HEKAYƏT
-Al bu pulu, elə bu gün apar ver, onsuz da bir aydan çox gecikdirmişik, sən də cibində gəzdirib gecikdirmə, – deyə, yoldaşım əlindəki iki yüzlüyü mənə uzatdı, üstəlik, uyarıda bulundu: – Bax ha, avtobuslarda çoxlu oğurluq olur, gözlə, oğurlamasınlar.
Pulu alıb yarımqol ağ köynəyimin cibinə qoydum, sonra cibimi düymələdim. Bundan sonra özümə güvənlə incik-incik dodaqaltı mızıldandım:
-Uşaq-zadam… – yoldaşımın acıqlı baxışlarından yayınmaq üçün tez də səsimi kəsdim, üzümü pəncərəyə çevirib qonunu dəyişməyə çalışdım: – Tezdənnən istiyə bax, Gün necə şaxıyır!
-Hə, görünür, bu gün çox isti olacaq, tez apar pulu ver, – deyə yoldaşım məni tələsdirdi. “Tələsdirir – tələsdirsin, təki o çoxdankı söhbətə qayıtmasın”, – düşündüm.
Bir – iki il qabaq avtobusdakı basabasda oğrular şalvarımın cibindən olan-qalan pulumu çırpışdırmışdılar. Bunu evdə də bilirdilər. Avtobuslarda oğurluq yayılandan şalvar cibinə pul qoymazdım. Onda necə olmuşdusa qonorarı alıb şalvar cibimə qoymuşdum. Elə də getdi. Sonra evdəki boş soyuducunun qabağında donub durmağım bir ayrı yaşantıydı…
Aradan illər keçsə də o gün indiki kimi yadımdadı. Avqustun 8-i idi. Tezdən, 8-9 arası olardı. Avqust günəşinin parlaq şüaları pəncərədən, demək olar, qarşı divaradək özüylə parlaq işıqla yanaşı, bir də istilik daşıyırdı – parlaq bir istilik. Saat 10-dək evdən çıxmağı kəsdirdim. İndiki pul aparmaq söhbətinin başlanğıcı axşama gedib çıxırdı. Axşamdan plan qurmuşdum: cibi düyməli ağ yarımqol köynəyi geyməli (niyəsini sezmiş olarsız), sonra 94 saylı avtovusa minib Xutora getməli, ordan qardaşımla (qardaşımın maşını vardı) Dərnəgülə gedib pulu yiyəsinə çatdırmalı. “İsti düşənədək pulu çatdırıb, redaksiyaya yollanmalı”, – mənim axşamdan qurduğum planın son aşaması beləydi. Məndən olmayan iş: çox yaxşı, bitkin bir plan qurmuşdum. Sonra bu planı yoldaşıma danışıb öyünəcəkdim. Sözsüz, o, məni çoxdankı alışqanlığına uyğun olaraq öyməyəcək, uzaqbaşı: “Ömründə bircə yol yaxşı iş gördün”, – deyəcəkdi. Nə etməli: mənim kimi başısoyuq birisinə belə yarımçıq öyünc də yetərliydi.
Burası da yaxşı yadmdadı: saat 10-nun yarısında evdən çıxdım. Evin yanındakı dayanacağa gedə bilərdim, ancaq, qəzet almaq üçün A.M.Şərifzadə küçəsindəki dayanacağa yönəldim – ordakı dayanacağın yaxınlığında qəzet köşkü vardı. Tezdənlər qəzet oxumaq mənim gündəlik başlanğıc işlərimdəndi. O günün qəzetini alıb oxumaq mənimçün ikiqat önəmliydi – qəzetdə böyük bir yazım çıxmalıydı. “Xalq yazıçısı” adını daşıyan bir rejim əlaltısıyla aramızda savaş gedirdi – ideya savaşı! Ruslan balaca pəncərəsindən üzümü görən kimi qarşısındakı qəzetlərdən birini gülə-gülə mənə uzatdı:
-Müəllim, yaman yazmısız ha! Bu xalq belə, məni bağışlayın, girənşik xalq yazıçılarıyla hara gedib çıxa bilər?!”
-Ruslan, məni bağışla, tələsirəm, sonra danışarıq,- deyib qəzetin pulunu vermək üçün əlimi şalvar cibimə saldım. Xırda yox idi. Köynək cibimə əl uzadası oldum. Ruslanın qaytardığı manatın qalığını alıb, qəzeti tez vərəqlədim, yazıma ötəri göz gəzdirib, avtobus dayanacağına tələsdim.
Ruslan orta boylu arıq bir oğlan idi. Gəncəliydi. Özü də çox oxuduğundan çox da bilgili idi. Onunla tez-tez uzun-uzadı diskussiyalarımız olardı. Dediyinə görə, astma xəstəsiydi. İki uşağı vardı. Ailəsini köşkdən qazandığı qəpik-quruşla dolandırırdı. “Qabaqlar dolanışıq yaxşıydı,- deyirdi, – axır vaxtlar bizi çox pis soymağa başlayıblar. İndi də bir hakimiyət adamı bizim köşklərimizi götürdüb yerinə özünün “modern” köşklərini qoyur. Özü də hər yeni köşkə görə 2000 manat pul istəyir, mənim bir elə pulum hardandı?”
Avtobus gəldi. İçəridə çox az adam vardı, onlar da daha çox arxada idilər. Arxayınçılıq üçün qabaq qapıdan minmək istədim. Sürücü nəyə görəsə qabaq qapını açmaq istəmədi. Qapını döyüb dursam da açmadı. Arxa qapıya yönəlməli oldum. Qapının ağzında üç oğlan durmuşdu. Onlardan uzun, qara köynəkli birisi mən yuxarı qalxmaq istəyəndə özünü tələsik aşağı atdı. Yuxarı qalxanda məni sıxışdırdılar. Qara köynəkli oğlanın düşüb getdiyini düşünmüşdüm, geri dönəndə onun məndən arxada dayandığını gördüm. Onların özlərini başqa cür apardıqlarını görüb quşqulandığımdan keçib öndə, adamın az olduğu yerdə dayandım. Köynəyimin cibini yoxlamağı unutmuş, başım qəzetdəki yazıya qarışmışdı.
Bir neçə dayanacaqdan sonra məni quşqulandıran üç oğlan avtobusdan düşüb, deyə-gülə getdilər. Qardaşımgilə çatıb, əlimi köynəyin cibinə apardım. Düymə açıq idi. “Qəzet alanda yadımnan çıxıb düymələməmişəm”, düşündüm. Əlimi qorxa-qorxa cibimə saldım. Pul yox idi!
Evimizin yaxınlığındakı 129 saylı polis bölməsinə yollandım. Növbətçi polis sağ yandakı girəcəyi göstərdi:
-Ordan düz gedib birinci girişdən sola dön, solda Ramin Hüseynov oturur, sənin işinə o baxacaq.
Bəri başdanca sinirləndim: məndən yaşca çox kiçik olan polis mənim ona “siz” deməyimi qulaq ardına vuraraq mənə dönə-dönə “sən” deyirdi. Arada sözünü kəsib ona “sən yox, siz” dedim, qanmadı – alınmadı.
Balaca otaqda tək oturan gənc polis müstəntiqi məni başqa bir çox polislərdə görünməyən sayğıyla qarşıladı, sayğıyla da yer göstərdi: “Buyurun, əyləşin”. Sonra məni sonadək dinməzcə dinləyib, soruşdu:
-Pulunuzun avtobusa minən yerdə oğurlandığını, sürücünün oğrularla əlbir olduğunu nədən bilirsiz?
-Dedim, axı, qabaq boş olsa da, mən qapını döyüb qabaq qapıdan minmək istədiyimi bildirsəm də, sürücü qabaq qapını açmadı.
O, qarşısındakı kompüterə nəsə yazandan, bir az düşünəndən sonra dedi:
-Bunlar sizin gümanlarınızdı. Pulu avtobusa minən yerdə deyil, sonra da götürə bilərlər. Avtobusun sürücüsünün oğrularla əlbir olduğunu demək bilmədiyini demək kimi bir şeydi.
-Bilirsiz, ən azı jurnalist olduğuma görə belə işlərdən az-çox başım çıxır. Sözü gedən avtobus sizin bölmənin yanından keçir, qonşuların dediyinə görə, son çağlar o marşrutda çoxlu oğurluq olur. Hamı da sürücülərin cürbəcür fırıldaqlara əl atdıqlarından danışır. Mən sizə oğurluğun saatını, dəqiqəsini deyirəm: 11-ə 10 dəqiqə işləmiş, istəsəniz, uzağı bir saata o sürücünü bura gətirib kimlərlə əlbir olduğunu öyrənə bilərsiz, bu sizin əlinizdə çox asan bir işdir. – Dediyimin üstündə bərk durduğumu, üstəlik, jurnalist olduğumu biləndən sonra yumşalan müstəntiq sözünü dəyişdi:
- Ola bilər, siz deyən kimi olar, ancaq, bilirsiz, sürücülər oğrulardan qorxurlar.
- Niyə qorxurlar?
- Oğrular onları lezvalaya bilərlər.
- Deməli, sürücülər oğrulardan qorxurlar, oğrular sizdən qorxmurlar. Bu necə olur belə?
O, bir anlığa çaşıb qaldı, nə deyəcəyini kəsdirirmiş kimi duruxdu, handan-hana dilləndi:
-Oğruların işi avtobusda gəzməkdi.
-Siz də gəzin. Geyiminizi dəyişin, çox oğurluq olan avtobusları kontrolda saxlayın. Oğrular qorxusuzca oğurluq eləyəcək, sürücülər oğrulardan qorxacaq, polis də yalnız kabinetdə oturub, oğurluq faktlarını aktlaşdıracaq. Sonra nə olsun?
Onun gözləri yol çəkdi, əlinin altındakı kağızları götürüb bir yerdən başqa yerə qoydu, kompüterdə yenə nəsə yazdı. Sonra da:
-Gedin, çağıranda gələrsiz, – dedi.
Aradan beş-altı gün keçmiş ondan zəng gəldi: – Bölməyə gəlin.
Getdim. Məni ayaq üstə qarşıladı, əl görüşüb, oturmağa yer göstərdi. Əlində tutduğu açıq kitabçaya baxa-baxa özüylə danışırmış kimi soruşdu:
-Demək, deyirsiz pulunuzun oğurlandığını Xutora çatanda bilmisiz, elədi?
-Elədi.
-Elədirsə, onda sişin işinizə Binəqədi polisində baxılmalıdı
-Elə niyə?
-Oralar bizim ərazimiz deyil. – Mənim ona quşquyla baxdığımı görüb, əlindəki kitabçadan dediyini doğrulayacaq bir yeri oxudu. Sonra da: – Sizin işinizi 118-ci polis bölməsinə göndərəcəm,- dedi, – 10-15 günə sizi ora çağıracaqlar, gedərsiz.
Deyildiyi kimi, 10-15 gün sonra məni 118-ci polis bölməsinə çağırdılar. Bura, görünür, neft pullarının gəlhagəl çağlarından qabaq tikilmiş bölmələrdən idi: balaca, görkəmsiz. Növbətçi polis nədən ötrü gəldiyimi bilincə məni “sən”lə sağ yandakı açıq qapıya yönəltdi:
-Qapının tuşunda oturmuş polisə yaxınlaşın.
Otaqda bir-birindən aralı üç stolun arxasında üç polis oturub yazı-pozuyla uğraşırdı. Onların ən gənci qarşı stolun arxasında oturan polis idi. O, məndən nə üçün gəldiyimi soruşdu. Gəlişimin nədənini bilincə, bir əlindəki kağızlara, bir mənə baxaraq ucadan dedi:
-Ağsaqqal, başın sağ olsun!
Bununla o, pulumun batdığını demək istəyirdi. Söz məni necə tutdusa, birdən tok vurmuş kimi oldum. Aşırı sinirləndim. Özümdən asılı olmadan acıqlı-acıqlı səsimi qaldırdım:
-Yasxanaya gəlmişəm?!
O biri polislər diksinmiş kimi dönüb mənə baxdılar. Qarşımdakı çaşqınlıqla soruşdu:
-O nə deməkdi?
-O, o deməkdi, siz özünüzü müstəntiq kimi deyil, molla kimi aparırsız!
Adam eşitdiyindən necə pərt oldusa, stolun üstündəki kağız-kuğuzu qarışdırmağa başladı.
-Ağsaqqal, gəl otur, ikimiz söhbət eləyək, bunlar cavandılar, – bunu arxadan çiyimə əl qoyan adam deyirdi. Dönüb baxıram. Hündürboy, enlikürək, yaşlı bir polisdi. Yerimdən tərpənmədiyimi, üstəlik, bərk sinirləndiyimi görərək gülə-gülə əlimdən tutb sol yanda qoyulmuş divana doğru çəkir. – Otur görək, ay kişi, indi hamı acıqlıdı. Hamı da acığını bir-birinin üstünə tökür.
-Mən bura nə acıq tökməyə gəlmişəm, nə acıq götürməyə, polis özünü polis kimi aparmalıdı, molla kimi yox!
O, yenə gülə-gülə məni yumşaltmağa çalışır:
-Müəllim, bir işdi, oldu, gəl ikimiz söhbət eləyək. Mən sahə polisiyəm, sizin pulunuzun götürüldüyü yer mənim sahəmdi. O iş mənim boynumdadı, tapdım-tapmadım, bilin: pulunuzu öz cibimnən də olsa, verəcəm. İki yüz manat nə puldu, onnan ötrü qanımızı qaraldaq, – danışığına azacıq ara verir, səsinə daha da sıcaqlıq qataraq deyir: – Üzünüzdən-gözünüzdən ziyalılıq yağır, belə şeyləri ürəyinizə salmayın. – Sözünə ara verib, yenidən başlayır: – Müəllim, indi işlə bağlı danışaq. Demək, sən qardaşınızgilə gəlmisən, evə çatanda pulunun götürüldüyünü bilmisən. Demək, Yavər Həsənov küçəsi, 1. Xutora girəndə sağdakı birinci ev. Qardaşını tanıyıram, o da jurnalistdi, çox yaxşı, düzgün adamdı, qonşular da onnan çox razılıq eləyirlər. Demək, belə. İndi bir iş qalır, – üzünü işi aparan müstəntiqə tutur: Hadisə yerinə baxış keçirməliyik, kameranı götür gedək. – yenidən mənə sarı çevrilir: – Hər şey yaxşı olacaq, dünyada düzəlməyən iş yoxdu: tapılar – tapılar, tapılmaz, canın sağ olsun, cibimnən verərəm – iki yüz manat nə puldu?!
“İki yüz manat nə puldu, iki yüz manat nə puldu”, – acıqla düşünürəm, – özləri xalqı soymağnan bütün günü pul qazanırlar, elə bilirlər hamı belədi. Biz o iki yüz manatı ayyarım qabaq qaytarmalıydıq, çağında düzəldib verə bilmədik, bir belə gecikdirdik. Adam mənə yaxşılıq eləyib, nisyə taxta verib. Danışıq belə olub: ayda iki yüz manat pul verməliyik. Elə çağa gəlib çatmışıq, indi qardaş qardaşa borc, nisyə nəsə vermək istəmir – verdiyinin batacağından qorxur…”
-Müəllim, nə yaman fikrə getdin, – sahə polisi belə deyib, gülə-gülə əlini çiynimə qoyur: – Qorxub-eləmə, mənim sözüm sözdü, dedim, eliyəcəm, iki yüz manat nə puldu, tapıldı – tapıldı, tapılmasa, vicdan haqqı, cibimnən də olsa, verəcəm. – Sonra da üzünü bayaqkı pərtlikdən özünə gəlməmiş müstəntiqə tutur: – Kameranı götür, gedək hadisə yerinə, mən elə bu gün bu işi bitirəcəm. – O, bu sözləri elə arxayınlıqla deyir, onun Şerlok Holms olmadığına quşqu yeri qalmır.
Bayıra çıxıb onun gümüşü “mersedesinə” otururuq. O məni qabaqda, müstəntiqi arxada oturdur, bunun niyəsini yolda anlayıram. Müstəntiq arxada, mən qabaqda dinməzcə oturmuşuq, o isə durmadan danışır:
-Eloğlu, biz demək olar, yerliyik, mən Şirvanlıyam, dəqiq desəm, Şamaxıdanam. Sən də Muğannı- Sabirabadlısan. – Bir az duruxub, yenidən dillənir: – Lap düzünü desək, Saatlıdansan. Mən sizin kəndinizi də tanıyıram. Sizin kəndiniz… yox, rayonunuz 1964-cü iləcən Sabirabada baxıb. Mənim Sabirabadda qohumlarım var. – Padarlardı? – soruşuram. – Yox, – deyir,- biz padar deyilik, bizim qohumlar 1907-ci il zəlzələsindən sonra Sabirabada köçənlərdi, sonralar tapışmışıq. – Bəs bizim kəndi hardan tanıyırsan? – bayaqdan mənə “sən” dediyinə görə mən də ona “sən” deyirəm. – Sizin kəndi, lap elə sizin ailəni mənə əmoğlum tanıdıb. Deyirdi, çox yaxşı, düzgün, hörmətli adamlardı. O, sənin kənddəki qardaşınnan dostdu. Bilirsən, mənim oralarda qoyun sürüm vardı, əmoğlum baxırdı. Sonralar, neft pulları azalmağa başlayandan sonra, – oralara hökumətimiz ayaq açmağa başladı. Sizin kənddən Biləsuvaracan boş yerlər var ha, bax, oraları deyirəm. Özün bilirsən, indi oralarda azacıq da boş yer qalmayıb: neçə min hektarını “Azərsun” götürüb xiyar-pomidor əkir. Bir də, pambıq plantasiyaları, nar bağları. Bilirsən də “Azərsun” kimindi? – Bilirəm, – deyirəm. gülə-gülə: jurnalistlərin bilmədiyi şey yoxdur,- deyir, – qalan yerləri də oliqarxlar ələ keçiriblər, pambıq-zad əkir, sürülər saxladırlar. – Arada dönüb gülə-gülə müstəntiqə sarı boylanır: – Yazıqların pulları yoxdu, ona görə gedib pambıq əkir, qoyun-quzu saxlayırlar. Yetim adamam, məni sıxışdırdılar, sıxışdırdılar… sürünü satıb gətirib qoydum “Mərasim evinə”. – Nə “Mərasim evi”? – deyə soruşuram. – “Mərasim evi” də, görmürsən az-çox pulu olannnarın hamısı indi “Mərasim evi” tikdirir, birini də məın tikdirdim – indi ən rahat biznes ordadı. Qabaqlar, neft pulları sel kimi gələn illərdə, pulluların hamısı şadlıq sarayı tikdirirdi – evlənən çox idi ona görə. İndisə ölən çox olduğundan “Mərasim evi” tikmək sərfəlidi. Adamlar indi xəstəlikdən çox yoxsulluqdan ölür. Qıdı kirvə demiş: neftinə bol, qazına bol.Sonra da Azpetrol- yaxşı yol!..
Arxadan gələn KAMAZın sürücüsü nəyə görəsə bərkdən siqnal verdi, sonra da bizi yelli ötüb keçdi. O: – Nə var, ay eşşək, nə anqırırsan! – deyə, KAMAZın sürücüsünü yağlaşdırandan sonra yenə dönüb müstəntiqə sarı boylandı: – Düz demirəm, cənab müstəntiq? – Bilmək olmurdu o bunu “Mərasim evi”ylə bağlı söhbətinə görə soruşurdu, yoxsa, KAMAZın sürücüsünə görə. Müstəntiq könülsüz, lap candərdi dilləndi: – Düz deyirsən.
Məncə, sahə polisinin danışdıqları müstəntiqi ilgiləndirmədiyindən o eləcə, başdansovdu “düz deyirsən” dedi. Görünür, müstəntiqin “düz deyirsəni” sahə polisinin ürəyinə yağ kimi yayıldığından üzünü sevincək mənə tutdu: – Biz bölmədə ən yaxın dostlarıq, mən indi elədiyim söhbəti başqalarının yanında eləyə bilmərəm: adamı o saat satarlar.
Pulumun oğurlandığı gün düşdüyüm dayanacağa çatıb, dayandıq. Sahə polisi qabaqca müstəntiqə harda durub çəkiliş aparmalı olduğunu göstərdi, sonra məni avtobusların dayandığı yerə yaxın aparıb dedi:
-Deməli, sən burda avtobusdan düşmüsən, elə burdaca əlini cibinə salıb pulunun oğurlandığını görmüsən. Bax, əlini ora uzat, elə bil avtobusdan düşdüyün yeri göstərirsən. Əlini uzadan yerdə müstəntiq səni kameraya çəkəcək.
-Çəkiliş burda, yox, yolun o üzündə olmalıdı, – deyə, onları yolun o biri üzünə keçirmək istəyirəm. – Mən sizə dedim, axı, pulun oğurlandığını yolun o üzündə, qardaşımgilə çatanda bildim. Odey, bax, o görünən, yolun lap qırağındakı ev qardaşımındı.
Sahə polisi gülümsünərək əlini çiynimə qoyur: – Müəllim, gör sənə nə deyirəm, mən sənin qardaşını da, qardaşının evini də yaxşı tanıyıram. İş bilirsən nədədi? Soruşuram: -Nədədi? – Bilirsən, müəllim, yolun o üzü Binəqədi rayonuna düşür, oralarsa mənim ərazimdi. Yolun bu üzü, müəllim, Nərimanov rayonunun ərazisi sayılr. – Onun danışığından nəsə anlamadığımdan soruşası oluram: – Nə olsun? – O olsun ki, müəllim,- deyir,- biz indi burda belə çəkiliş aparacaq, sora çəkilişi sənədləşdirəcək, sora da materialı göndərəcük Nərimanovdakı 116-cı polis bölməsinə.
-Siz məni dolamısız, ələ salırsız! – deyə özümdən asılı olmadan qışqırıram: – Yasamaldan Binəqədiyə, Binəqədidən Nərimanova! Sora hara, hansı rayona? Deməli, siz bu cür “ötür-ötür” oyunu oynayıb adamlara kələk gəlirsiz?! – Ay müəllim, səsini qaldırma, toxta görək, – deyə, – sahə polisi dayanacaqda dayanmış adamlara baxa-baxa astadan danışmağa başlayır: – Müəllim, vicdan haqqı, burda aldatma, kələk-zad söhbəti yoxdu, dayan, hirslənmə, qoy mən sözümü axıracan deyim. Belədi, 116-cı polis bölməsinin rəisi bilirsən kimdi? Ramil Usubovun qardaşı oğlu Hikmət Usubov. Ramil Usubov kimdi? Daxili işlər naziri. Mən kiməm? Yetimin biri, kasıb bir sahə polisi. Camaatda da qabakı kimi pul yoxdu, kimnən nə issəsən ala biləsən. Ancaq, oların, Usubovların, nələri yoxdu?! Bax, biz elə elyəcög sən pulunu olardan artıqlamasıynan alacaqsan. Lap yaxşı da eləyəcəksən! Ancaq, indi əlini bax, ora üzat. Sən mənim canım incimə, mən gərək sənə o iki yüz nanatı balalarımın boğazınnan kəsib verəm, ancaq, olar… 20 ildi bütün ölkə oların əlindədi. Özü də gərək allahtərəfi danışasan, Hikmət yaxşı oğlandı – sənin iki yüz manatını cibinnən də olsa, çıxardıb verəcək. Hə, eloğlu, sənin mənə yaxşılığın bu olar… maşallah, uzun da qolların var, uzad əlini ora, – üzünü müstəntiqə çevirir, – sən çəkməyində ol, yaxşı çək, elə çək, baxan kimi bilinsin bura 116-cı bölmənin ərazisidi – burasını gülə-gülə deyir…
Onun adı Əzənqulu idi. Belə ad eşitmədiyimi, bunun nə demək olduğunu soruşuram. Gülə-gülə: “Rəhmətliyin oğlu, – deyir, – bu yaşa gəlib çatmışam, hələ özüm də adımım nə demək olduğunu bilməmişəm, sən indi onu bu qaçaqaçda öyrənmək istəyirsən? – Sonra əlimi tutub bərk-bərk sıxır:-Arxayın ol, müəllim, Hikmət sənin pulunu artıqlamasıynan verəcək, onların pulu elə çoxdu, qurtaran deyil. Sağlıqla qal!
Aradan ayyarım keçmiş məni 116-cı polis bölməsinə çağırdılar.
Növbətçi polis koridorun o başını göstərdi:
-Lap axırda soldakı qapı.
Balaca, tör-töküntülü bir otaq. Bir stol, stol arxasında polisdən çox bazar adamına oxşayan, gözü-başı qaynayan, polis geyimində olmayan orta boylu bir Məhərrəm. Arxasındakı divarda dədə-bala Əliyevlərin yekə portreti. Stolun üstü, qarşısı səpələk kağız-kuğuzdu. Adamın üst-başından da, yan-yörəsindən də pintilik yağır. Məni başdan ayağa süzüb kobud bir davranışla:
-Otur, – deyir.
Adımı, soyadımı, nədən ötrü gəldiyimi bildirirəm. Pionino çalırmış kimi stolu taqqıldadır, aşağı-yuxarı, ora-bura göz gəzdirib dillənir:
-Pulun ha vaxt oğurlanıb?
-Avqust ayında.
-Hə, deməli, avqust ayında. İndi hansı aydı? İndi noyabr ayıdı. Noyabrın axırı. Demək olar, dekabr – ilin sonu. Gəl belə danışaq… Mən sənə yüz manat verim, düzəlişək…
Sinirlənib özümdən çıxıram:
-Nə “düzəlişək”?! Bura bazardı?! Yox bir: danışaq… “düzəlişək”… alver eləyək…
Mənim birdən-birə sinirlərib özümdən çıxmağım, səsimi qaldırmağım ona azacıq da etki göstərmir, arxayınlıqla, səsnin tonunu dəyişmədən deyir:
-Ağsaqqal, hirslənmə, mən bilirəm nə deyirəm. İndi ilin axırıdı, cənab nazirin göstərişinə uyğun olaraq biz il boyu açılan-açılmayan bütün işləri bağlayıb arxivə verməliyik.
-Açılmayan işləri də?
-Hə, açılmayan işləri də.
-O necə olur elə? Açılmayan işləri də açılmış işlər kimi arxivə vermək nə deməkdi? Bu qanunsuzluq deyil?
-Qanunsuzluq niyə olur?! Bu da belə qanundu – arxiv qanunu!
-Buna görə də sən mənə 200 manat yerinə 100 manat verirsən, hə?
-Hə, buna görə. Qanuna qalsa, mən bu pulu sənə verməyə də bilərəm, ancaq rəis tapşırıb, deyib: “yola ver, getsin”. Bizim rəis çox yaxşı adamdı. Onun bizə tapşırığı belədi: kimsə bölmədən narazı getməməlidir. Axı, o nazirimizin qardaşı oğludu.
Yaxşı, onda mən gedib rəislə görüşəcəm, onnan pulumun hamısını alacam, – deyib, ayağa dururam. Mənim gerçəkdən rəisin yanına getmək istədiyimi görüncə o, tez qalxıb qabağımı kəsir.
-Rəis burda yoxdu.
Davranışından onun yalan danışdığı görünür. Bilinir: o mənim rəislə görüşməyimi istəmir. Demək, arada nəsə var. Ola bilsin, rəis 200 manatı verib məni hay-küysüz yola salmağı tapşırıb, bu Məhərrəm isə məndən 100 manat qazanmaq istəyir.
-Rəis burda yoxdu, olsun, – deyirəm, – onda gedib nazirlə görüşərəm. Nazir nə də olsa, mənim pulumu kəsməz.
-200 manatdan ötrü nazirlə görüşəcəksən? – deyə, – o, yumşaq səslə soruşur.
-Görüşəcəm, – deyirəm, – gedib görüşəcəm. Mən oğurluq yolla pul qazanmıram, onu oğru-əyrilərə, dələduzlara yedirdim. Nazir pulumu olduğu kimi qaytarmasa, prezident var – pulumu prezidentdən alacam.
Məhərrəm üzümə mat-mat baxıb məni qucaqlayır, yalvar-yaxarla qaytarıb bayaqkı yerimdə oturdur.
-Müəllim, sən burda rahat otur, mən bir dəqiqəyə qayıdıram.
