TƏBRİZDƏ QARABAĞI TƏRƏNNÜM EDƏN “XARI BÜLBÜLLƏR” ALMANAXI ÇAP OLUNUB
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhmədin tərtibi ilə Təbrizdə Qarabağı tərənnüm edən “Xarı bülbüllər” adlı şeirlər toplusu işıq üzü görüb. Filologiya elmləri doktoru, professor Vüqar Əhmədin on beş səhifəlik “Müqəddimə”si ilə nəşr edilən kitab ərəb əlifbasında 1000 tirajla çap olunub.
Kitabda İrandakı Güney və Quzey Azərbaycanın 110-a yaxın şairinin doğma Qarabağı vəsf edən şeirləri toplanıb. Topluya daxil olan Azərbaycan şairlərinin əsərləri Vüqar Əhməd, Cənubi Azərbaycan şairlərindən poetik nümunələr Nurəddin Müqəddəm və Seyid Mahmud Sani İbadi tərəfindən tərtib olunub. 604 səhifəlik toplu Təbrizin “Aydın Sav” nəşriyyatında yüksək bədii poliqrafik səviyyədə çap olunub.
Kitaba Şimali Azərbaycandan Əliağa Vahid, Səməd Vurğun, Süleyman Rüstəm, Nəbi Xəzri, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Xəlil Rza, Zəlimxan Yaqub, Musa Yaqub, Vaqif Aslan, Nüsrət Kəsəmənli, Sücaət, habelə Vahid Əziz, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Paşa Qəlbinur, Vüqar Əhməd, Nazim Əhmədli, Fəridə Hicran, Gülbəniz Babayeva, İbrahim Yusifoğlu, Arif Buzovnalı, Əsəd Cahangir, Gülnar Səma və bir çox şairlərin Qarabağ ətirli əsərləri daxil edilib.
Cənub şairlərindən Məhəmmədhüseyn Şəhriyar, Nadir İlahi, Nurəddin Müqəddəm, Seyid Mahmud İbadi, Hikməti, Niksad, Kamil Qəhrəmanoğlu, Səmədi Niroğlu, İsa Paşapur, Səhər Xiyavi, Lütvəli Fikrət, Məsimə Cavid, Mehdi Nəcəfli, Qızılqələm, Səmədi, Kərimi Marağayi, Fatimə Əbdi, Seyid Cəlil Hüseyni, Əsəd Tisvənd və başqa onlarla şairin yaradıcılığından seçmələr salınıb.
İranlı şairlərin əsərlərinin təqdimatına həsr olunan məqaləni isə professor Sədiq Məmmədzadə qələmə alıb. Bu kitabın çapı Qarabağ zəfərimizə və İran- Azərbaycan qonşuluğu, dostluğu və ədəbi əlaqələrinə böyük ərməğandır. İnanırıq ki, kitab İran Azərbaycanı ədəbi ictimaiyyəti və oxucuları tərəfindən rəğbətlə qarşılanacaq.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Müstəqil.Az