06 May 2022-ci il tarixində Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində, Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə əlaqədar, tədbir keçirilmişdir. Tədbirdə mərkəzin direktoru, pedaqoji heyəti və tələbələri ilə yanaşı, şəhərin bir qrup ziyalıları, qələm əhli, şəhid ailələri, qazilər, media nümayəndələri, bacarıqlı əllərin sahibi olan gənc rəssamlar iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlanan tədbirdə Vətən torpaqlarının düşmən tapdağından azad olunması uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirin təşkilatçısı, mərkəzin riyaziyyat müəllimi Samirə Şaqavatova tədbiri giriş sözü ilə açaraq gələn qonaqları salamlamış, ilk sözü mərkəzin direktoru Adil Tapdıqova vermişdir. A.Tapdıqov çıxışında tarixə bir daha nəzər salaraq, Şuşanın alınması uğrunda gedən savaş zamanı həyata keçirilən “Şuşa əməliyyatı” barəsində ətraflı danışmış və bu taktikanın dünya hərb tarixində bir ilk olduğunu, bu gün bir çox ölkələrin bu təcrübədən yararlandığını xüsusi vurğulamışdır. O, Şəhid analarının və qazilərin tədbirdə iştirakını yüksək qiymətləndirərək qeyd etmişdir ki, bundan sonra da mərkəz tərəfindən vətənpərvərlik mövzusunda silsilə tədbirlərin keçirilməsinə üstünlük veriləcək.
Daha sonra qədim tarixə malik olan Şuşa şəhərinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur. “Zaqafqaziyanın konservatoriyası” sayılan füsunkar diyarın tarixinə dönüş tədbir iştirakçılarını duyğulandırmışdır.
Təhsil ocağının Baş mütəxəssisi, Tarix müəllimi Mehriban Əliyeva mədəniyyət beşiyi olan Şuşa şəhərinin tarixi, əsrarəngiz təbiəti haqqında qonaqlara daha ətraflı məlumat vermişdir.
Azərbaycan Respublikası Aşıqlar Birliyinin Sumqayıt Şəhər Regional Bölməsinin sədri şair Qənirə Mehdixanlı, “Turan” ədəbi məclisinin sədri şair Rəfiqə Şəms, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Şəhər Bölməsinin məsləhətçisi, “Zərif” qadın ədəbi məclisinin sədri, “Mədəni İnkişafın Təbliği” İctimai birliyin sədri, “MİT media.az” saytının rəhbəri şair Xatirə Fərəcli, “VİP” Mərkəzinin və “Günəşli Sabah” qəzetinin rəhbəri, jurnalist-publisist Aygün Hacıyeva və digər natiqlər çıxış edərək, Şuşa şəhərinin tarixi keşmişindən, I və II Qarabağ savaşında mənfur düşmənə qarşı şücaət göstərən, ölümün gözünə dik baxaraq ölümsüzlüyə imza atan qorxmaz, cəsur şəhidlərimizdən, xalqımıza QƏLƏBƏ sevincini yaşadan müzəffər ordumuzun qeyrətli, igid əsgər və zabitlərindən, könüllülərdən, ən əsası isə, bu mübarizədə Xalq-Dövlət birliyindən və Ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əlievin uzaqgörən siyasətindən, peşəkar idarəçiliyindən, az zamanda azad olunmuş torpaqlarımızda uğurla apardığı quruculuq işlərindən fəxrlə danışmış, şairlər qələmə aldıqları vətənpərvərlik şeirlərindən söyləmişlər.
Tədbir zamanı Abşeron rayon 3 saylı tam orta məkəbin müəllimi Vəfa Hüseynova şəhidlərə həsr etdiyi mahnısını ifa etmiş, şəhid Şamil Nəcəfovun anası Gülşən müəllimə çıxışından sonra oğluna həsr etdiyi şeiri səsləndirmiş, “Seçilmişlər” qrupunun rəhbəri, şəhid Rüfət Əhmədzadənin anası, kitabxanaçı Ruhiyyə Əhmədova oğlunun həyata baxışından, maraq dünyasından, Vətən sevgisindən, şücaətindən danışmış, XTQ-nin giziri, qazi Xəzər Abdullayev müharibə zamanı Azərbaycan əsgər və zabitlərinin keçdiyi şərəfli döyüş yolundan, göstərdikləri qəhrəmanlıq nümunələrindən, şəhid yoldaşlarından, həmçinin Ordunun yüksək səviyyədə təminatından, Dövlət başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan söz açmış, yeniyetmə-gənclərə öz tövsiyələrini vermişdir.
Qonaq qismində iştirak edən istedadlı rəssam, “Uğur_art_life” özəl mərkəzinin “Rəsm hazırlığı” üzrə müəlliməsi Jalə Məhyəddinovanın yetirmələri düşmənə qarşı rəşadətlə döyüşən, ZƏFƏR tarixinə adlarını qızıl hərflərlə yazan qəhrəman Şəhidlərimizin portretlərini tədbir boyunca səhnədə işləmişlər. Həmçinin mərkəzin tələbələri Şuşaya həsr olunmuş şeirlər söyləmiş, 44 günlük Vətən müharibəsində və Şuşa döyüşlərində hərbçilərimizin qəhrəmanlığına həsr olunmuş maraqlı çıxışları ilə diqqəti çəkmişlər. Müxtəlif səhnəciklər, ifalar, rəqslər qonaqların könlünü oxşayaraq alqışlara səbəb olmuşdur.
Rəssam Jalə Məhyəddinovanın tələbələrinin çəkdikləri portretlər mərkəzin direktoru Adil Tapdıqov tərəfindən şəhidlərin əzizlərinə təqdim olunduqdan sonra, gələcəyin rəssamlarına və fəallıq göstərən tələbələrə “Təşəkkürnamə” verilmişdir.
Şəhid ailələrinin üzvləri: Sara xanım (şəhid Əli Vəliyevin nənəsi), Validə xanım (şəhid Abdulla Əhmədovun anası), Vüsalə xanım (şəhid Məhəmmədəli Həsənzadənin anası), Balaxanım xanım (şəhid Qubat Əliyevin həyat yoldaşı) dəvətə və göstərilən diqqətə, həmçinin yüksək səviyyədə hazırlanmış proqrama görə, mərkəzin rəhbərliyinə, təşkilatçıya, əməyi keçən hər kəsə öz dərin təşəkkürlərini bildirmişlər.
Həmin günün xoş xatirəsi olaraq, sonda xatirə şəkilləri çəkilmişdir. Daha sonra çay süfrəsi arxasında səmimi söhbət davam etmişdir.