Çıxıb harasa gedir, aradan 2-3 dəqiqə keçmiş qayıdıb gəlir. Yerinə keçib oturmaq istəyirkən cib telefonu zəng çalır. Ayaq üstəcə telefonla sevincək danışmağa başlayır:
-Sənmisənmi, ceyranım? Nə yaxşı, nə yaxşı! Vicdan haqqı, bayaqdan sənə zəng eləmək istəyirəm… Niyə eləmirəm? Vaxt yoxdu, ilin axırıdı, əlimdəki işləri təhvil verməliyəm… İnanmırsan? Mən indi səni necə inandırım? Bu gün gələcəm… Vicdan haqqı gələcəm… O nə sözdü, a ceyran, vicdan bir polisdə, bir də… bir də ingilisdə! – Sonra da harda olduğunu unutmuş kimi “Bakılı balasıyam” mahnısının sözlərini dəyişib oxuyur: – Şuşalı balasıyam, Şuşalı balasıyam, Şuşada doğulmuşam… Bakıda qalasıyam. Nətəridi, yaxşıdı? Qalanını gəlib sənin gözünün qabağındaca oxuyacam. Yaxşı, di, sağ ol! – Telefonu stolun üstünə atıb, uzun-uzadı mənə baxır, handan-hana dillənir: – Hə, müıəllim, gəl 150 manatla düzəlişək.
Bir az duruxub durur, özümü düşünən kimi göstərir, sonra könülsüz dillənirəm:
-Yaxşı.
Sevincək qarşıma kağız, qələm qoyur.
-Pulu aldığını yaz.
-Necə yazım?
-İndi deyəcəm.
O deyir, mən yazıram. Arada azacıq başımı qaldırıb ona baxıram. Özünü dartıb durmaqla mənə diktə eləyir. Birdən qələmi stolun üstünə tullayıb, əlimi ovuşdururam.
-Nə oldu? – soruşur.
-Barmaqlarım yoruldu, – onun mənə quşquyla baxdığını görüb deyirəm: – Əl kompüterdə yazmağa öyrəşəndən sonra qələmlə yazmaq çətin olur, barmaqlar tez yorulur.
O, mənə tərs-tərs baxıb, əlini şalvarının cibinə salır, ordan bir yüzlük, bir əllilik çıxarıb mənə uzadır:
-Al, gerisini yaz, indi barmaqların yorulmayacaq.
Pulu alıb köynəyimin cibinə qoyuram, cibimi düymələyəndən sonra qaldığım yerdən başlayır, arxayınçılıqla yazının ardını yazıram. O, düz anlamışdı: mən onun yazını yazdırıb qol çəkdirəndən sonra 50 manatı verməyəcəyini düşünmüşdüm. 200 manatın 150 manata çevrilməyinə gəlincə, bunu qabaqcadan düşünmüşdüm: “Polis pulumu olduğu kimi qaytarmayacaq – bacardıqca daha çox almağa çalışmalıyam, ən azı 150 manat. Cəhənnəmə, – düşünmüşdüm, – 50 manat üstünə qoyub, borcu qaytararam”.
Evə dönüb, 150-nin üstünə 50 də qoyub borcu qaytardım. Sonra da Ruslanla görüşüb söhbətləşmək üçün yolumu onun köşkündən saldım. Ruslanın yerində ona oxşar bir oğlan durmuşdu. Qardaşı idi. Ruslanı soruşdum. Oğlan tutuldu, azca duruxub: “Ruslan astma xəstəsiydi, bir yandan da onu bu köşkə görə incidirdilər… dözmədi…”, dedi.
Ruslan mənə demişdi: “Müəllim, məni burda çərlədib öldürəcəklər: köşkümün yerinə yeni köşk qoymaq üçün mənnən 2 min manat istəyirlər. Yoxsa, deyirlər, səni bu köhnə köşkün qarışıq götürüb atacıyıq. Balalarımı gücnən saxlayıram, 2 min manatı hardan alım?!”
Bir neçə ay sonra Ruslanın köşkünü götürb aparmışdılar. Köşkün yeri elə eləcə qalırdı. 10-15 metr aralıda yeni köşklərdən qoymuşdular. Yeni köşkün satıcısı başqası idi.
17.01.2018