İşğal altında qalan bütün torpaqlarımız kimi Ağdamın da azad olunmasını, bu torpağın təzədən böyük Azərbaycan ailəsinə qovuşmasını hamımız səbirsizliklə gözləyirdik. Ağdamsız Qarabağı təsəvvür etmək belə mümkün deyil. Şuşa Qarabağın qəlbi sayılırsa, Ağdam isə Qarabağın beyni, mərkəz nöqtəsi hesab olunur. Məhz buna görə də Ağdam hər bir qarabağlı üçün, hər bir azərbaycanlı üçün xüsusi dəyərə malikdir.
Nəhayət ki, bu gözəl torpağımızın işğalına son qoyuldu. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsində Ağdam rayonunun işğaldan azad olunması dinc yolla baş tutdu. Bu həm də siyasi-diplomatik müstəvidə uğur, qələbə sayıla bilər.
Mən fürsətdən istifadə edib həm öz adımdan, həm də bütün MHP üzvləri adından ağdamlı soydaşlarımızı, dostlarımızı, eləcə də bütün xalqımızı bu tarixi hadisə münasibəti ilə təbrik edir, hər kəsə “gözünüz aydın olsun” deyirəm! Əziz ağdamlı soydaşlarımız, biz qubadlılar kimi siz də artıq məcburi köçkün deyilsiniz. Siz də “məcburi köçkün” adının əzici enerjisindən, ağır aurasından xilas oldunuz.
Bu hadisə həqiqətən də tarixi hadisədir. İnanılmaz olaydır. Açığı, etiraf edək ki, hətta bir gün öncəyə qədər də içimizdə bir narahatlıq vardı. Düşünürdük ki, ermənilər Kəlbəcərin bizə təhvil verilməsini qeyri-müəyyən səbəblərlə yubatdıqları kimi birdən Ağdamın da təhvil verilməsində nəsə bir əngəl çıxararlar. Lakin Azərbaycanın prinsipial mövqeyi və Rusiya sülhməramlılarının öz işinə məsuliyyətlə yanaşmasının nəticəsində bu dəfə erməni bəhanələrinə, hiylələrinə yer qalmadı və hər şey yaxşı sonluqla bitdi. Qədim yurdumuz deyilən vaxtda – 20 noyabrda bizə təhvil verildi. Heç şübhəsiz ki, bu ilk növbədə Ali Baş Komandanımız İlham Əliyevin və Müzəffər Ordumuzun mübarizəsinin, mücadiləsinin nəticəsidir. Odur ki, Ali Baş Komandanımız İlham Əliyevi və hər bir əsgərimizi, zabitimizi təbrik etmək, onlara dərin təşəkkürlərimizi bildirmək mənəvi borcumuzdur.
Təbriklər, cənab Prezident!
Təşəkkürlər, Azərbaycan Ordusu!
Siz həqiqətən də tarix yazdınız. Siz öz əzmkarlığınızla, mübarizliyinizlə, şücaətinizlə işğal tarixini kökündən sildiniz, tariximizin yeni səhifələrini – Zəfər səhifələrini yazdınız. Ağdamın azad olunması bizim üçün şərəf məsələsi idi. Bu torpağın az qala hər qarışı Birinci Qarabağ müharibəsində qanla suvarılmışdı. Şəhid qanıyla. Təsadüfi deyil ki, Ağdam ən çox şəhid vermiş rayondur. Bu torpağın 6 mindən çox şəhidi var. Burda hər kənd, hər oba uğrunda qanlı döyüş gedib. Mən bunu Ağdam uğrunda döyüşlərdə iştirak etmiş və yaralanmış bir şəxs kimi, canlı şahid kimi deyirəm.
Ona görə də Ağdamı işğal altında saxlamaq ermənilər üçün nə qədər prinsipial məsələ idisə, oranı düşmən tapdağından azad etmək də biz azərbaycanlılar üçün elə bir o qədər mühüm əhəmiyyət kəsb edirdi. Məhz bu amilə görə Ağdamın azad edilməsinin şərəf məsələmiz olduğunu düşünürəm. Şükürlər olsun ki, dünən Ağdamımız düşmən tapdağından tam şəkildə azad olundu. Əsgərlərimiz Ağdam məscidində əzan verdilər, Cümə namazı qıldılar. Torpağımız yad əllərdən, yad ruhdan, yad nəfəsdən qurtuldu. Allahımıza şükürlər olsun!
İndi Ali Baş Komandanımızın, ölkə başçımızın Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Xalqa Müraciətində vurğuladığı kimi, Ağdam üçün yeni dövr başlayır. Ağdam müharibənin və işğalın fəsadlarından tamamilə təmizlənəcək. Düşmənin viran qoyduğu və minaladığı ərazilər qarış-qarış yoxlanacaq, müharibədən əvvəlki normal halına, istifadəyə yararlı vəziyətə gətiriləcək. Yeni yollar çəkiləcək, total abadlaşdırma işləri aparılacaq. Ağdam sözün tam mənasında yenidən qurulacaq, əvvəlkindən də qat-qat gözəl bir görünüşü ilə, yeni siması ilə qarşımıza çıxacaq, dünyaya açılacaq. Cənab Prezident xalqa müraciətində bunun anonsunu verdi. İnşAllah tezliklə Ağdamda möhtəşəm quruculuq işlərinin şahidi olacağıq. Bir sözlə, Ağdamı, bütün ağdamlıları yeni həyat, parlaq gələcək gözləyir.
Bəs məğlub Ermənistanı nə gözləyir? Bu sualın da cavabını cənab Prezidentin müraciətində axtarıb tapa bilərik. Prezident müraciətində Ermənistanın 30 il ərzində tam müstəqilliyə heç cürə nail ola bilməməsini və hazırda da faktiki olaraq asılı ölkə, müstəmləkə vəziyyətində olduğunu qeyd etdi: “Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar”.
Bəli, proseslər bir daha onu göstərdi ki, Ermənistanda bu 30 ildə bir-birini əvəz etmiş liderlər rəhbərlik etdikləri ölkənin müstəqilliyi haqda düşünməyiblər. Onları yalnız onun-bunun havadarlığı altında işğalçılıq planları maraqlandırıb. Bu başabəla liderlər müstəqil ölkə kimi inkişaf etmək haqda düşünməkdənsə, daim qonşulara qarşı ərazi iddialarına əl atıblar. Onların bu cür xəstə təfəkkürlə yaşamaları heç şübhəsiz ki, sonda Ermənistanın bir ölkə kimi tam fiaskosu ilə, iflası ilə nəticələnməliydi. 44 günlük müharibədə üzləşdikləri ağır məğlubiyyət və faktiki kapitulyasiya indi bütövlükdə Ermənistanın hətta bir dövlət kimi də siyasi xəritədən tamamilə silinməsi təhlükəsi ilə üzləşdirib. Çünki onlar özləri indi daxildə bir-birilərini ittiham etməyə, didməyə başlayıblar.
Odur ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi əgər Ermənistan müstəqil ölkə kimi yaşaya bilmirsə, gedib başqa ölkənin tərkibinə girməlidir. Endirsinlər o bayrağı dirəkdən, büküb qoysunlar ciblərinə və gedib istənilən başqa ölkənin tərkibində yaşamağa başlasınlar. Zatən ermənilər istənilən ölkənin mühitinə, istənilən xalqın yaşam tərzinə çox asanlıqla uymağı, adaptə olunmağı bacarırlar. Rəngini dəyişmək, həmrəng olmaq onların canında, qanındadır.
Bizsə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Qarabağdakı digər ərazilərimizə də yerləşməyi və oraları bərpa edib yaşam üçün əlverişli hala gətirmək prosesini bundan sonra da davam etdirəcəyik. Öz ərazilərimizi istənilən yolla azad etmək və quruculuq işləri aparmaq bizim tam qanuni və mənəvi haqqımızdır.
Bu haqqımızı gerçəkləşdirməyimizə öz canları, qanları bahasına yardımçı olmuş, zəmin yaratmış şəhid hərbçilərimizin ruhları qarşısında baş əyirəm. Siz millətimizin qürur yerisiniz, əziz şəhidlər! Ruhunuz şad olsun!
Ağdamın azad edilməsinə səbəb olan 44 günlük müharibənin qaliblərinə – Ali Baş Komandana, Azərbaycan Ordusuna, bütün qazilərimizə eşq olsun!
Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri