…Təbiətin qatları Açıldıqca yozulur… Kəpənək qanadları – Şeir olub yazılır!

…Təbiətin qatları Açıldıqca yozulur… Kəpənək qanadları – Şeir olub yazılır!

Əbülfət MƏDƏTOĞLUNUN  yeni şeirləri

YUXULU ŞEİR

Görürəm qalıb su- köz arasında,
Sağında da mənəm, solunda da mən…
Məni gəzdirir o, göz qarasında –
Qəlbində də mənəm, qolunda da mən!..

 

Nədən gileylənim ta bundan sonra,
Arzumun çin olan anındayam mən!
Allahım, həm sənin, həm də ki. onun –
Bütün mənalarda yanındayam mən!..

 

Geyinib əynimə bu xoşbəxtliyi,
Susqun anlarıma vida deyirəm…
Mənim XOŞBƏXTLİYİM göydən gəlibdi –
Ürəkdən Məhəbbət – NİDA – deyirəm!

ƏLİNİ ÜZ
Gözü gözümdə gəzən,
Gözündən əlini üz..
Özün özümdə , bəzən –
Özündən əlini üz!..
Puhum işıq – şüadı
Yaddaşa yaz. bu adı!
Hər bir sözün duadı –
Sözündən əlini üz!..
Demə sevgi söz olub
İçim tay göz – göz olub…
Qorun məndə köz olub –
Közündən əlini üz!
Ömrümdən illər səkib,
Seyrək xatirə əkib!..
Ürək , şəklini çəkib –
Üzündən əlini üz!..
DÜNYA KƏDƏRƏ QALIB
Bu tənhalıq, bu sükut –
Hamilə qara bulud…
Güllələnmiş son umud –
Dünya kədərə qalıb…
Bir nişangah,bir nişan
Nişangahdı pir,nişan…
Yer də, göy də pərişan–
Dünya kədərə qalıb…
Gündüz qan-tər, gecə qor
Bir ağac var oda dor!
İçim, çölüm ancaq gor –
Dünya kədərə qalıb…
Səsim yetim,sözüm nəm
Güləşirəm özümnən…
Dünya düşüb gözümdən –
Dünya kədərə qalıb.
KƏPƏNƏK QANADININ ŞEİRİ
Kəpənək qanadların
Çiçəyin üstə sərib…
Beləcə həm sarılıb,
Həm də ki, nəfəs dərib…
Mənzərə diqqət çəkən
O qədər də sehirli …
Nədən ürəklər olmur –
Kəpənəkcən mehirli ?!.
İçimdəki duyğular,
Sarmaşır bir-birinə..
Olmaq xoşdu bu anlar –
Kəpənəyin yerinə!..
…Təbiətin qatları
Açıldıqca yozulur…
Kəpənək qanadları –
Şeir olub yazılır!
Share: