Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklərə görə, peşə təhsili pilləsinin texniki peşə səviyyəsində təhsil alanlar da tələbə hesab olunacaqlar.
Həmçinin ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində alanlar, birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar); eləcə də birinci tədris ilinin ilk semestri (yarımili) üçün peşə təhsili pilləsinin texniki peşə təhsili səviyyəsində attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortasının Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “4” və “5” olanlar standart TTK almaq hüququna malik olacaqlar.
Fondun Himayəçilik Şurası birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbələrin standart TTK almaq hüququnu müəyyən edən tələbə qəbulu imtahanında toplanan ümumi balın və peşə təhsili pilləsinin texniki peşə təhsili səviyyəsində attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortasının minimal həddini təsdiq edir.
Dəyişikliklə sosial TTK üzrə, həmçinin, aşağıdakı güzəştlər tətbiq olunur:
– ÜOMG-si 71 bal və yuxarı olan (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən, “4 və “5” olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır;
– təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “5” olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunur.
Standart TTK üzrə isə həmçinin, aşağıdakı güzəştlər tətbiq edilir:
– ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “5” olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır;
– təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “5” olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunur.