Tələbələri ilə bir masada əyləşib nahar etməyi bacaran rektor…

Tələbələri ilə bir masada əyləşib nahar etməyi bacaran rektor…

Amerika Birləşmiş Ştatlarında yaşayarkən Miçiqan ştatının sakini, Amerikanın ilk ürək cərrahlarından biri, İran azərbaycanlısı, həkim Şapur Ənsari ilə ailəvi dostluq edirdik. Evində elə bir məclis olmurdı ki, məni dəvət etməsin. ABŞ-da məskunlaşan çox zəngin və imkanlı soydaşlarımızdan biridir.

Bakıdan olduğum üçün, bu qocaman həkim hər məni görəndə köhnə dostu barəsində xoş xatirələrini bölüşürdü. Onun barəsində ağız dolusu danışaraq, bir şəxsiyyət kimi elə xarakterizə edirdi ki, heyran qalırdım. Deyirdi ki, çox alicənab, kübar, yüksək intellektli, uzaqgörən, müdrik, təvazökar, ağayanə insandır…
O, 1941-ci ildə Bakı şəhərində dünyaya gəlib. Uzun illər AMEA-nın Fizika İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Fizika elmləri doktorudur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Amerikada ölkəmizin ilk elçisi olub. Daha doğrusu, 1992-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-da, o cümlədən Meksika və Kanadada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyib. 2006-cı ildə Xarici işlər nazirinin müavini və nazirliyin Diplomatik Akademiyasının rektoru vəzifələrinə təyin olunub. Bir neçə il bundan öncə Xarici işlər nazirinin müavini postundan istefa versə də, hazırda “ADA” Universitetinin rektoru vəzifəsində çalışır…
Deyir ki,- “İlk dəfə 1975-ci ildə elmi araşdırmalarla bağlı Amerikaya yolum düşəndə 34 yaşım vardı, gənc idim. Təsəvvür edin, qapalı Sovet İttifaqından Amerika kimi demokratik, rəngarəng bir ölkəyə düşürsən və burada bir il yaşamaq şansın olur. Adam heyrətlənməyə bilmir. Axı yeniyetmə çağlarımdan Amerikaya musiqi mədəniyyətinin, daha doğrusu CAZın beşiyi kimi rəğbətim vardı”…
Məktəb illərindən caza böyük həvəsi olub. Xüsusi zövqlə radiodan izləyər, musiqinin bu janrı ilə bağlı müxtəlif mənbələrdən məlumatlar toplayardı. İlk dəfə ABŞ-da yaşadığı müddətdə isə caz musiqisini əks etdirən xeyli qrammofon valları alıb vətənə gətirmişdi…
Aradan on altı il ötəndən sonra, 1992-ci ildə yenidən Amerikaya dönür. Bu dəfə Azərbaycan Respublikasını təmsil edən fövqəladə və səlahiyyətli səfir kimi. Onun üçün Amerika artıq yaxından tanıdığı bir ölkə idi. Necə deyərlər, Amerikanı çoxdan kəşf etmişdi…
İlk səfirimiz ABŞ-a gedənədə nəinki sadə amerikalılar, heç dövlət məmurları da Azərbaycanın mövcudluğundan xəbərsiz idilər. Bu ölkənin xəritədə harada əks olunduğunu belə bilmirdilər. Söylədiyi kimi, köhnə təcrübə yeni şəkildə özünü büruzə verdi. Uğur ardınca uğur gətirdi. Düz on dörd il bu vəzifədə çalışdı. Azərbaycanı okeanın o tayında şərəflə, ləyaqətlə təmsil etdi. Ölkəmiz ABŞ-ın dövlət strukturlarında tanınmağa başladı. Konqresmenlər, senatorlar, dövlət adamları, müxtəlif böyük şirkətlər Azərbaycana ayaq açdılar…
Deyir ki,- “Orta məktəbdə oxuyanda dəqiq elmlərdən qiymətlərim yüksək idi. Amma ədəbiyyatdan, tarixdən elə də yaxşı deyildi. Məktəbi bitirəndə atam mənə humanitar sahəni seçməyimi tövsiyə etdi. O vaxt əksər ədib və yazıçıların övladları humanitar elmlərə meyilli idilər. Mən isə qəti şəkildə bildirdim ki, fizik olmaq istəyirəm. Atam qərarıma hörmətlə yanaşıb, bir söz söyləmədi”…
Fəqət, genlə ötürülən istedad gec-tez özünü büruzə verir. İki kitab müəllifidir. İlk əsəri, “Bir səfirin manifesti” kitabı Amerikada yaşayıb çalışdığı illərdə şahidi olduğu hadisələrin, diplomatik gedişlərin, qazanılan uğurların təcəssümüdür. Bu kitabda Onun ömrünün müəyyən bir hissəsi öz əksini tapıb. Uzun illərdir ki, rəsm və dostluq şarjları çəkir. Amma nədənsə, buna xobbi kimi baxır, üzə çıxarmır…
Haqqında söhbət açdığım Hafiz Paşayev sözün əsl mənasında kamil insandır. Yüksək mədəniyyəti, kübar davranışı, mülayim rəftarı ilə seçilir, insanlara qayğı ilə yanaşır. Səmimi və dürüst adamdır. Hakim ailənin doğması olsa da, adı heç zaman neqativ istiqamətdə hallanmır. Sadə, mehriban və təvazökardır. İnsanlara yuxarıdan aşağı baxmır. Heç təsadüfi deyil ki, tələbə yeməkxanasında tələbələri ilə bir masada əyləşib, nahar etməyi bacarır, bunu özünə əskiklik bilmir. Bu onun zəngin dünya görüşündən və alicənablığından irəli gəlir…
Elman Eldaroğlu
Share: