Biz pandemiya şəraitində bir daha bunun şahidi olduq – yarıtmaz idarə etməsi ilə insanların ağrı acıları ilə “koronovirus testlərinin”, xəstəxanalarda yerləşim biznesini quran bir qrup işbazlar və strateji məqsədləri olmayan səlahiyyət davaları aparan TƏBİB və səhiyyə EQO – ları. Müstəqil.Az Visiontv.az-ın politoloq Adıgözəl Məmmədovla müsahibəsini təqdim edir.
– Adıgözəl müəllim, son illər tibb sahəsində aparılan islahatlar nə dərəcədə öz müsbət effektini göstərir?
– Hər sahədə olduğu kimi, tibb sahəsində də yeni düşüncə və mədəniyyətin formalaşmasına ehtiyac vardır. Çünki dövlətimizin ən vacib strategiyalarına vətəndaşlarımızın sağlamlığı da daxildir.
Respublikamızın regionlarında bütün tələblərə cavab verən müalicə diaqnostika mərkəzləri və xəstəxanalar istifadəyə verilib. Bu tibb müəssisələri ən son model tibbi avadanlıqlarla təmin edilib. 1999-cu ildə Milli Məclis tərəfindən “İcbari tibbi sığorta” haqqında qanun qəbul edilib. 2007-ci ildə isə həmin qanuna əlavə və dəyişikliklər olunub. Prezident İlham Əliyevin 4 aprel 2014-cü ildə “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qərar əsasında 16 fevral 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Bu agentliyin əsas vəzifələrindən biri də icbari tibbi sığorta olunanlara müvafiq proqrama uyğun tibbi yardım göstərilməsi üçün səhiyyə müəssisələri ilə müqavilələr bağlayıb, onlara keyfiyyətli xidmətin yüksəldilməsi üçün strategiyalar həyata keçirməkdir. Eyni zamanda da tibb müəssisəsinin və ya tibb işçisinin təqsiri üzündən sığorta olunana vurulmuş zərərin ödənilməsi məqsədilə agentliklərə məhkəməyə müraciət etmək hüququ verilir. Agentlik, həmçinin sığorta olunanlara göstərilən tibbi xidmətlərin həcminin və keyfiyyətlərinin monitorinqini həyata keçirmək hüququna da malikdir.
Bu baxımdan icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20.12.2018-ci il tarixli Fərmanı, tam əminliklə deyə bilərəm ki, səhiyyə sahəsində böyük bir dönüş etdi. Bu fərmana görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra – TƏBİB)yaradıldı.
– “TƏBİB” öz işlərini istənilən səviyyədə görə bilirmi?
– Formalaşmış və bu gün ki, səhiyyə sistemimiz çox təssüf ki, mövcud reallıqlara cavab vermir. Biz pandemiya şəraitində birdaha bunun şahid olduq – yarıtmaz idarə etməsi ilə insanların ağrı acıları ilə “koronovirus testlərinin” , xəstəxanalarda yerləşim biznesini quran bir qrup işbazlar və strateji məqsədləri olmayan səlahiyyət davaları aparan TƏBİB və səhiyyə EQO – ları. Səhiyyə sahəsindəki islahatlar və əhaliyə tibbi xidmətin göstərilməsi, inkişaf etmiş ölkələrdəki kimi yüksək səviyyəyə qaldırılması dövlət siyasətimizin prioritet istiqamətlərindən birinə çevrilsə də, bu istiqamətdəki yarıtmaz kadrların ucbatından, cəmiyyətimiz milli təhlükəsizlik baxımından böyük təhlükə ilə üz –üzə qalıb.
