Şuşanın Zəfər dastanı- CIĞIR

Şuşanın Zəfər dastanı- CIĞIR

Nizami Cəfərov,

Milli  Məclisin  üzvüakademik

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin strateji hünəri (və siyasi müdrikliyi!) sayəsində  Azərbaycanın milli intibah şəhəri (bu gün isə mədəniyyət paytaxtı) Şuşanın düşmən əsarətindən xilas edilməsi elə bir möhtəşəm hadisədir ki, bütövlükdə milli tarixi yaddaşı hərəkətə  gətirməklə ədəbi- ictimai şüur qarşısında geniş idrak üfüqləri açdı. Və məhsuldar yaradıcılıq axtarışları ilə Azərbaycan  xalqının tarixinin müxtəlif dövrlərinə romanlar miqyasında müfəssəl analitik təhlil verməklə kifayətlənməyib keçmişlə bu günün sələf- xələflik münasibətlərinin genotipologiyasını aşkarlamağa  xüsusi maraq göstərən Yunus Oğuzun Şuşanın “tərcümeyi- hal”ına müraciət etməsi, əlbəttə, ilk  növbədə həmin möhtəşəm hadisənin – Şuşa Zəfərinin əks- sədasıdır. Görkəmli yazıçı- mütəfəkkirin on illərlə daxilində, ruhunda gəzdirdiyi  nisgil Şuşa görüşlərindən, ziyarətlərindən sonra vulkan kimi püskürərək onun düşüncələrindəki milli təəssübkeşliyi bütün hərarətilə üzə çıxarır.

Roman Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın  olduqca mürəkkəb dövrdə  paytaxt üçün etibarlı bir yer axtarması, bu zaman rastına çıxan ağsaqqal Nəsrəddin kişi ilə məsləhətləşməsindən başlayır…

  • “Xan gördü ki, Nəsrəddin kişi onun fikirlərini oxuyur. Sıldırım qayalara, göyün mavi ənginliyinə baxıb dilləndi:

-Görürəm, ürəyimdən keçənləri oxuyursan. Elədir,  amma  təzə yurd axtarmıram. Təzə paytaxt tikmək istəyirəm. Yurda gəldikdə isə bütün Azərbaycan mənim yurdumdur. Hökmüm  çatan torpaqlar isə Qarabağdır. -Ah çəkdi. -Nadir şahdan sonra məmləkətin içi qarışıb. Əvvəl şahın tayfası tac uğrunda müharibəyə başladı. Şahı devirən qardaşı oğlu Adil şahı da öz qardaşı taxdan saldı, ona qarşı çıxdı. İndi ölkədə hərcmərclikdir. Xorasanda Nadir şahın qardaşı oğlu  Adil şah tərəfindən gözü çıxarılan nəvəsi Şahruh, Şirazda Kərim xan Zənd, Astrabadda Məhəmməd Həsən xan Qacar, Urmiyyədə Fətəli xan Avşar şahlıq fikrinə düşüblər. Hamısı da namə yazıb ayrılıqda onlara qoşulmağımı təklif edirlər, hətta hədələyirlər”…

Yazıçı öz üslubuna sadiq qalaraq bütün əsər boyu dövrün siyasi mənzərəsini, baş verən hadisələrin tarixi köklərini, coğrafi miqyasını təsvir edir.  Birinci növbədə heç də az olmayan tarixi mənbələrə əsaslanır, təxəyyülünün  cilovunu buraxanda da çalışır ki, bu mənbələrin verdiyi təəssüratları zədələməsin:

  • “…Atlar yoxuşu qalxıb dayandılar. Onların qarşısında təsvir olunmayan bir gözəllik, lacivərd bir düzəngah açıldı. Hamı heyrətdə idi. Xan özü bu gözəlliyin əsirinə çevrilmişdi, deməyə söz tapmırdı. Yazın ortası olmasına baxmayaraq, hava soyuq idi. O daha atla getmək istəmədi, fikirləşdi  ki, bu yerləri qarış-qarış gəzsin, hər daşı, hər kolu yaddaşında saxlasın, tikəcəyi şəhərin hər addımına bələd olsun”.

Qarabağ xanlığını qoruyub saxlamaq üçün özünə paytaxt (əslində, qala, təbii istehkam!)  axtaran Pənahəli xanın arzuları, idealları barədə aydın təsəvvür yaratdıqdan sonra yazıçı XVIII əsrin ortalarından XXI əsrə – Şuşanı (və ümumən Qarabağı) qəsb etmiş Ermənistanın bu “qələbə”ni  möhkəmlətmək üçün Moskva qarşısında hər cür “reverans”lar etdiyi bizim günlərə gəlir. Məqam düşən kimi onları da aldadan, özünə daha güclü arxa axtaran ermənilərə isə Moskva heç də həmişə güzəştə getmək istəmir. Və Azərbaycanın yeni ərazilərini istila etmək arzusunda olan azğınlara Moskvanın məsul nümayəndəsi belə  cavab verir:

  • “Mən sizin kimi düşünmürəm, çünki mən burada Rusiyanın adından danışa bilmərəm. Sizə onsuz da kifayət qədər dəstək veririk, amma, bu məsələdə yalnız bir nəfərin qərarı keçərli ola bilər, o da Prezident Putinin. İrana gəldikdə isə, onlar sizə kömək edirlər. Ancaq, onu da nəzərə almaq lazımdır ki, İranda qırx milyon azərbaycanlı yaşayır. Əgər Tehran özünün strateji maraqlarını nəzərə alıb İrəvana açıq köməklik göstərsə, o zaman onlar ayağa duracaqlar, həm də,  ˗ o, müdafiə nazirinə diqqətlə baxıb sözünə davam etdi, ˗ həm də, nəzərə almaq lazımdır ki, İran Türkiyə və Pakistanın basqıları ilə üz-üzə qalacaq”.

Və beləliklə, məsul nümayəndə erməni nazirinə strateji gerçəkliyi xatırlatmağa məcbur olmaqla onu “göylərdən yerə endirir”.

Sovetlər Birliyinin dağıldığı illərin siyasi hərcmərcliyindən istifadə edərək Azərbaycan torpaqlarını qəsb etmiş ermənilər elə güman edirlər ki, bu,  taleyin onlara bağışladığı əbədi bir üstünlükdür. Və hətta bir az da irəli gedib Azərbaycanda hərc- mərclik  yaradacaqları barədə xəyallara da  qapılırdılar…

Yunus Oğuz romanın strukturunu hiss  olunmadan (yəni təhkiyənin xronotopunu ancaq zəruri hallarda dəyişərək) “mürəkkəbləşdirir”. Və nəticə etibarilə, roman həm bugündən keçmişə (retrospektiv), həm də keçmişdən bu günə (prospektiv) olaraq  oxunur ki, hadisələrin cərəyan ardıcıllığını yerli- yataqlı izləmək üçün bu,  çox mühün şərt olmaqdan əlavə, münaqişə başlayandan Şuşanın  azad edilməsinə qədər həmin mövzuda müxtəlif səviyyələrdə gedən söz- söhbətlərdən hansıların doğru, hansıların isə uydurma olduğunu bir- birindən ayırmağa imkan yaradır.

Ermənilərin Şuşa şəhərini necə ələ keçirdiyini Yunus Oğuz zahirən ciddi, daxilən isə ironik  planda təsvir edir:

“Hamının keyfi yerində idi, şadyanalıq edir, deyib gülürdülər. İrəvanda və Xankəndində Şuşanın alınması üçün xüsusi hazırlıqlar görülmüş, hətta bəzi xarici dövlətlərin rəhbərlərinin razılığı da alınmışdı. İndi qalmışdı Şuşanı almaq. Buna görə də bu əməliyyata “Dağlarda toy” adı verilmişdi. Şəhərin alınmasına tamaşa etməyə gələnlər, sanki doğrudan toya gəlmişdilər.

… Bu “toy”un tamadası isə müdafiə naziri Vazgen Sarkisyan idi. O bir-bir qonaqlara yaxınlaşır, hal-əhval tutur, zarafatlaşır, deyib-gülürdü. Xidmətçilər də ortada gəzir, şərab süzür, kim istəsəydi, qarşısına yemək, ya da meyvə qoyurdular”.

Nəinki keçmiş barədəki uydurmaları, nəinki gələcək barədəki xülyaları, hətta bu gün – gerçək həyat  haqqındakı düşüncələri belə, absurd avantüradan başqa bir şey olmayan bu narahat etnosu bir kabus kimi arxasınca hər cür nalayiq  hərəkətlərə sürükləmişdir.

Qarabağ uğrunda mübarizə pərdəsi altında Ermənistan hakimiyyəti kluarlarında məhz şəxsi siyasi nüfuz üçün baş verən çəkişmələrin iç üzünü açmağa çalışan yazıçı konkret (və olduqca səciyyəvi) epizodlarda erməni xisləti barədəki təsəvvürləri  dəqiqləşdirdiyi kimi, Azərbaycan hakimiyyətində həmin mübarizənin nə qədər müqəddəs ideallara əsaslandığını da parlaq lövhələrdə təqdim edir:

  • “… Prezident ayağa durdu, saatına baxdı, Təhlükəsizlik Şurasının iclasına hələ on beş-iyirmi dəqiqə qalırdı. Kabinetində bir qədər gəzişdi. Yenə gəlib atasının portretinin qarşısında dayandı. O sanki içində atasının ruhunu gəzdirir, bu dünyagörmüş atadan, siyasətçidən məsləhət almağa çalışır, atacağı addımı yüz ölçüb, bir biçirdi. İçində bir qalxınma vardı. O özü və Azərbaycan üçün yeni bir CIĞIR açırdı. Bu yeni CIĞIRı yola çevirmək istəyirdi”…

Yazıçı  romanda Tovuz döyüşlərinin təfsilatına varır, xaos yaratmaq cəhdlərinin necə iflasa uğradığını, xalqın monolit birliyini, Qarabağ uğrunda mübarizənin heç bir başqa istiqamətə yönəltməyin mümkün olmayacağını öncədən görməyə imkan verən hadisələri xatırladır…

“Hələ Tovuz döyüşlərindən bir qədər öncə Ermənistanın Baş naziri Paşinyan Xankəndində çıxış edərkən belə bir cümlə işlətdi. Qarabağ Ermənistandır, nöqtə”.

Prezident İlham Əliyev isə onun cavabını çox gecikdirmədi. Soçidə “Valday” konfransında, daha çox dünya siyasətçilərinin toplaşdığı bir məclisdə demişdi: “Qarabağ Azərbaycandır, nida!”

Tezliklə bu şuar xalqın dilində əzbər oldu, hər yerdə “Qarabağ Azərbaycandır!” deyilməyə başlandı”.

Şuşanın (ümumən Qarabağın) düşmən işğalından xilası barədəki komandanı Azərbaycan  Prezidenti, əslində, Valdayda – bütün dünyanın gözləri qarşısında  hər bir azərbaycanlının ruhunu silkələyən, canına- qanına işləyən “Qarabağ Azərbaycandır, nida!” sözlərilə vermişdi. Silahları hərəkətə gətirən sonrakı əmr isə yalnız ordu üçün idi. O ordu üçün ki, Azərbaycan xalqının (və Ali Baş Komandanın) iradəsini bilavasitə həyata keçirirdi.

Qarabağ uğrunda aparılan Vətən müharibəsində xalqla hakimiyyət arasındakı anlaşmadan doğan mənəvi- ruhi rezonans, hər bir vətəndaşın daxilindən gələn qeyri- adi vətənpərvərlik  romanda  təqaüdünü orduya köçürən şəkili Hikmət babanın, üç oğlunu birdən müharibəyə göndərən Cəfər  kişinin, şəhid ərinin cənazəsini qəbir evinə öz çiynində aparan xanımın bədii təxəyyüldən yox, həyatdan gələn obrazlarında əks olunmuşdur.

Ermənilər işğal etdikləri Şuşanın təbiətinə (ruhuna!) bələd olmadıqlarına görə CIĞIR dan da xəbərləri olmur.  Şuşaya hücuma hazırlaşan  Azərbaycan xüsusi təyinatlılarına bu barədə  Nəsrəddin kişi (Pənahəli xan dövründəki Nəsrəddin kişinin törəmələrindən) məlumat verir. Və əsgərlər Şuşaya məhz həmin cığırla qalxırlar…

“Dörd yüz nəfər xüsusi təyinatlı kölgəyə çevrilib Şuşanın küçələrində “Sızma” əməliyyatını davam etdirirdilər.

Nəhayət, ermənilər başa düşdülər ki, Azərbaycan əsgəri şəhərdə xüsusi əməliyyat aparır, amma, heç kim başa düşmürdü ki, onlar haradan gəlib çıxıblar. Şəhərin girişində yerləşən posta zəng edib soruşurdular ki, türklər hardan gəlib şəhərin ortasına çıxıblar.

Postun komandiri, buradan keçməyiblər dedi. Elə isə haradan? Bu müəmmalı sualın altında ermənilər hara gəldi atəş açmağa başladılar. Onlar hansı qaraltını görürdülər, güllə-borana tuturdular. Şəhəri güllə səsi başına götürdü”.

Romanın sonluğu – Şuşanın  düşməndən azad olunması səhnələri  xüsusi sənətkarlıqla, hətta demək olar ki, eşqlə, vəcdlə işlənilmişdir. Və yazıçının  təsvir- təfərrüatdan daha çox detallara üstünlük verməsi də buradan irəli gəlir…

  • ” -Sən Şuşada düşmən gördünmü, sizi bu günə kim qoyub, kiminlə vuruşurdunuz?
  • Yaralı əsgər zarıyaraq cavab verdi:
  • -Mən Şuşada ancaq kölgə görürdüm. Qaranlıq gölgələr çıxır, bıçağı boğazımıza çəkir, sonra qaranlığa batırdılar. Heç nə edə bilmirdik. Lap yaxından güllə atırdıq, bilirdik ki, hədəfə dəyib. Ancaq nə ölən vardı, nə də yıxılan. Elə bil ruhlarla döyüşürdük”.

Roman Ali Baş Komandanın 2020- ci ilin 8 noyabrında dediyi tarixi sözlərlə bitir: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq!..” O sözlərlə ki, Şuşaya qalxan yalnız azərbaycanlılara məlum CIĞIR-ı bütün dünyada məşhur geniş Zəfər Yoluna çevirdi.

Share: