Azərbaycan Dövlət Film Fondunda tanınmış kinoaktyor Tələt Rəhmanovun xatirə gecəsi təşkil olunub.
Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Tələt Rəhmanovun mənsub olduğu ziyalı ailə haqqında müxtəlif faktları səsləndirərək, bu ailənin əksər üzvlərinin vaxtilə repressiya qurbanı olduqlarını qeyd edib. Eyni zamanda aktyorun Bakı kinostudiyasında fəaliyyətə başlamasının tarixçəsini və bərabər çalışdıqları filmlərdə baş vermiş xatirələri danışıb.
Xalq artisti, kinoaktyor Rasim Balayev “Babək” filminin ağır çəkilişlərinin həyata keçirilməsində Tələt Rəhmanovun xüsusi xidmətlərindən və çəkiliş əsnasında baş verən maraqlı hadisələrdən bəhs edib.
Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov aktyorla “Sehrli xalat” filminin çəkilişlərində tanış olduğunu və əməkdaşlıqlarının sonralar da davam etdiyini vurğulayıb.
Tədbir boyu Tələt Rəhmanovun çəkildiyi filmlərdən fraqmentlər tamaşaçılara təqdim olunub.