Azərbaycanın azad olunan torpaqlarda sürətli məskunlaşma planları məlum qüvvələri ciddi narahat edir
Rusiya Müdafiə Nazirliyi Şuşada baş vermiş erməni təxribatına münasibət bildirib. Nazirliyin bəyanatı hər zamankı kimi yenə də Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olub. Rusiya tərəfi erməni separatçılarının atəşkəsi pozması faktını qərəzli və riyakar ifadələrlə şərh ediblər. Nazirlik bəyan edib ki, guya, rus sülhməramlı kontingenti 27 müşahidə məntəqəsində 24 saat vəziyyəti izləyir və atəşkəs rejiminə əməl edilməsinə nəzarət edir: “Atəşkəs bütün təmas xəttində müşahidə edilir.
Bununla belə, 13 iyul tarixində Şuşa şəhərinin şimal-qərbindəki ərazidə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan dağınıq atəş müşahidə edilib. Hadisə Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin səyləri ilə həll edilib. Hər iki tərəfin açıqlamalarına görə, atışma nəticəsində xəsarət alan olmayıb”.
Göründüyü kimi Rusiya Müdafiə Nazirliyi Şuşaya açılan atəşlə bağlı yaydığı məlumatda iyulun 6-da baş verən təxribata sərgilədiyi mövqeyi təkrarlayıb. Ekspertlərə görə, Moskvanın bu açıqlamasının konkret hədəfləri var. Rusiya Qarabağdakı qanunsuz erməni silahlı qruplaşmalarını “Ermənistan silahlı qüvvələrinin bölmələri” kimi təqdim etməklə bu dəstələri legitimləşdirməyə çalışır.
Ermənistanı tərəf kimi göstərməyə çalışır və bununla münaqişənin bitmədiyinə işarə vurur. Atəşkəsin pozulmadığını vurğulamaqla isə Qarabağda “təmas xətti”nin mövcudluğunu göstərmək istəyir.
Artıq ikinci dəfə sərgilənən eyni tipli mövqe sübut edir ki, Rusiya üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasını, xüsusilə 10 noyabr bəyanatının 4-cü bəndini, yəni erməni qoşunların bölgədən çıxarılmasını yerinə yetirmək fikrində deyil. Bu, tətiyə basan barmağın arxasında rusların dayandığını təsdiqləyir.
Müstəqil .Az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə bildirib ki, son günlər Qarabağda eşidilən atəş səsləri Moskva və İrəvanın birgə təxribatıdır.
Bunun başqa adı yoxdur. Azərbaycanın azad olunan torpaqlarda sürətli məskunlaşma planları məlum qüvvələri ciddi narahat edir. Nəticədə bu cür təxribatlara əl atırlar. Zəngəzur dəhlizinin reallaşması yönündə atılan addımlar da bu təxribatlarda mühüm rol oynayır. Məncə, Azərbaycanın təmkinli davranışı uzun sürməyəcək. Təxribatların siyasi və hərbi cavabı mütləq olacaq. Müdafiə Nazirliyinin açıqlamasında keçən “təmas xətti” ifadəsi uğursuzdur. Çünkü təmas xətti iki əksqütblü hərbi birləşmə arasında olur. Qarabağda isə hansısa erməni hərbi birləşməsinin olması faktı razılaşmaya ziddir. Əgər varsa, bunu rus sülhməramlıları dərhal aradan qaldırmalıdır. Əks halda cavabları hərbi güclə verilməlidir”.
Müstəqil .Az