Bu insanlar səlahiyyətləri əllərinə alar-almaz sovet səhiyyə sistemindən qalma tibb müəssisələrinin bazasında strukturlaşdırılması işinə başladılar(yəni öz yaxın dostlarına vəzifələr paylamaqla), halbuki ilk öncə müstəqil maliyyə fəaliyyətlərini formalaşdıra biləcək hüquqi şəxs statusunda yeni müəssisələrin yaradılmasına böyük ehtiyac var idi. Çünki, əsas problem fərdin tibbi sığorta bazasının hansı şəkildə formalaşa bilməsindən asılıdır. Yəni istənilən şəxsin sığorta paketinin ödənilməsi və ya maliyyə mənbəyinin tapılması müəyyən yeni strategiyaların yaranmasını zəruri edir. Payçı mülkiyyətlərə “Azərbaycan Respublikası Səhmdar Cəmiyyətləri” haqqındakı qanuna uyğun olaraq müasir tələblərə cavab verən tibb müəssisələri təsis etmək olar. Tibb müəssisələrinin təsisində və ya yenidən strukturlaşdırılmasında idarəedilmə paketi mənsub olduğu profil təşkilatlarına və ya tabeçiliyindəki tibb müəssisəsi işçilərinin əldə edə biləcək səhm paketləri hesabına özünüidarəetmə hüququ statusuna malik kollektiv təsərrüfatlara aid ola bilərdi
Bundan başqa, tibb müəssisələrinin maddi-texniki bazasının təmin edilməsi üçün və həmçinin tibbi xidmətin səviyyəsinin yüksəldilməsi baxımından kənardan “intervent investisiya” cəlb oluna bilərdi.“İntervent investisiya” tibb müəssisəsinin səhmlərini əldə etməklə və ya müəyyən dövr həcmində gəlir fondundan pay almaqla iştirak edə bilərdi. Bu, qarşılıqlı razılaşmalar nəticəsində idarəetmə paketinə malik tərəflə intergent subyekti arasında həll edilməli idi.
– Tibb müəssisələri öz maliyyə imkanlarını necə gücləndirə bilər?
– Tibb müəssisəsi əgər müstəqil hüquqi şəxsdirsə və ya payçı səhmdar cəmiyyətdirsə, idarəetmə paketini əlində saxlayan tərəf və ya tərəflər maddi-texniki bazanın təkmilləşdirilməsi, əhaliyə tibbi xidmətin səmərəliliyinin artırılması baxımından lizinqlər şəklində banklarla əməkdaşlıq edə bilər. Bank orada payçı tərəf kimi və ya gəlir fondundan müddətli emisiyalar əldə edə bilər.
Tibb müəssisələri Azərbaycan qanunları çərçivəsində beynəlxalq strukturlardan və ya beynəlxalq maliyyə mərkəzləri tərəfindən subsidiv investisiyaların əldə olunması və bu istiqamətdə qarşılıqlı xidmət göstərməsi baxımından vacib məsələlərdən biridir. Bütün bunlar Azərbaycan səhiyyəsində həm özəl, həm də dövlət sektorunun inkişafını təmin edəcək. Bu cür sistemin tətbiqi, eyni zamanda tibbi personalın əməkhaqlarının yüksəlməsinə səbəb olacaq. Əlbəttə, bu tip tibb müəssisələrini idarə edənlərin əsas qayəsi o olacaq ki, sağlam rəqabətə tab gətirmək üçün yüksək peşəkar mütəxəssisləri cəlb etsinlər. Həmçinin marketoloji xidmət göstərib ən müasir avadanlıqlarla təmin edərək yüksək gəlir əldə etməyi düşünəcəklər. Bu komponentləri özündə birləşdirən tibb müəssisəsi səviyyəli xidmət göstərərək, daha çox gəlir əldə edərək tibb personalına yüksək əməkhaqları verəcək. Əks təqdirdə yaxşı xidmət göstərməyən tibb müəssisələrinə müraciətlərin sayı azalacaq və sığorta şirkətləri də onlardan üz döndərəcək.
– Bəs tibbi sığorta bazarını necə inkişaf etdirmək olar?
– Tibbi sığorta bazarının güclənməsi üçün özəl sektorda tibbi sığorta şirkətlərinin inkişafına xüsusi ehtiyac var. İkinci isə tibb müəssisələrinə müstəsna rəqabət çox olduğundan, bəzən merkantin maraqlar işin içinə girir, çünki icbari tibbi sığorta şirkətləri ilə müqavilə bağlayan idarə və müəssisələr sığorta şirkətləri tərəfindən onlara təqdim olunmuş tibb müəssisələri çərçivəsində seçim edə bilir. Amma elə tibb müəssisələri var ki, sığorta şirkətlərinin siyahısında təmsil olunmuş tibb müəssisələrindən qat-qat üstün tibbi personala və maddi-texniki bazaya malik olur.
Vəziyyətdən çıxış yolu kimi tibb müəssisələri özləri müstəqil olaraq müəssisənin marketinqini həyata keçirmək imkanına malik olmalıdır. Ola bilər ki, mövcud qanunlar çərçivəsində tibb müəssisələri xidmət paketlərini müəssisə və təşkilatlara təqdim edir. Müəssisə və təşkilatlar da öz əməkdaşlarına tibbi xidmətin göstərilməsi müqaviləsini ya birbaşa, ya da tibbi sığorta təşkilatları vasitəsilə həyata keçirmək imkanını əldə edir. İkinci bir tərəfdən isə bu yanaşma Müstəqil hüquqi statusa malik və ya payçı səhmdarlardan təsis olunmuş tibb müəssisələrinin fəaliyyət prinsiplərindən irəli gələrək tibbi sığorta şirkətlərinə müraciət etmədən alternativ maliyyə mənbəyini formalaşdıra bilər. Eyni zamanda qarşılıqlı anlaşmalardan irəli gələn xəstələrin müayinə və müalicəsi zamanı üzə çıxa biləcək problemli hüquqi vəziyyətlə əlaqəli sığorta şirkətləri ilə hissəvi paketli müqavilə imzalaya bilər. Bunun üçün də tibb müəssisəsi müəyyən sığorta ödəmələrini sığorta şirkətlərinə ödəyir. Hissəvi paketli müqavilə 3 tərəf arasında (tibb müəssisəsi, xidmət haqqını ödəyən təşkilat və sığorta şirkəti) razılaşdırılmış formada imzalanaraq həyata keçirilə bilməlidir. Həmçinin könüllü sığorta haqları və ya depozit tibbi sığorta ilə hər bir şəxs özünü və ailə üzvlərini müstəqil qaydada sığortalaya bilər. Ənənəvi tibbi sığortada şirkət hər əməkdaşına görə müəyyən məbləğ ödəyə bilsə (sığorta haqqı), onun müqabilində müəyyən çərçivədə tibbi xidmətlər almaq hüququna malik olurdu (sığorta məbləği). Depozit tibbi sığortada isə heç bir limit yoxdur, çünki bütün tibbi xərclər müraciət edənin öz hesabından ödənilir. Yalnız bundan sığorta şirkəti müəyyən faizlərini götürür. Depozit tibbi sığortanın əsas üstünlüyü isə həyata keçirilən müalicəyə nəzarət etməsidir. Sığorta şirkəti imkan vermir ki, həkim xəstəni lüzumsuz xidmətlərə yönəltsin və şəxsi mənafelərinə görə ucuz dərmanlar əvəzinə, analoji, amma qat-qat baha olan dərmanların təyinatının qarşısını alır. Hissəvi paketli müqavilədə də 3 tərəf arasında (tibb müəssisəsi, xidmət haqqını ödəyən təşkilat və sığorta şirkəti) razılaşdırılmış formada qarşılıqlı öhdəliklər şərtlərində tibbi sığorta şirkətinə həyata keçirilən müalicəyə nəzarət etməsi hüququnun verilməsi psixoloji olaraq balanslaşdırılmış bir situasiya yaradır. Tibbi sığorta təşkilatı tam marağında olur ki, xidmət paketinə malik olmaq üçün, müstəqil şəkildə işçilərinə xidmət göstərəcək müəssisə ilə müstəqil müqavilə bağlamış tibb müəssisəsinin qüsurlarını üzə çıxarmaqda maraqlı olur.
– Sosial müdafiəyə ehtiyacı olan təbəqəyə nə kimi güzəştlər mümkündür?
– Əgər tibb müəssisəsi payçılardan biri və ya bir neçəsi hüquqi şəxsdirsə, onda o, payçı təşkilatlar qarşısında öhdəliklər götürərək həmin təşkilatın əməkdaşlarına öz gəlir fondundan ayırmalar edərək təmənnasız müayinə və müalicə edilə bilər. Bu, payçılararası razılaşmalarla həyata keçirilə bilir.
Digər intervent investisiya formalarından biri kimi, tibb müəssisələri öz səhmlərini istiqraz vərəqələrinə çevirərək maliyyə mənbəyinin formalaşmasında iştirak edəcək. Yəni bu, istiqrazları əldə edən hüquqi və fiziki şəxslərə müəyyən dövr ərzində və ya həmişəlik təmənnasız xidmət edə bilməsi imkanın yaradılmasıdır.
Tibb müəssisələri sosial cəhətdən müdafiə olunan təbəqəyə xidmət etmək müqabilində idarə və təşkilatlarda çalışan işçilərin məvacib fondundan icbari sığorta təşkilatlarına ayrılan maliyyəni əldə etmək üçün müqavilələr bağlamaq yolu ilə, əhalinin işləməyən təbəqəsinə xidməti üçün isə sosial müdafiə fondları ilə birbaşa müqavilə bağlamaqla öz xidmətlərini həyata keçirmək imkanlarına malik olmalıdır.