“Təbrizdə qardaşım, Sibirdə balam”…

“Təbrizdə qardaşım, Sibirdə balam”…

Mikayıl Azaflının şəxsiyyəti, yaradıcılığı, irsi, mühiti, çağırışları duyğulu, qanadlı, üfüqötəli, bir o qədər də dərin məzmunludur.

Azaflı özündən öncəki milli sənət ustadlarının ləyaqətli davamçısı – ümumiləşmiş obrazı və çağdaşlarına, özündən sonrakılara örnək ustaddır. Xalq ruhunun cəsarətinin və sanki dərin dövlət bilgilərinin daşıyıcısı, müstəqilliyin illa olacağına daxili inamın sahibi kimi təqdim olunmağı haqq edən sənətkardır Mikayıl Azaflı. Ustadın vəfatından sonra da, öz cazibədarlığını itirməməsi, sanki yeni mistika qazanması maraqlı hadisədir.

Ağsaçlı ustad deyirdi:
“Qoca Azaflıyam, dilim var, lalam.
Təbrizdə qardaşım, Sibirdə balam.
Elə dərd varmı ki, çəkməmiş olam,
Bax onlar ağartdı saçımı mənim”. – Ağsaçlı ustadın həyat təcrübəsi, vətən sevgisi, bütövlük həsrəti və çəkdiyi əzabların dərin ifadəsi əks olunub. Ustad “Dilim var, lalam” ifadəsi ilə dilinin olmasına baxmayaraq, bəzi hallarda sözsüz qaldığını, dərdlərini açıq-açığına deyə bilmədiyini göstərir. Təbrizdə qardaş, Sibirdə bala olması isə milli kədərimizin coğrafiyasını, ayrılığın və faciənin simvolunu göstərir.

Mikayıl Azaflı yalnız bir ədəbiyyat ustadı deyil, həm də xalq ruhunun və milli kimliyin daşıyıcısı olub. Mikayıl Azaflı özündən öncəki ustadların dərin bilik və sənət gələnəklərini öz yaradıcılığında yaşatmaqla yanaşı, onlara yeni çalarlar qatıb, bu gələnəkləri çağdaş dönəmin çağırışlarına uyğunlaşdırıb.

Azaflını həm də çağdaşlarına örnək və gələcək nəsillərə xəlqi iradə simvolu kimi təqdim etməkdə haqlıyıq. Azaflı, sanki xalqın daxili səslərini duyaraq, müstəqilliyin üfüqdə göründüyünü fərq edir və onun əbədi bir dəyər olduğuna inanır, bunu öz əsərləri ilə ifadə edirdi. Bu inam onun yaradıcılığına dərindən nüfuz etmiş ki, əsərləri müstəqillik və milli özünüdərk ruhunu daşıyıcısı olub.

Azaflının vəfatından sonra onun irsinin tədricən yeni bir mistik auraya bürünməsi, oxucular və araşdırmaçılar tərəfindən müxtəlif yönlərdən öyrənilərək yeni anlam qatlarının açılması xoşdur. Azaflının xalq ruhunun güzgüsü olması və yaradıcılığının digər məziyyətləri, onun zaman və məkan sınırlarından kənar bir təsir gücünə malik olduğunu vurğulayır.

Mikayıl Azaflını anmaq azdır, eyni zamanda onun irsinin bugünkü və gələcək nəsillər üçün nə qədər dəyərli olduğunu təbliğ və tərənnüm etmək gərək.
Azaflı poeziyasının duyğulu, lakin intellektual məzmunla zəngin olması, ustadın yaradıcılığının gələcəkdə də təsirli olacağına zəmin yaradır.
Ruhuna alqış!

Əkbər QOŞALI

Share: