Şuşaya yerli və xarici fotomüxbirlərin səfəri baş tutacaq
Kulis.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsinin icrasına başlanılır.
Layihə rəhbəri Fərhad Abdulov bildirir ki, layihənin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənc fotomüxbirlər vasitəsilə Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsidir.
Tanınmış fotomüxbir Orxan Əzimin ekspert kimi iştirak etdiyi layihə çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyədən olan 10 nəfər gənc fotomüxbirin Şuşaya səfəri təşkil olunacaq. Gənc fotomüxbirlər tərəfindən Şuşa şəhərində çəkilmiş fotolar hər 3 ölkənin sosial şəbəkə platformalarında geniş şəkildə paylaşılacaqdır. Bundan əlavə layihə çərçivəsində Şuşanın mədəni irsini əks etdirən fotoların yerləşdirildiyi açıqcalar çap olunacaq. Növbəti mərhələdə
Bakı, Tbilisi, Marneuli, Bolnisi, İstanbul, Eskişehir və Antalya kimi şəhərlərində fotosərgilər təşkil olunacaq.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun “Şuşa ili” ilə bağlı elan etdiyi müsabiqədənkənar qrant müsabiqəsinin qalibidir, Şuşanın tarixi və mədəni irsi, işğal dövründə ermənilər tərəfindən törədilən vandalizmi, gənclərin qayıdışa motivasiya olunması və Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlılığın artırılmasının fotolar vasitəsi ilə həyata keçirilməsi ideyasını daşıyır.