TƏHLÜKƏ: İŞİD-çilər dünyaya səpələnir

Suriya və İraqdakı missiyalarını başa vuran 5400 İŞİD üzvü ölkələrinə qayıtmağa başlayıb. “Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, 146 ölkəni təmsil edən terrorçular bütün dünya, o cümlədən, Azərbaycan üçün böyük təhlükədir. Qeyd edək ki, ABŞ liderliyindəki koalisiya qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Suriya və İraqda fəaliyyət göstərən İŞİD-in mövqelərinə ağır zərbələr vurulub. Strateji mərkəzlərini itirən terror təşkilatı tamamilə tərkisilah edilmək üzrədir. 

Xarici mənbələr Yaxın Şərqdən çıxmağa başlayan İŞİD üzvlərinin dünyanın digər dövlətlərində məskunlaşacaqlarını iddia edirlər. Avropa, ABŞ, Orta Asiya ilə yanaşı, terrorçuların üz tutacaqları bölgələr arasında Azərbaycanın da yerləşdiyi Qafqazın da adı var. Hesab edilir ki, hələ 2013-cü ildən Şimali Qafqazı özünün “əmirliyi” elan edən İŞİD-in bölgəyə üz tutması Azərbaycan üçün təhlükəli vəziyyət yaradacaq. Hazırda Şimali Qafqazda İŞİD-ə bağlı qruplaşmaların fəaliyyət göstərdiyini də nəzərə alsaq, təhlükənin miqyası bir qədər də geniş olmalıdır.

Azərbaycan İŞİD-in hədəfində

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) başçısı Mədət Quliyev bir neçə gün əvvvəl Suriyada gedən döyüşlərə onlarla Azərbaycan vətəndaşının qatıldığını bildirmişdi. Üstəgəl, son 2 ay ərzində DTX-nın keçirdiyi 3 əməliyyat, radikal dini silahlı qruplaşmaya bağlı və Bakı şəhərində terror aktı planlaşdıran terrorçuların məhv edilməsi də narahatlığı bir qədər artırır. Bu baxımdan hesab edilir ki, digər ölkələrlə yanaşı, azərbaycanlı militanların da öz ölkələrinə qayıdışı təhlükəsizliyimizi təhdid edə bilər. Hələ İŞİD 3 il əvvəl yayımladığı “xilafət xəritəsi”ndə Azərbaycana da yer vermişdi. Azərbaycanı öz “əmirliyi” elan edən İŞİD gec-tez digər ölkələr kimi Azərbaycanı da işğal edəcəyini bildirmişdi.

Rusiyada terror xaosu

ABŞ, Belçika, İngiltərə, Türkiyə və Fransada terror aktları həyata keçirən İŞİD bu hücumların davamlı olacağı ilə bağlı xəbərdarlıq yayıb. Təşkilat yenidən İngiltərə, Almaniya, İtaliya və Rusiyanı hədəf alacağını bildirib. İŞİD ilk hücumlarda Londonda parlament binasını, Romada isə Kolizeydə partlayışlar törədə biləcəyini iddia edir. 2018-ci ilin əvvəllərindən başalayaraq isə futbol üzrə dünya çempionatının keçiriləcəyi Rusiyada terraktlar planlaşdırdığı da əldə edilmiş kəşfiyyat məlumatıdır.

Hədəfdə ola biləcək digər ölkələr

İraq və Suriyada qurduğu “xilafəti” darmadağın edilən İŞİD-in bu planı digər ölkələr üzərindən həyata keçirməyə çalışacağı ehtimal edilir. Terror təşkilatının hədəfində olan ölkələrin adları da məlumdur. Bunlar daha çox İŞİD-in sıralarında vətəndaşları olan ölkələrdir. Məlumdur ki, İŞİD-in sıralarında daha çox Tunis, Səudiyyə Ərəbistanı, Mərakeş və İordaniyadan olan vətəndaşlar döyüşürlər. Təşkilatın sıralarına yoxsul ailələrlə yanaşı, zəngin ailələrin övladları da qoşulublar. Üstəgəl, bir sıra dövlətlərin hərbi dairələrində adamları və simpatizanları olan İŞİD bu tərəfdən də dünya üçün qorxu mənbəyi olduğunu sübut edir. Siyahıda adı çəkilən ölkələrlə yanaşı, keçmiş Sovet respublikaları (Azərbaycan da daxil olmaqla), Türkiyə, Belçika, Pakistan, Fransa, Almaniya, Hollandiya, Ukrayna, Avstriya, ABŞ və digər ölkələrin adları var. Son məlumatlara görə keçmiş Sovet respublikalarından ümumilikdə 3 minə qədər militan döyüşür.

İŞİD-in başqa ad altında transformasiyası

Politoloq Zaur İbrahimli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İŞİD-çilərin ayrı-ayrı ölkələrə səpələnmək meyilləri dünyada terrorizm təhlükəsini artırır və ölkələrin təhlükəsizlikləri üçün yeni təhdidlər yaradır. Politoloqun sözlərinə görə, İŞİD-in Suriya və İraqdakı dayaq nöqtələri dağıdıldıqdan sonra ehtimal edilirdi ki, təşkilat fiziki olaraq məhv ediləcək: “Amma Avropa ölkələri və ABŞ-da baş verən terror hadisələri göstərir ki, təhlükə öz ciddiyyətini qoruyur. Görünən budur ki, İŞİD-in fiziki olaraq məhv edilməsi qlobal terrorizmlə mübarizədə istənilən nəticəni vermədi. Terrorun nəticələrinə qarşı yox, səbəblərinə qarşı mübarizə aparmaq lazımdır. Yəmən, Suriya, İraq və digər ölkələrdə mərkəzi idarəetmə sistemlərinin dağıdılması, cəmiyyəti parçalayan ideologiyaların ixracı və kənardan inqilabların gətirilməsi bölgədə terrorizmin boy göstərməsinə şərait yaratdı.

İnkişaf Etmiş Ölkələrin (İEÖ) İnkişaf Etməkdə Olan Ölkələrdə (İEOÖ) həyata keçirdikləri iqtisadi layihələri dayandırmaları da terrorizmi alovlandırdı. Belə ölkələrin vətəndaşlarının əsas hissəsini gənclər təşkil etdiyinə görə də burada terror təşkilatları asanlıqla özləriə dayaq nöqtələri tapa bilirlər”. Zaur İbrahimli qeyd edib ki, “Taliban” nümunəsi göstərdi ki, terrorizmi fiziki olaraq məhv etmək mümkün deyil, ilk növbədə belə ideologiyaları ortaya çıxaran səbəblər aradan qaldırılmalıdır: “Bu olmadığına görə İŞİD başqa adlar altında dünyanın digər bölgələrinə transformasiya olmağa başlayıb. Çünki bir sıra güc dövlətləri tərəfindən terror geosiyasi maraqların həyata keçirilməsində əsas vasitələrdən biri kimi qəbul edilir”.   /Cebhe.info/

Share: