11:29
İstanbulda rəsmi nəticələr açıqlanmadan özünü bələdiyyə sədri elan edən CHP namizədi Əkrəm İmamoğlu İzmirdə qələbə qazanan Tunç Soyerlə birlikdə təşkil edəcəyi qələbə tədbirini – “Xalq görüşü”nü ləğv edib.
Müstəqil.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Tunç Soyer tədbirin təxirə salınmasına səbəb kimi İmamoğlunun İstanbuldakı gərgin qrafikini göstərib.
Türkiyədə bir sıra ekspertlər isə İmamoğlunun tədbiri təxirə salmasının arxasında etirazlardan sonra səslərin yenidən sayılması ilə birlikdə səs fərqinin azalmasının dayandığını bildirib.
Belə ki, ötən gün Bakı vaxtı ilə saat 19:45-də CHP-nin məlumat bazasına əsasən nəticələr bu cür olub: Əkrəm İmamoğlu – 4 milyon 170 min 939 səs (48.80 faiz), Binəli Yıldırım – 4 milyon 150 min 899 (48.56 faiz).
Sözügedən nəticələr saat 23:00-da dəyişib. Etibarsız hesab edilən səslərin də yenidən sayılmasından sonra Əkrəm İmamoğlu 4 milyon 171 min 87 səs, Binəli Yıldırım isə 4 milyon 151 min 448 səsə sahib olub. Aradakı fərq 19 min 639-a enib.
Qeyd edək ki, artıq İstanbulun Fatih ilçəsində səslərin yenidən sayılması prosesi başa çatıb. Ümumilikdə isə 19 ilçədə səslər yenidən sayılır.
Ə.İmamoğlu mediaya açıqlamasında CHP-nin təkrar sayımla bağlı haqlı etirazlara qarşı olmadığını, yalnız haqsızlığa etiraz etdiyini bildirib. O, həmçinin qeyd edib ki, təkrar sayımda səs fərqinin azalmasını izləyirlər və bu, onların seçki qərargahında da araşdırılır.
“Təkrar sayım nəticələrə təsir etməyəcək”, – İmamoğlu əminliklə deyib.
***
AKP-nin Ali Seçki Qurumundakı təmsilçisi Rəcəb Özəl İstanbulun bəzi ilçələrində səslərin sayılması prosesinin tamamlanmasından sonrakı vəziyyətlə bağlı açıqlama verib.
“Hazırda səs fərqi 29 mindən 19 minə enib. Bütün İstanbul sayılsa, Binəli Yıldırım qalib gələr”, – Özəl bildirib.
Xatırladaq ki, bu gecə AKP sədrinin müavini Həmzə Dağ “Aradakı fərq azalır, Binəli Yıldırımın önə keçməsinə çox az qaldı” deyə bir tvitlə gündəm yaratmışdı.