirəcək.

Müstəqil.Az

Share: